Ərdoğandan İstanbuldakı terror aktı ilə bağlı SON DƏQİQƏ açıqlaması – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyaya yola düşməzdən əvvəl mətbuat konfransı keçirib. 

Ilkxeber.org xəbər verir ki, Türkiyə lideri bu gün İstanbulun İstiqlal prospektində törədilən terror aktına münasibət bildirib.

"Bu gün saat 16.20-də İstiqlal prospektində baş verən bombalı hücumda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm", - deyə Ərdoğan bildirib. 

Türkiyə Prezidenti sözlərinə belə davam edib: 

"Türkiyəni və türk millətini terrorla ələ keçirmək cəhdləri dünən olduğu kimi, bu gün də, sabah da hədəfinə çatmayacaq”.

Ərdoğan İstiqlal prospektində baş verən partlayışda 6 nəfərin öldüyünü, 53 nəfərin yaralandığını bildirib: 

"Millətimiz İstiqlal prospektində baş verən hadisənin səbəbkarlarının layiq olduqları cəzanı alacağına əmin olmalıdır. Dövlətimizin müvafiq qurumları bu alçaq hücumun səbəbkarlarının və arxasında duranların üzə çıxarılması üçün işlərini davam etdirir".

Ərdoğan açıqlamalarından sonra jurnalistlərin suallarını cavablandırıb. 

Türkiyə lideri Beyoğludakı partlayışın terrorla əlaqəsi ilə bağlı sualı cavablandırarkən bu sözləri deyib: 

"Əminliklə bunun terror olduğunu desək, səhv ola bilər, amma ilk gəlişmələr, valiliyin bizə verdiyi ilk məlumat göstərir ki, burada terror qoxusu var. İlkin təsbitlər hadisədə bir qadının rolunun olduğunu göstərir. Araşdırmalar davam edir. Son qərarı incələmələrdən sonra verəcəyik".