Çox hörmətli Pərvanə xanım! Əvvala bu möhtəşəm kitabının işıq üzü görməsi münasibətilə səni təbrik edirəm. Çəkdiyin zəhmət halalın olsun. Bir nəfəsə oxuduğum kitabını indi də “qatlayıb” bir qırağa qoymamışam. Mütaliə aclığı başlayanda yenidən oxuyuram – bu dəfə “hardan gəldi” kitabı açıram və qarşıma çıxanı oxuyuram. Hər dəfə də kitabın adına baxanda fəxrlə, qürur hissi ilə deyirəm: “şükür, nəhayət ki, məndən sonra da bir cəsarətli qələm sahibi çıxdı – özünə yaza bilməyən yazıçı dedi”. Mən də özümə “Şair olmadım, deyəsən...” adlı şeir yazmışam. Bu şeir “Bəsimizdi ay işığı” kitabımda dərc olunub. “Yaza bilməyən yazıçı” ifadəsini hər qələm sahibi etiraf edə bilməz. Bu etiraf ancaq böyük ürək və istedad sahiblərinin bacara bildiyi etirafdır. Cəsarətinə, ləyaqətinə görə eşq olsun sənə, yurdumun cəngavər qızı! “Cızmaqaraçılar” ibrət götürsünlər, şücaətləri çatsa! Bayramın qızı elə belə də olmalı idi. Atanın səninlə fəxr etməyə haqqı var. Çox sevindim. Və yazını oxuduqca sevindiyimdən qəhərləndim. Qələminə qüvvət və əhsən! Mənim yazımdan daha qiymətli və qüvvətli sənin povest haqqında düşüncələrin və yazdıqlarındır. Səmimi etiraf edirəm ki, indiyə qədər tanınmış az-az fəxr ediləsi gədəbəylilərdən birinə çevrildin. Yaxşı ki, sən varsan! Səni kimi vətənpərvər, ədalətli, qəlbi geniş ziyalılarımız da var. Ürək sözlərimin hamısını yaza bilmədim. Sonsuz minnətdarlıq və təşəkkürümü izhar edirəm. Xarakterlərimizdə bir çox cəhətlər üst-üstə düşür. Bunlardan yazmayacam. Yaşımın bu vaxtında ədəbi mühitdən nə qədər kənarda qaldığımın fərqinə varsan çox şeylər sənə aydın olacaq. Ərli və ərsiz qadınların efirdən, mətbuatdan Azərbaycan qadınlarına sırıdıqları “qadın azadlıqları və hüquqları” barədə bir neçə söz demək istəyirəm. Çox qısa deyirəm: 261-ci səhifədə axırıncı abzas: “qadın ürəyi dəmirçi zindanı olmadığı kimi” kişi ürəyi də Mərdəlinin toxmağı deyil. Pərvanə xanım! Ümumilikdə kişilər haqqında bu hökmü çıxarıb və buna inanırsansa Bayram kimi atanın, anan kimi qadının məhəbbətindən səni kimi bir övladın böyüməsinə, yetişməsinə nəyin nəticəsi kimi baxaq? Kişilər barəsində ümumi hökm vermək, onların daşürəkli, yaramaz ünsür olduqlarını oxucularla bölüşmək və duyğularında israr eləmək, məncə, Qərb ideoloqlarının bizim qadınlara sırıdıqları ən iyrənc və qeyri-bəşəri ideologiyadır. Təbiət kişi və qadını bir-biri üçün yaradıb. Yaradan isə səhv eləyə bilməz. Və bütün hallarda təkcə kişilər günahkar ola bilməzlər. Yeni kitablarını görmək arzusu və ümidilə, səmimi duyğularla – qızına arzuladıqlarını sənə də arzulayan Ramiz İsmayıl
© 2020 - Created by İLK XEBER.