Məni göydən yerə endirənim Atam, məni yerdən göyə qaldıranım - müəllimim Atam, 1 il birlikdə iş yoldaşı olduğum Atam, yol göstərənim, böyüyüm Atam... Bu gün 8 gün oldu sənsizlik. Bilmirəm sənsiz daha da böyüdüm, yaşlandımmı, yoxsa tamam uşaqlaşdımmı?
Ürəyim doludur, ancaq yaza bilmirəm, Sənə layiq ola bilməməkdən qorxuram.
Elə bir ömür yaşamaq lazımdır ki, hər zaman yaddaşlarda, xatirələrdə sözün gözəl mənasında yaşaya biləsən. 53 il öz ömrünü maarif sahəsində, elm yolunda şam kimi əridən Atam, Sən dəbdəbəli, cah -calallı, maddi cəhətdən zəngin bir həyat yaşamasan da, mənəvi cəhətdən zəngin və həm də şərəfli bir ömür yaşadın. "Beşikdən qəbrə qədər oxumaq"ı mən səndə gördüm, canım Atam. Nə oxumaqdan bezdin, nə də işləməkdən, nə yorğunluqdan şikayət etdin, nə maddi sıxıntın olduğunda. Səbirli, təmkinli, əsl müəllim - pedaqoq, öyrənməkdən və öyrətməkdən usanmayan müəllimim - Atam.
Hər kəsin həyatı sanki lent üzərində yazılmış, çəkilmiş bir filmdir, lent qırılır, ömür bitir. Nələr olmur bu ömürdə. Hər kəs ən çox özü öz həyatının, öz filminin izləyicisidir. Hər kəsin görə bildiyi, bir də yalnız insanın özünün görə bildiyi kadrlar var bu filmdə. Atamın həyatı bu kadrlara şərəfli bir ömür yolu, şərəfli bir müəllim ömrü kimi həkk olundu.
Hər şey kino lenti kimi keçir adamın gözlərinin qarşısından: ilk müəllimim olması, 4 il atamın şagirdi olmağım, sonralar 1 il iş yoldaşı olmağımız... Ən çox xatırladığım isə: mən uşaq olanda məzuniyyətə gedərdi, qayıdanda sevincək olub qucağında oturardım. Bir də 1-ci sinfə gedəndə çanta ala bilməmişdi mənə, 1 - 2 həftə sonra mənə məktəbdə heç kimdə olmayan gözəl bir çanta almışdı.. .O qədər xatirələr var ki, bir ömürə bərabər... Daha təkbaşına xatırlayacağımız, atamsız danışacağımız xatirələr...
Qısa ömür yaşamadı Atam, amma çətin və ağrılı ömür yaşadı...
Uşaqlığından çox çətinliklər görmüş, atasız, anasız böyümüş ,aclıqlardan çıxmış, oxumaq, savadlanmaqla bu sınaqlardan üzüağ çıxan Atamın taleyinə, oğul toyu gözlədiyi zamanda , əksinə, oğul dağı yazıldı. Bu dağ elə bir dağ ki, onu analar anlada bilər. Atalar anlada bilməz, ürəkdə çəkər bu dərdi, bu dərdlə də köçərlər bu dünyadan, mənim nur üzlü Atam kimi...
Ağrılar içində olmasına baxmayaraq, hər gün ölkəmizdəki vəziyyətlə maraqlanırdı. Qardaşım qəhrəman döyüşçülərimizin Şuşanı azad etmələrini xəbər verəndə sevindiyindən hönkürtü vurub ağlamış, "Bəs Xankəndi...?" sualını da vermiş... Nə yaxşı ki, heç olmasa, Şuşanın azadlığına sevinə bildin, canım Atam...
Elə darıxıram səninçün, axşamlar insanın dərd ortağıdır, axşamlar daha çox yada düşürsən... Kəndə gedəndə daha çox axşamlar oturardıq yastığının yanında, Onur əllərindən, üzündən öpərdi dönə -dönə, "canım babam" deyə -deyə... Bu gedişimizdə isə səni öpdüyümdən xəbərin olmadı, canım Atam. Sanki yatmışdın , amma bu yuxu əbədi idi, əbədiyyətə qovuşduran yuxu idi. Qəbul etmək çətindir.
Əvvəlini unutduğum bir şeirin var, bu bəndi məni ağrldar, kövrəldərdi deyə, bircə bu bənd yadımda qalıb:
...Saməddinəm, çoxdu qəmim,
El - oba dostum, həmdəmim,
Axirətə üzür gəmim,
Toxunmasın daşa, ya Rəbb!
Öz diləyini misralara köçürən nur üzlüm - Atam, diləyin hasil olsun, əbədi dünyada əbədi məkanın cənnət, ruhun şad olsun.
P.S. Onur təsəlli verib mənə:
- Babamın dünyadan köçməsinə ağlamaq lazım deyil, çünki indi orada rahatdır babam.
- Niyə rahatdır ki?
- Çünki cənnətdədir.
Fikrini öyrənmək üçün bir sual da verirəm:
- Hardan bilirsən cənnətdə olduğunu?
- Çünki babam çox yaxşı insan idi, yaxşı insanları Allah cənnətinə aparar.