Bu gün 17 noyabr - Azərbaycanın Milli Dirçəliş Günündə ölkəmizdə əsl bayram ovqatı və qələbə ab-havası yaşanılır. Bu da səbəbsiz deyil. Ölkə başçımız, Ali Baş Komandan İlham Əliyevin 28 ildən sonra qəhrəman əsgərlərimizin, Milli ordumuzun şücaəti sayəsində erməni qəsbkarlarından azad olunan Cəbrayıl və Füzuli rayonlarına səfərə getməsi, həmin ərazilərdə 3 rəngli Azərbaycan bayrağını ucaltması xalqımıza əsl bayram sürprizi oldu. Həmin kadrlara sakit, həyacansız baxmaq mümkün deyil. Ölkə başçımızın dövlət bayrağımızın qarşısında səcdəyə gəlməsi, onu öpüb gözlərinin üstünə qoyması, sonra vüqarla ucaltması, onu heyranlıqla , ilk dəfədir görmüş kimi seyr etməsi İlham Əliyevin necə vətənpərvər olduğunu, milli-soy-kökünə bağlılığını göstərir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hələ oktyabrın 4-də "Əl-Ərəbiyə” televiziya kanalına verdiyi müsabibəsində bildirmişdi: “Biz insanlarımızı öz vətəninə qaytaracağıq, şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik. Biz işğal olunmuş bütün ərazilərdə Azərbaycan bayrağını qaldıracağıq!”. Ölkə başçısı Milli Dirçəliş Günündə xalqa və dünyaya verdiyi bu vədini yerinə yetirdi. Şəxsən özü xanımı Mehriban Əliyeva ilə birgə düşmən tapdağından azad olan rayonlarımıza gedərək Azərbaycan xalqına bu sürprizi etdi. Ali Baş Komandan burada gördüklərindən, erməni vandalizmindən dəhşətə gəldiyini ürək ağrısı ilə qeyd edir: "Bura Cəbrayıl şəhərinin mərkəzidir. Bir dənə də salamat bina yoxdur. Bir dənə də bina qoymayıblar. Yalnız o tərəfdə özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, məktəblər, binalar, ictimai binalar hamısı düşmən tərəfindən sökülüb. Onlar buna görə beynəlxalq məhkəmələrdə cavab verəcəklər". Ali Baş Komandan əmindir ki, erməni qəsbkarları vaxt gələcək, törətdiklərinin cavabını verməli olacaqlar: “Mən demişəm, bir daha demək istəyirəm, beynəlxalq qurumlar, ekspertlər gələcək, bütün ziyan hesablanacaq, 30 il ərzində bizə vurulmuş zərər nəzərə alınacaq və onlara qarşı təzminat iddiası qaldırılacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar düşünürdülər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq. O məqsədlə buraları dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq, durmuşuq burda, öz doğma torpaqlarımızda, Cəbrayıl şəhərində. Bütün buraları yenidən bərpa edəcəyik”. Biz əminik ki, tezlikə erməni əsarətindən qurtarmış rayonlarımız əvvəlki həyatına qayıdacaq, prezident demişkən, daha abad olacaq. Bu ərazilərdə həyat canlanacaq, sosial infrastruktur qurulacaq, Qarabağ , Şuşa yenə də Azərbaycanın mədəniyyət beşiyi kimi dünyaya səs salacaq. Biz o günə inanır, ölkə başçımızın yürütdüyü müdrik siyasətə arxalanırıq! Bəli, bu gün Qarabağ Azərbaycandır, Azərbaycan da Tamdır! Dirçəliş günün mübarək, Azərbaycan! Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, professor.
© 2020 - Created by İLK XEBER.