Fitnes məşqçisi Kamil Zeynallı:Anar Ələkbərov zəng elədi, dedi ki... - Video

Baş verənləri film, yuxu kimi təsəvvür edirəm. Hadisələr necə baş verdi, məni necə sürətli şəkildə ölkəyə qaytardılar, hələ onun təsirindəyəm.

Axar.az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında bu gün səhər saaatlarında Bakıya qayıdan Kamil Zeynallı deyib.

“Bir daha dövlətimizin gücünü gördük. Ən çox ailəmə görə narahat idim. Mən kişi xeylağıyam, çətinlik kişi üçündür. Hər bir çətinliyin öhdəsindən gəlmək olar, amma fikir çəkən anadır, yaxınlardır.

Çox çətin proseslər oldu. Evə gəlib çıxacağımı düşünmürdüm. Özümə, dövlətimə güvənirəm. Amma hər şeyin belə tez həll olunacağını bilmirdim. Ali Baş Komandanımıza, Anar Ələkbərova, Heydər Əliyev Fonduna, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Rusiyadakı səfirliyimizə, Polad Bülbüloğluna təşəkkür edirəm.

Düşünürdüm ki, artıq həbsə gedirəm. Məsələ də o idi. Amma dövlətimiz sağ olsun, əl qoymasaydı, məni həbsə göndərəcəkdilər. Orada prokuror mənə dedi ki, səni Ermənistana göndəririk. Mən də videonu çəkdim ki, xəbərdar olsunlar, kömək eləsinlər. MDB ölkələrinin heç birinə girə bilmərəm. Bunun da səbəbi müharibə vaxtı əsgərlərimizə, dövlətimizə bir vətəndaş kimi köməyim idi. Müharibə vaxtı bəzi videolarıma görə 2020-ci il sentyabrın 29-da cinayət işi açmışdılar. 2023-cü ilin iyun ayında isə axtarışa vermişdilər. Amma ad-soyadımda səhvlik olduğu üçün dekabrda iki dəfə Rusiyada gedəndə məni saxlamışdılar. Daha sonra pasportumu qaytarmışdılar ki, hərflər uyğun gəlmir.

Müharibədən əvvəl də Rusiyada azərbaycanlılarla ermənilər arasında baş verən iğtişaşların başçısı kimi məni göstəmişdilər. Telefonu təhvil verəndə sonuncu dəfə Anar Ələkbərovla danışdım. O da dedi ki, möhkəm ol, dövlət sənin yanındadır”, - Zeynallı bildirib.