İsti havalarda insanlar daha çox çətinliklərlə qarşı-qarşıya qalır. Belə vaxtlarda insanlar bəzən günvurma, bəzən də zəhərlənmədən xəstəxanalara müraciət edirlər. Qida zəhərlənmələri nədən baş verir və əsas əlamətləri hansılardır? Bundan necə qorunmaq olar? Və ən əsası nə üçün yay mövsümündə qida zəhərlənmələrinin sayı artır? Havalar isti keçdikdə müəyyən patogen mikroblar sürətlə çoxalır. Buna görə də yay aylarında qida zəhərlənmələrinin sayı artır. Eyni zamanda yayda bəzi mövsümi xarakterli yeməklər də zəhərlənmələrə səbəb ola bilər. İnsanlar hər zaman eyni səbəbdən zəhərlənmir. Onlar müxtəlif bakteriyalara yoluxaraq zəhərlənirlər. Məsələn, bunlardan biri olan botulizm bakteriyaları qapalı mühitdə olan qidalarda artmağa başlayır ki, buna yoluxan insan vaxtında həkimə müraciət etməsə, zəhərlənmə hadisəsi ölümlə nəticələnə bilər. Bu halda xəstə qusma, çəpgörmə, mədə-bağırsaq sisteminin pozulması halları ilə rastlaşır. Adıçəkilən bakteriyalardan zəhərlənmə ən çox yayda müxtəlif tərəvəzlərdən, qışda isə turşulardan olur. Tərəvəzlər yaxşı yuyulmadan turşuya qoyularsa, bu, ciddi fəsadlar yaradır. Bunun üçün tərəvəzlər turşuya qoyulmamışdan əvvəl axar suda yaxşıca yuyulmalıdır. Qeyd edək ki, salmonellyoz bakteriyalarından da zəhərlənmə halları baş verir. Bu zaman xəstədə istilik qalxır, qusma, ishal halları müşahidə olunur. Bu cür zəhərlənmə insanın sinir sisteminə də mənfi təsir göstərir. Qida zəhərlənmələri baş verdiyi zaman xəstəxanalara müraciət edən xəstələrin bəziləri laboratoriyaya müraciət edir və onların hansı qidadan, hansı bakteriyalarla zəhərləndiyi müəyyənləşdirilir. Bundan sonra xəstə müalicə olunduqda daha yaxşı effekt alınır. Əlbəttə ki, sağlamlığının qeydinə qalmaq insanın öz əlindədir. Bəzi qaydalara riayət edərək belə xoşagəlməz halların qarşısını almaq mümkündür. Qida zəhərlənmələrinə məruz qalmamaq üçün, ilk növbədə, tez xarab olan ərzaq məhsulları soyuducuda saxlanılmalıdır. Çiy ət, balıq və yumurta kimi qidalardan istifadədə son dərəcə ehtiyatlı olmaq, həmin məhsulları soyuducuda saxlamaq tələb olunur. 2 saat ərzində soyuducudan kənarda qalan süd məhsullarından istifadə etmək olmaz. Təmizlik sağlamlığın rəmzidir. Bütün mətbəx masaları tez-tez silinib təmizlənməlidir. Meyvə və tərəvəzlərin istifadədən əvvəl yaxşıca yuyulması məsləhətdir. Yay dövründə tərkibində soda olan hazır məmulatlardan imtina etmək lazımdır, çünki onlar zərərli mikroorqanizmlərin bağırsaqlarda çoxalmasına imkan yaradır. İsti havada turş içkilərdən – limon suyu, kompot və sairdən istifadə etmək məqbuldur. Turş mühit, bütovlükdə, bağırsaq infeksiyalarının yaranma riskini azaldır. İlk növbədə bilmək lazımdır ki, qida zəhərlənməsi üçün bəzi hallarda inkubasiya dövrü bir neçə saat olur. Yəni səhər bir süd məhsulu yeməklə insan özündə prodromal dövr hiss edə bilər. Prodromal dövr dedikdə, ümumi zəiflik, halsızlıq, ürək bulanması, qusma, ishal və bədən hərarətinin qalxması nəzərdə tutulur. Qida zəhərlənmələrinin profilaktikası barədə düşündükdə ilk əvvəl bilmək lazımdır ki, qida toksiki infeksiyaların kəskin kliniki gedişə malik infeksion xəstəlikdir. Törədicisi, adətən, insan orqanizmindən kənarda yaşayan şərti patogen bakteriyalarıdır. Toksiki infeksiyaların yaranma səbəbi, adətən, bəlli olmur, lakin streptokok və stafilokokk tərəfindən törədilən toksiki infeksiyalar aşkarlanır. Bu cür toksiki infeksiyalar əldə, bədənin müxtəlif sahələrində olan piodermiyalardan, stomatitlərdən və kəskin xroniki anginalardan sonra müşahidə olunur. Orqanizmdə mikroorqanizmlərin və onların eksotoksinlərinin həddindən artıq çoxalması xəstəliyin baş verməsinə səbəb olur. Qida toksiki infeksiyaları tək-tək və ya kütləvi xarakterli olur. Tək-tək toksiki infeksiyalar ilin bütün aylarında müşahidə oluna bilər. Kütləvi toksiki infeksiyalar isə, xüsusilə yay aylarında havaların isti keçdiyi günlərdə daha çox müşahidə edilir. Bu cür toksiki infeksiya halları ərzaq məhsulları düzgün saxlanılmadıqda, temperatur rejiminə əməl olunmadıqda yarana bilər. Ən ağır növ kimi, ən çox ölüm halları rast gəlinən Botulizm hesab olunur. Botulizm düzgün şəraitdə hazırlanmamış konservlərdən əmələ gəlir. Və anaerob şəraitində, yəni oksigen olmayan şəraitdə həmin botulotoksin əmələ gəlir və insanda botulizm adlı xəstəlik baş verir. Başqa ağır qida zəhərlənmələrindən taun xəstəliyini qeyd etmək olar. Çox nadir hallarda buna rast gəlinir. Bu cür xəstəliklərin qarşısını almaq məqsədilə pərakəndə və topdansatış mərkəzlərində ərzaq məhsullarının satılmasına ciddi sanitar nəzarət edilməlidir. Həmçinin bazarlarda ət kəsim məntəqələrində kəsilən heyvanların sağlam olmasına, ətin düzgün saxlanılmasına sanitar-gigiyenik nəzarət artırılmalıdır. İstənilən halda hər kəs özü-özünün həkimi olmalıdır. Buna görə də, qəbul etdilən qidanın tərkibinə diqqət yetirilməlidir ki, sonradan xoşagəlməz hallar üzə çıxmasın. Eyni zamanda hansı qidanın nə qədər yeyildiyinə də diqqət edilməlidir. Həkimlər də qeyd edirlər ki, bəzən çox yemək də mədə-bağırsaq sisteminin pozulmasına, zəhərlənmələrə gətirib çıxara bilər. Dahi Nizaminin dediyi kimi: “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”. Deyilənlərdən nəticə çıxararaq, sağlam və gümrah qalmaq üçün ilin bütün fəsillərində düzgün qidalanmaya əməl etmək tələb olunur. Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Qida zəhərlənmələrinin səbəbləri və onun qarşısını almaq üçün maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində “Uğur” Gənclərin Maarifləndirilməsi İB tərəfindən hazırlanmışdır.
© 2020 - Created by İLK XEBER.