Azərbaycan Universiadada ilk medallarını qazandı

Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasının ilk günündə Azərbaycanın 4 cüdoçusu mübarizəyə qoşulub.

Ilkxeber.org cbcsport.az saytına istinadən xəbər verir ki, 66 kq-da çıxış edən Yaşar Nəcəfov 1/6 final mərhələsində qırğızıstanlı Musa Şabdanbekov, 1/8-də niderlandlı Van Gervenə qalib gəlsə də, 1/4 finalda qazaxıstanlı Zubatxan Sunqata məğlub olub. Cüdoçumuzun rəqibi finala yüksəldiyinə görə o, təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Nəcəfov burada cənubi koreyalı Jaong AN üzərində qələbə qazanaraq 3-cü yer uğruda mübarizədə iştirak hüququ qazanıb. Təmsilçimiz bürünc medal görüşündə tacikıstanlı Şahboz Saidaburrorova qalib gələrək universiadanın bürünc medalına yiyələnib.

60 kq-da Kənan İsmayılov ilk görüşdə qələbə qazansa da, 1/8 final mərhələsində mübarizəni dayandırıb.

Qadınların mübarizəsində isə 48 kq-da çıxış edən Leyla Əliyeva yarışlara 1/8 final mərhələsindən qoşulub. İdmançımız burada Monqolustandan olan Xuslen Enxcarqalı ipponla məğlub edib. 1/4 finalda yerli cüdoçu Si Yana məğlub olan Əliyeva rəqibi finala çıxdığından təsəlliverici görüşə vəsiqə əldə edib. Burada Leyla fransız Jü Melani üzərində qələbə qazanıb. 3-cü yer uğrunda qarşılaşmada isə idmançımız cənubi afrikalı Mikayela Vaytboini ipponla məğlub edərək bürünc medal qazanıb.

52 kq-da çıxış edən Gültac Məmmədəliyeva 1/8 finalda italiyalı Kenya Pernaya qalib gəlsə də, 1/4-də Özbekistan təmsilçisi Gülxayo Yurayevaya məğlub olaraq yoluna təsəlliverici görüşdə davam edib. Məmmədəliyeva burada fransız Vel Julidən üstün olub. Bürünc medal görüşündə isə cüdoçumuz almaniyalı Annika Vurfelə məğlub olaraq yarışları medalsız başa vurub.