Teleradio Akademiyasında təhsil almaq üçün nə etməli? – Ən aktual suallara cavab

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında artıq yeni tədris ilinə start verilib.
İndiyə qədər akademiyanın 3 buraxılışı reallaşıb və xüsusi istedadı, intellekti ilə fərqlənən 40-dan artıq müdavim televiziya və radionun müxtəlif redaksiyalarında işlə təmin olunub.
Akademiyaya qəbulla bağlı QSC-yə və Teleradio Akademiyasına çoxsaylı suallar ünvanlanır.
Ən çox ünvanlanmış və ən vacib sualları Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov cavablandırıb:


-    Teleradio Akademiyasında təhsil almaq istəyən şəxs ilk növbədə nə etməlidir?


-    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyasının elan etdiyi müsabiqədə iştirak etmək istəyənlər doğma vətənimizlə bağlı müxtəlif mövzularda, o cümlədən, qalib xalqımızın 44  günlük Zəfər savaşı, Qarabağdakı bərpa-quruculuq işləri, Azərbaycanın regionda lider dövlətə çevrilməsi və digər mövzularda esse yazmaq bacarığı ilə yanaşı, tarix, coğrafiya, ədəbiyyat, iqtsadiyyat, mədəniyyət, məntiqlə bağlı qənaətbəxş səviyyədə biliklərə sahib olmalıdır. Dinləyici adını qazanmaq istəyənlər dünyada baş verən ictimai-siyasi proseslərdən xəbərdar olmalı, müsahibləri ilə rahat ünsiyyət qurmaq bacarığı nümayiş etdirməli, ümumi dünyagörüşü ilə bağlı müəyyən sualları cavablandırmalıdır. Qəbul prosesi ilə baglı məlumat almaq istəyənlər Akademiyanın rəsmi sosial şəbəkələrində paylaşılan elanlarla tanış olmaq üçün rəsmi səhifələrə abunə olmalıdırlar ki, vaxtaşırı verilən elanlardan xəbərdar olsunlar. Eyni zamanda AzTV və “Mədəniyyət” kanallarında dövri şəkildə efirə verilən sosial reklam çarxlarını izləmək tövsiyə olunur. Müsabiqədə iştirak etmək istəyənlər CV-lərini e-mail ünvanımıza (tvakademiya@aztv.az) göndərə bilərlər. Ətraflı məlumat almaq üçün əlaqə nömrəmizə (012-537-02-23) zəng vuraraq Tədris hissə müdirinə müraciət edə bilərlər.


-    Ali təhsili olmayan şəxs Akademiyada təhsil üçün müraciət edə bilərmi?


-    Müsabiqədə televiziya və radio müxbiri, araşdırmaçı jurnalist, redaktor, işıqçı, rejissor, musiqi tərtibatçısı, montaj, qrafika-dizayn və operator peşələrinə yiyələnmək istəyən 30 yaşına qədər, ali təhsilli şəxslər iştirak edə bilər. Montaj və operatorluq kurslarına qatılmaq istəyənlər üçün ali təhsil arzuolunan hesab edilir, lakin vacib şərt kimi nəzərdə tutulmur.


-    Seçimlər necə aparılır?


-    Seçimlərdə iş təcrübəsi, xarici dil bilikləri və məntiqi təfəkkürü ilə fərqlənən iştirakçılara üstünlük verilir. Teleaparıcılıq kurslarına qatılmaq istəyənlərin səlis nitq qabiliyyəti və xarici görünüşü efirə uyğun olmalıdır.


-    Seçimlərdə kimlər iştirak edir?


-    Seçim turları Akademiyanın əməkdaşları, eləcə də televiziya və radioda uzun illər çalışan peşəkar mütəxəssislərdən ibarət komissiya tərəfindən həyata keçirilir.


-    Akademiyanı bitirdikdən sonra dinləyici nə qazanır?


-    Akademiyanın peşəkar mütəxəssisləri və nüfuzlu təhsil müəssisələrindən, dövlət qurumlarından dəvət olunan müəllimlər, həmçinin əcnəbi mütəxəssislər tərəfindən keçirilən dərslərin dinləyiciləri peşə sirlərinə dərindən yiyələnmək məqsədilə həm nəzəri dərslərdə, həm də praktik məşğələlərdə iştirak edirlər.
Dərslər 3 ay ərzində, səhər növbəsində keçirilir. 2 ay nəzəri, 1 ay müddətində isə praktik məşğələ formasında həyata keçirilən təhsil ödənişsizdir. Kursu uğurla bitirən dinləyicilərə Akademiyanın sertifikatı verilir. Daha böyük uğur qazanan müdavimlər isə  “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV, “Mədəniyyət” və “İdman” kanalları, 105 FM radiosunda) çalışmaq şansı əldə edir. Hazırda Akademiyanın 4-cü buraxılışının dinləyiciləri üçün tədris davam edir. Əvvəlki 3 buraxılışın məzunlarından isə 40 nəfərdən artıq dinləyici işlə təmin olunub. Gələcəkdə bu istiqamətdə təşəbbüsün daha da genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Teleradio Akademiyası “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən tədris müəssisəsidir. 2010-cu il iyunun 14-də fəaliyyətə başlayan Akademiyanın maddi-texniki bazası və kadr potensialı tam formalaşdırılıb, çəkiliş və montaj avadanlığı quraşdırılıb, çəkiliş pavilyonları və səsyazma studiyaları yaradılıb. Akademiyanın yaradılmasında məqsəd ali təhsil bazası əsasında peşəkar teleradio mütəxəssislərinin hazırlanması, hazırda çalışan əməkdaşların ixtisaslarının təkmilləşdirilməsidir. tədris zamanı yerli və xarici mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Avropa ölkələri, eləcə də ABŞ-dan olan mütəxəssislər təcrübələrini bölüşmək üçün akademiyaya dəvət edilir. Son iki il ərzində bir çox ölkələrin nüfuzlu təhsil müəssisələri ilə (Nişantaşı, Sivas Cümhuriyyət universitetləri və s.) əməkdaşlıq həyata keçirilib və beynəlxalq əlaqələr getdikcə genişləndirilir.

Bu il təhsil müəssisəsinin tədris planına aparıcı-müxbir, redaktor, rejissor, montaj və operator peşələrinə əlavə olaraq musiqi tərtibatçısı, qrafik dizayner, araşdırmaçı jurnalist, səs rejissoru kimi peşələr əlavə olunub.