Azərbaycan mədəniyyətinin təbliğində elektron medianın rolu

Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsindəki qazanılmış təcrübələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Bu səbəbdən də hər şeydən əvvəl və hər sahədə, o cümlədən mədəniyyət siyasəti sahəsində mədəniyyətin təsbiti mövzusuna üstünlük verilməlidir. Milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir.

Mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, millimənəvi dəyərlərimizə istinad edərək həyata keçirir.

Dövlətimizin belə bir demokratik mədəniyyət siyasəti xətti tutduğuna və müasir dünya mədəniyyətinə inteqrasiya olunduğumuza görə, mədəniyyətimizin özündə böyük bir dəyişiklik etmədən, yəni mühafizə edilməsi zəruri olan milli şəxsiyyətimizi təşkil edən xarakterik keyfiyyətlərimizi budamadan, milli-mənəvi dəyərlərimizə xələl gətirmədən, təcrübəyə və elmin mütərəqqi nailiyyətlərinə söykənərək, forma dəyişikliklərini şüurlu surətdə aparmaq məcburiyyətində olduğumuzu qəbul etməliyik. Bu gün istəsək də, istəməsək də qloballaşma hərəkatından, mədəni inteqrasiya prosesindən kənarda qala bilmərik. Bu prosesin müsbət cəhətlərinin cəmiyyətimizin mədəni tərəqqisinə xidmət etdiyini danmamaq şərti ilə, neqativ təzahürlərinin qarşısını almaq barədə də düşünməliyik.

Bütün dünyada, o cümlədən Azərbaycan Respublikasında mədəni quruculuq məsələləri, mədəniyyət sahəsində inkişafın təmin edilməsinə dair problemlər bir çox kulturoloqların, tarixçilərin, filosofların, filoloqların, sənətşünasların, psixoloqların, sosioloqların, politoloqların, pedaqoji sahə mütəxəssislərinin diqqətini cəlb etmişdir. Mədəniyyət sahəsində siyasətin uğurla həyata keçirilməsinə dair araşdırmalarda bir sıra suallara cavab axtarılmış, müasir çağırışlara cavab olaraq mədəniyyətin təbliğində elektron informasiya resurslarından istifadənin üstünlüyü əsaslandırılmışdır. Ölkəmizdə artıq bu sahəyə ciddi fikir verilir və demək olar ki, bütün elektron informasiya resurslarından istifadə edilməklə Azərbaycan mədəniyyətinin təbliğinə yer ayrılır.

Azərbaycan mədəniyyətinin təbliğində sözsüz ki, radio başlıca yer tutur. Son vaxtlar özəl FM radiostansiyaları da inkişaf etmiş və bu sıraya qoşulmuşdur. Radioların əksəriyyətinin gün boyunca efirdə olması artıq kifayət qədər təsir gücünə qadir olduğunu sübut edir. Dövlət radiosu öz verlişlərini iki ümummilli proqramda gerçəkləşdirir. Bundan əlavə, həmin proqramlar gün ərzində ərəb, fars, fransız, ingilis və b. dillər də daxil olmaqla bir neçə dildə xaricə kiçik həcmdə verilişlər translyasiya edir. Sovet dövründən fərqli olaraq, xarici radiostansiyaların (“Azadlıq”, “Amerikanın səsi”, “Bi-Bi-Si” və b.) Azərbaycan və rus dillərində verilişləri respublika hüdudlarında sərbəst translyasiya edilir.

Azərbaycan televiziya bazarında yerli dövlət və özəl şirkətlərlə yanaşı türk və rus kanalları fəaliyyət göstərir. Özü də türk və rus kanalları bütöv televiziya günü rejimində transliyasiya edilir. Bu vəziyyət ictimaiyyətin bir qismində müəyyən narazılığa səbəb olur, onlar belə hesab edirlər ki, yaranmış praktika milli maraqlarla daban-dabana ziddiyyət təşkil edir. Hərçənd, reklam bazarının yenidən bölüşdürülməsilə bağlı versiya da mövcuddur, çünki əzəldən Azərbaycanda populyar olan Rusiya kanalları tamaşaçı auditoriyasının xeyli hissəsini özünə cəlb edir. Sərhəd rayonlarında İran, Gürcüstan və Ermənistan kaanallarını sabit şəkildə tutmaq olur.

Televiziya verilişləri fəaliyyəti 2000-ci ildə qəbul edilən “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunla və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il tarixli “KİV-ə dövlət qayğısının gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə tənzimlənir. 90-cı illərin əvvəlindən etibarən Azərbaycanda bütün sahələrdə, o cümlədən mədəniyyət industriyaları sahəsində yeni texnologiyalar gur inkişaf etməyə başladı və qlobal internet şəbəkəsində şəbəkə layihələrinin işlənib hazırlanmasına başlanıldı. Həmin layihələr çərçivəsində Azərbaycan mədəniyyətinin yaranması və inkişafı tarixinə həsr olunmuş veb saytlarının da yaradılması nəzərdə tutulurdu.

Mədəniyyət sahəsində ilk şəbəkə layihələrindən biri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə İntrans şəbəkəsinin birgə yaratdığı http://www.culture.az veb saytı oldu. Əlbəttə, ilk saytlar istifadəçilərin kütləvi tələbatına hesablandığından, layihələrin əksəriyyəti Azərbaycan ifaçılarının musiqi arxivlərinin şəbəkədə yerləşdirilməsinə yönəldilmişdi. Azərbaycan “İnternetində” (“Azərinet”də) musiqi arxivlərinin toplandığı və sistemləşdirildiyi bir neçə şəbəkə layihəsi həyata keçirilmişdir. Onların arasında http://www.bakililar.az və http://www.azerimusics.com kimi saytlar vardır.

1998-ci ildən etibarən peşəkar səviyyədə tərtib edilən, müəyyən janr çərçivələrinə uyuşan, tam şəkildə fəaliyyət göstərən, bədii dəyərlərə, estetik zövqə, məna dolğunluğuna malik olan və getdikcə daha geniş nüfuz qazanan, yalnız Azərbaycanda deyil, həmçinin bütün dünyada peşəkarların diqqətini cəlb edən saytların yaranması fəal inkişaf etməyə başlamışdır. Bu kateqoriyada ən perspektivli və uğurlu saytlar, heç şübhəsiz, “Musiqi Dünyası” jurnalı tərəfindən yaradılan layihələrdir. Diqqətəlayiq hadisədir ki, bu saytların yaradılması, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi IATP (Internet Training and Access Program) proqramı tərəfindən dəstəklənmişdir. Adı çəkilən saytlar arasında: “Musiqi dünyası” jurnalının http://musigi-dunya.az saytı; http://composers.musigi-dunya.az; http://diskografiya.musigi-dunya.az on-layn katoloqları və xatirə saytları – görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevə həsr olunmuş http://garagarayev.musigi-dunya.az saytı və tanınmış caz bəstəkarı və pianoçu V.Mustafazadəyə həsr olunmuş http://vagif.musigidunya.az. saytı vardır.

Azərbaycan incəsənətinə həsr olunmuş http://azeripaint.aznet.org; “Azərbaycan İnterneşnl” jurnalının http://azer.com; Azərbaycan rəssamlarının 1800-dən çox əsərinin toplandığı http://azgallery.org; Azərbaycan dili və ədəbiyyatına həsr olunan http://azeri.org; Musiqi Mədəniyyəti Muzeyinin http://www.citisight.com/baku/musculture.html; Azərbaycana dair turist soraq kitabçası http://5c.azeri.com/travel/culture.html saytlarını və həmçinin bəzi digər layihələri də öz məna bitkinliyi və tərtibat peşəkarlığı baxımından yuxarıda adı çəkilən saytlara aid etmək olar.

Azərbaycanda 2000-ci ildən etibarən internetdə mədəniyyət və incəsənətin inkişafı məsələlərinə mühüm yer ayrılan birgə Azərbaycan Portal İnkişafı layihəsi həyata keçirilməyə başlanmışdır. Ümumdünya Bərpa və İnkişaf Bankı tərəfindən maliyyələşdirilən bu layihə Azərbaycan cəmiyyətinin üç sektorunun – dövlət, özəl və vətəndaş cəmiyyəti sektorlarının qarşılıqlı fəaliyyəti əsasında həyata keçirilir. Sayt http://www.gateway.az ünvanında yerləşir və bir çox mütəxəssislərin rəyinə görə müəyyən müddətdən sonra bir növü Azərbaycan internetinin “mərkəzi”nə çevriləcəkdir. Portalda müxtəlif ictimai həyat sahələrinə dair materiallar, xəbərlər, həmçinin “azərinet”in böyük baza resursları təmsil olunmuşdur.

Təqdirəlayiq faktlardan biri də son iki ildə “azərinet”də müxtəlif qəzet və jurnalların çox sayda keyfiyyətli saytlarının meydana çıxmasıdır. Veb saytları yaradılması prossesinə dövlət strukturları da fəal qoşulmuşdur. Azərbaycan Respublikası Prezidentinin http://www.president.az; demək olar ki, bütün nazirlik və dövlət komitələrinin, Azərbaycan Respublikası səfirliklərinin (bunların arasında Azərbaycanın ABŞ-dakı və Rusiya Federasiyasındakı səfirliklərinin saytları da var) saytları yaradılmışdır. Bütün bunlar bilavasitə demokratikləşmə, şəffaflıq və dövlət strukturları haqda informasiyalara yol tapılması meyllərini əks etdirir. Azərbaycanın özündə yaradılan layihələrlə yanaşı mədəniyyət sahəsində bir neçə beynəlxalq şəbəkə layihəsi də mövcuddur. Onlardan ən mühümü Avropa Şurası və “ERİKarts” Mədəniyyət Sahəsində Müqayisəli Tədqiqatlar İnstitutunun “Avropada Mədəniyyət siyasəti: əsas faktların və tendensiyaların kompendiumu” birgə layihəsidir. Azərbaycanın Mədəniyyət Nazirliyi 1999-cu ildən həmin layihədə iştirak edir.

Mədəniyyət industriyaları gələcəkdə inkişaf üçün böyük potensiala malikdir. Rahat idarə edilə bilən bu sahə yaxşı təminat və mədəniyyət aləmi ilə tərəfdaşlığın müdafiə olunması şəraitində qarşılıqlı faydalı münasibətlər üçün zəmin yarada bilər.

 

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnnovasiyalara və İnkişafa Dəstək İB-nin həyata keçirdiyi "Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı saytın hazırlanması” layihəsi çərçivəsində hazırlanmışdır.