HƏR BİRİ ƏFSANƏ OLAN ŞƏHİDLƏR... Artıq analar öz balalarına qardaşlarının xəyanətinə uğramış Məlikməmmədin nağılını yox, qardaş sədaqətinin simvoluna çevrilən İman və Bəhrəmin nağılını danışacaqlar. Biri-birindən heç ayrılmayan iki qardaşın nağılını... Sizə şəhid əkiz qardaşlar kimi yaddaşlara yazılan, hər kəsin ürəyini param-parça edən İman və Bəhrəmdən danışacağam. Onların yarım qalan həyat hekayələrini bacı kimi sevdikləri Yeganənin şəhid olan qardaşlarına yazdığı məktub vasitəsi ilə anladacağam. QARDAŞLARIMA MƏKTUB “Canım qardaşlarım, gülüşlərinizin bu qədər gözəl olduğunu yeni hiss edirəm... Bilirsiniz, mən ailənin tək övladıyam. Qardaş, bacım heç olmadı.. Amma mənə qardaş məhəbbətinin nə olduğunu siz göstərdiniz. Ailəmin yarım qalan hissəsi sizinlə doldu, sizinlə bütövləşdi. Qardaşınla arandakı bağın qan bağından daha çox sevgi bağı olduğuna da bu gün sizi itirəndə inandım... Hər kəsin bir qardaşı olmalı bu dünyada.Mənim igid,cəsur,vətənpərvər, şir ürəkli qardaşlarım! Sizi tanıdığım gün həyatımdakı ən gözəl gün idi. Həmin gün ilk dəfə sizə rus dilindən dərs deməyə gəlmişdim. Maraqlıdır, qapınızı birinci dəfə döyməyimə baxmayaraq içimdə səbəbini bilmədiyim bir sevinc, rahatlıq sanki bir ümid vardı. Niyə belə hiss etdiyimi başa düşmürdüm.Qapı acılanda qarşımda ilk olaraq anamız (artıq o mənim də anamdır) Hicran xala, Bəhrəm, sonra İman durmuşdu. Elə o an hiss etmişdim bir az əvvəl qəlbimə yayılan rahatlığı. Elman dayı və Hicran xala məni öz doğma övladlarından ayırmadılar. Soyuq, şaxtalı,qarlı qış günlərində bir-birimizə elə bağlandıq ki,aramzda əbədi bir ailə bağı quruldu. Sizi tanıdığım gün içimdə kəpənəklər uçmuşdu... Mənə o qədər əziz,doğma,səmimi gəlmişdiniz ki, heç ayrılmaq istəməmişdim. Ürəyimdəki bir boşluğu doldurmuşdunuz. Mənə dünyada ən gözəl duyğunu,əvəzolunmaz sevgini - qardaş sevgisini yaşatmışdınız. Mənə o qədər doğmaydınız ki,sizi hər gördüyümdə bərk-bərk qucaqlamaq istəyirdim.Siz mənə qardaş,dost,sirdaş,yeri gəldi ata oldunuz. Ümid yerim,dayağım,canımdan bir parça oldunuz.İlk dəfə sizə “qardaş” dedim. Bu sözün böyüklüyünü, gözəlliyini öyrətdiniz mənə. Qərib yerdə nə edirəm edim, arxamda bir dayaq, dəstək olduğunu bilməyim hər zaman güç verdi mənə. Vaxt oldu sabaha qədər yatmadıq imtahanlara hazırlaşdıq, oyaq qalıb səhəri dirigözlü açdıq. Vaxt oldu uşaqlaşdıq, uşaqlar kimi bir yerdə oyunlar oynadıq... Söhbətlərimiz,qəh-qəhələrimiz... Hətta oldu ki, anamızın –“gecdir,susun, durun yatın, bəsdir daha!”- sözü belə bizim uğunub getməyimizə səbəb olmuşdu. İndi bütün bunlar sizsiz qalan xatirələrimdə səhifələnir... Mənim gözəl gözlü İmanım, mehriban Bəhrəmim, gülüşünüzün bu qədər gözəl olduğunu yeni bildim, mənim igidlərim.Gülüncə gözlərinizin bu qədər parladığının yeni fərqinə vardım. Bir daha mənə gülməyəcəynizi düşünəndə kədərdən qəhr oluram. Yoxluğnuzu hiss etmək üşüdür məni. Bilməzdim qardaşın bu qədər uca zirvə olduğunu... Bacısının quzuları, indi kim xəbər tutacaq məndən, kim? İndi kiminlə dərtləşəcəm, kiminlə güləcəm? Yarım qaldı, quzularım, içimdən bir parçanı aldınız getdiniz. Anamızın,atamızın yanan ciyərini indi mən necə söndürəcəm? Bir saniyə gec gəlsəm o dəqiqə narahat olardınız. Məni hec üzgün görməyə dayana bilməzdiniz.Gözümdən axan bir damla yaşa görə dünyanı dağıdardınız,axan suları durdurardınız.Siz getdikdən sonra gözlərimdən yaş əksik olmur mənim... Haradasan İman? Haradasan Bəhram? Gözüm sizi axtarır, canım qardaşlarım. Bircə təsəllim var. Bircə ümid yerim... O da müqəddəs Qurani Kərimdə Allahın buyurduğu kimi “şəhidlər ölü deyil, diridirlər” (Bəqərə surəsinin 154-cü ayə) həqiqətidir! İnanıram ki, bizi bir yerlərdən görürsünüz. Nurlar içində yatın, mənim yaraşıqlı qardaşlarım-İmanım, Bəhrəmim. Allah mənə də nəsib edərsə, Cənnətdə görüşərik. Sizi çox sevən bacınız Yeganə”. Ürək dağlayan bu hüzün dolu məktub burada bitir. Gözümün yaşını silib qardaşlar haqqında daha çox məlumat öyrənmək üçün Yeganəylə əlaqə yaratdım. Qardaşları bir də Yeganə ilə olan söhbətimizdən sonra mən anladım. Qardaşlar əslində ekiz deyillər. Aralarında 2 yaş fərq var. Amma buna baxmayaraq həyatda addımlarını həmişə eyni atıblar. Bəlkə elə buna görə də ekiz qardaşlar təsiri buraxıblar. Məmmədzadə İman Elman oğlu 1998-ci il sentyabrın 14-də Lerik rayonunun Kəlvəz kəndində anadan olub. Az keçmir ki, ailə Bakı şəhərinin Binə qəsəbəsinə köçüb. 2000-ci il aprelin 14- də isə Bəhrəm burada doğulub. Valideyinləri onları biri-birindən ayırmayıb. Qardaşlar uşaq yaşlarından idmana başlayıblar. Orta məktəbi Binə qəsəbəsində əla və axşı qiymətlərlə oxuyublar. Öz tərbiyələri, savadları, səmimilikləriylə müəllimlərin sevimlilərinə çevrilən İman və Bəhrəm Vətənə olan sevgiləri ilə də seçiliblər. idmanla yanaşı musiqiyə də maraq göstərən gənclər gitarada gözəl ifa edərdilər. İman ağır atletika, Bəhrəm isə cüdo üzrə yarışlarda dəfələrlə qalib olublar. Bakıda keçirilən yarışlarda birinci yerə layiq görülüblər. Bəhrəm Rusiyanın Astarxan şəhərində cüdo üzrə keçirilən yarışda 1-ci yerə layiq görülüb. İmanın arzusu hərbi məktəbə qəbul olmaq idi.Amma bu istəyini gerçəkləşdirə bilmir. Qardaşlar Rusiyanın Astarxan şəhərində Dənizçilik Universitetinə qəbul olunurlar. Yeganə deyir ki: “Bir dəfə tarix dərsində müəllim İmana sual verir, deyir ki, qalx, öz tarixin haqqında bizə danış. İman rus qoşunlarının 1990-cı ilin 20 Yanvarında Bakıya girərək necə faciələr törətməsindən, daha sonra da1-ci Qarabağ müharibəsi haqqında danışır. Bir dəfə də milliyətcə erməni olan müəllim İmana əl uzadıb salam verir və deyir ki, biz Qafqazlıyıq. İmansa onun əlini itələyir və deyir: - “Sənin əlində mənim millətimin qanı var, mən bu əli sıxmaram!” Onun bu davranışına görə atasını universitetə çağırırlar və narazılıqlarını bildirirlər. Hətta rektor İman və Bəhrəmin qiyabi təhsil almaqlarını istəyir. Amma qardaşlar bu təklifi qəbul etmirlər. Təhsillərini Rusiyanın Samara vilayətində davam etdirirlər. Samara Volqa Dövlət Universitetində hüquq və turizim ixtisasları üzrə təhsil alırlar. Təhsillə bərabər idmanla da ciddi məşğul olurlar. Bəhrəmi ilk dəfə Samarada Cüdo Üzrə İdman Akademiyasına yazdıranda bir az tərəddüd etdim, çünki dərsləriylə əlaqədar olaraq gərək axşam saat 7-də cüdoya gedəydi. Soyuq, şaxtalı havalara baxmayaraq, Bəhrəm universitetdən gəlib çox vaxt yemək yemədən idmana qaçardı. Bir saat tez gedib, bir saat gec gələrdi. Potensialına görə öz yaşıdlarıyla yox, özündən bir neçə yaş böyüklərlə yarışırdı. Hətta Rusiya üzrə 1-ci yerə layiq görülmüş idmançıya qalib gəlmişdi. Müəllimi onu elə bəyənmişdi ki, yarışlara çıxaracağını deyirdi, hərçənd Azərbaycan vətəndaşı olduğuna görə yarışa çıxmağı çətin idi.. Lakin onun həvəsini, əzmini, idmana olan sevgisini görən müəllimi onu yarışlara çıxarmağa nail oldu. İmansa ağır atletikayla məşğul olurdu. Onlardan idmana olan bu sevginin səbəbini soruşanda deyirdilər ki, biz müharibə şəraitində yaşayırıq, əsgər gedəcəyik buna hazırlıqlı olmalıyıq. Onlarda olan Vətən sevgisi hər gün daha da artırdı. Yadımdadı hələ aprel döyüşlərində yaşlarının az olmağına baxmayaraq onlar təhsilini yarımçıq qoyub döyüşə qatılmaq istəyirdilər. Düşmənlərimizin Xocalıda,Kəlbəcərdə, Qarabağda analarımıza, qadınlarımıza, körpələrimizə etdiklərini heç unutmurdular. Heç yadımdan çıxmaz, İman bir dəfə qəmli dayanmışdı ondan niyə belə olduğunu soruşanda mənə dedi: “Bacı, heç xoşbəxt deyiləm, bir gün şəhid olsam o gün xoşbəxt olacam. Xocalının, Qarabağın qisasını almadan mənə xoşbəxtlik yoxdur”. Şəhid olmaq onun ən böyük arzusuydu.Həmişə imamlarmızın necə şəhid olduqlarından danışardı. Ən çox da ermənilərin Kəlbəcərdə bizim qadınlarımıza etdiklərini, gənc qızlarımızın onların əlinə əsir düşməmək üçün özlərini qayadan atmaqlarını unutmurdular. Onlar çox vətənpərvər, vicdanlı, mərhəmətli, qorxmaz, igid gəncləriydi. Gənc yaşdan namaz qılar, oruc tutardılar. Allaha olan sevgi qəlblərində möhkəm yer tutmuşdu. Onlar Rusiyada tez-tez məscidə gedib fitrə vərərdilər. Bir dəfə özləri üçün paltar almağa getmək istəyirdilər, biləndə ki, dostlarının ehtiyacı var həmin pulu ona göndərdilər. Tanımadıqları insanlara belə kömək edərdilər. Yaşları az olsa da böyük ürəyə sahib idilər. Dəfələrlə valideyinlərinin xəbəri olmadan dostlarına maddi yardım göstərirdilər. Bir dəfə yeni ili qeyd etməyə qatarla Vətənə gəlirdik, yolda ərzaq almaqçün olan pulu belə universitet yoldaşlarına vermişdilər. İki gün yolu sadəcə su və peçenyayla gəldik. Haqsızlığa əsla laqeyid qalmazdılar. Onlar bütün qadınlara anaları, qızlarımıza öz bacıları kimi hörmət edər, qoruyardılar. İman və Bəhrəmin Vətənə, anaya, bacıya sonsuz və dərin məhəbbəti vardı. 2019-cu il iyun ayında universiteti bitirib Azərbaycana qayıtdılar. Onlara Rusiyada qalıb təhsillərini davam etməklərini və orada iş təklif etsələr də bunu qəbul etmədilər. Vətənə olan sevgi onları doğma yurda gətirdi. Gəldikdən bir həftə sonra əsgərliyə getdilər. Atası onlara Vətən borcunuzu verməyə sıra ilə gedin desə də qardaşlar razı olmadılar. Qusar rayonunda hərbi xidmətlərini həyata keçirən Bəhrəm kəşfiyyata seçilmişdi, onu tək qoymayan İman da öz istəyiylə kəşfiyyata seçilir.Valideyinləri onları görmək üçün yanlarına gedəndə onların gətirdikləri sovqatı əsgərlər arasında paylayardılar. Müharibə başlayan kimi sentyarbr ayının 27-də xidmət etdikləri hərbi hissənin əsgərləri ilə ön cəbhəyə yola düşürlər. Onlardan birinin arxa cəbhədə qalmağı tövsiyyə olunsa da qardaşlar razı olmur. Hər ikisi müharibədə iştirak etmək istəyini dilə gətirir. Onlar bütün döyüşlərdə -Suqovuşan, Hadrut, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanın azad edilməsində yaxından iştirak edirlər. Son olaraq Şuşa, Xankəndi uğrunda döyüşlərdə öndə gedərək komandirlərinə: -“biz qorxmuruq, bizdən arxayın olun, siz digər əsgərlərlə gedin!”- deyərək, iki qrupa ayrılırlar. Düşmənlə üz-üzə gəlirlər. Döyüş zamanı düşmən xeyli itki verərək geri çəkilir. Əsgərlərimiz düşmənə məxsus əraziyə daxil olurlar. oktyabr ayının 28-də igid qardaşlar İman və Bəhrəm düşmənin artilleriya silahından açdığı atəş nəticəsində döyüş yoldaşlarıyla birgə qəhrəmancasına şəhid olurlar. Valideynləri ilə son dəfə danışanda: “Az qalıb torpaqlarımızı azad etmişik, tezliklə Şuşada bayrağımız dalğanacaq!”- deyiblər. “Ata, hər zaman başını dik tut, bizə görə narahat olma. Ana, şəhidlərimiz üçün ağla!”-deyiblər. ZƏRURİ QEYD: Belə oğulları bu torpaq yetirib. Odlar Yurdunun od –alov övladları! Hər dəfə şir kimi nərə çəkib döyüşə atılanda düşmənin canına vəlvələ salırsınız. Bu torpağın havası da,suyu da,çörəyi də halalınız olsun! Sizlər də bizə Vətən torpağının azadlığı uğrunda tökdüyünüz qanı halal edin! O torpağın üstündə analar neçə-neçə İmanlar, Bəhrəmlər böyüdəcəklər. Hər şəhid oğulun öz hekayəsi, öz əfsanəsi var. Yarıda qalan arzular, sevgilər, ümidlər… Hər ömür oxunmamış bir kitab… Hər igid ana-atasının, sevdiklərinin qırılmış ümidi, çarəsizliyi…Oğul itkisinin iztirabı, Vətən torpağının azadlığı! Budur yaşanan hisslər, duyğular.. Analar oğul böyüdür ki, zamanı gələndə hər birini çınar fidanı kimi Vətən torpağına əksin. Hər fidan böyüyüb kölgəsini bu torpağa salsın. Yenidən pöhrə versin, yeni igidlər doğulsun! Vətən, nə bəxtiyarsan! P.S. Bizə İman və Bəhrəmi yaxından tanıdan Yeganə ilə də sizi qısaca tanış etməyi özümə borc bildim. Özü buna razı olmasa da, ürəyi Vətən eşqilə çarpan, mənəvi olaraq iki şəhid qardaş itirmiş bu bacını oxucuya təqdim etməyə bilməzdim. Yeganə Hüseynova dünyada bəlkə də yeganə azərbaycanlıdır ki, bir neçə ali məktəbi bakalavr və magistr pilləsi üzrə eyni vaxtda bitirb. Samara Dövlət Tibb Universitetini bakalavr, Samara Dövlət Universitetinin Biologiya fakültəsini bakalavr, Samara Dövlət Pedoqoji Universitetinin Psixologiya fakültəsini və S.P.Korolyov adına Samara Dövlət Aerokosmik Universitetini magistr təhsili üzrə tamamlayıb. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında işləyir. Vətənin fəxr olunacaq istedadlı bir qızıdır. Xəyal Qurbani
© 2020 - Created by İLK XEBER.