Qədim zamanlardan yay-yaz mövsümündə insanlarda, xüsusən də uşaqlar arasında qidalanmadan zəhərlənənlərin sayı çox olur. Əgər nəzərə alsaq ki, bütün dünya, eləcə də Azərbaycan COVID-19 pandemiyasının hələ də əzab-əziyyətini çəkir, onda bu xəstəliklə daha ehtiyatlı davranmalıyıq. Zəhərlənmə əsasən fəslin dəyişməsi və mövsümi meyvələrdən istifadə zamanı baş verir. İsti havalarda müəyyən bakteriyaların çoxalması daha da artır. Zəhərlənməyə bakteriya və onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələrlə yoluxmuş qida və su qəbulu, eləcə də qida məhsullarının düzgün saxlanılmaması səbəb ola bilər. Havalar həddindən artıq isti və qızmar olanda bakteriyaların yaranmasına münbit şərait yaranır. Bu zaman müəyyən bişmiş xörəklər, bağ-bostan və bitki meyvələri vaxtından əvvəl xarab olur. Odur ki, yayda dünəndən bişmiş, ümumiyyətlə, köhnə yeməklərdən, eləcə də bəzi mövsümi meyvələrdən istifadə edərkən olduqca ehtiyatlı olmaq lazımdır. Zəhərlənməyə ehtimal olunan başlıca səbəblərdən biri istehsal tarixi ötmüş malların qəbulu, müəyyən ət məhsullarının, məsələn, dönər kimi qidaların yay aylarında 2-3 saat düzgün şəraitdə saxlanılmamasıdır. Bu, insanın qida zəhərlənməsinə yol açır. Eyni zamanda mövsümlə əlaqədar olaraq "qarpız zəhərlənməsi” deyilən ifadəyə də tez-tez rast gəlinir. Bu zaman insanlar elə düşünürlər ki, qarpızdan zəhərləniblər. Əksinə, bu halların bəlkə də 99 faizi qarpızdan zəhərlənmə deyil. Bu çox sadə bir qida zəhərlənməsidir. Məlumdur ki, qarpız torpaqda bitir və satışa veriləndə açıq yerlərdə saxlanılır, çox zaman evdə onu yumadan birbaşa kəsirlər. Bu zaman ona mikroblar düşə bilir və bir neçə saatdan sonra həmin mikroblar orada inkişaf edirlər. Günün bir aləmi həmin qarpızı yedikdən sonra ürəkbulanma, qusma, hərarət və s. zəhərlənmə əlamətləri başlayır. Belə hallarda onlar qarpızdan zəhərləndiklərini düşünürlər. Nəzərə almaq lazımdır ki, bu, qarpızdan yox, sadəcə infeksiyadan zəhərlənmədir, buna qida toksikoinfeksiyası da deyilir. Zəhərlənmənin ilkin əlamətləri kimi insanlar bilməlidirlər ki, qida zəhərlənməsi zamanı bəzi hallarda orqanizmdə dəyişkənlik, halsızlıq olur. Əgər səhər bir fincan süd qəbul etməklə özünüzdə ümumi zəiflik, halsızlıq, ürək bulanması, qusma, ishal və bədən hərarətinin qalxması hiss edərsinizsə, bu, zəhərlənmənin ilkin əlamətləridir. Bu zaman yardım kimi, birinci növbədə çalışmaq lazımdır ki, mədə-bağırsaq yuyulsun, buna görə çoxlu miqdarda sodalı, ya marqanisli su içmək gərəkdir. Daha sonra bağırsaq təmizlənməlidir. Əgər bu mümkün olmasa, təxminən 10 kq bədən çəkisinə nisbətdə 1 tablet olmaqla kömür dərmanı əzib, onu bir stəkan suya qatıb içmək məsləhətdir. Əgər zəhərlənən şəxsin çəkisi 70 kiloqramdırsa, 7 dərmanı əzib suya qarışdırıb qəbul etmək vacibdir. Bunu içməklə toksinlərin qana keçməsinin, zəhərlənmənin şiddətlənməsinin qarşısı alınır. Zəhərlənmə çox güclənibsə, onu ev şəraitində müalicə etmək məsləhət deyil. Çünki çox pis ağırlaşmalar baş verə bilər. Təzyiq düşə bilər, xəstə infeksion toksiki şok keçirər, təmasda olduğu ailə üzvlərinə və yaxınlarına da xəstəlik asanlıqla yoluxar və s. Hamı bilməlidir ki, qida zəhərlənmələrinin bir neçə növü var. Bağırsaq infeksiyaları da zəhərlənmədə böyük rol oynayır. Bu xəstəliklər hamısı eynidir. Bəzilərinə qida zəhərlənməsi, bəzilərinə bağırsaq infeksiyaları, bəzilərinə isə qida toksik infeksiyaları deyirlər. Bütün bu adlar eyni xəstəliyin sinonimləridir. Ümumiyyətlə, yediyi qidadan, yaşından və bədənin müqavimətindən asılı olaraq bu xəstəlik hərəyə bir cür təsir edə bilir. Ən ağırı, ən çox ölüm halları rast gəlinəni isə botulizm hesab olunur. Botulizm düzgün şəraitdə hazırlanmamış konservlərdən istifadə edərkən baş verir. Yəni oksigen olmayan şəraitdə həmin botulotoksin əmələ gəlir və insanda bu xəstəliyi yarada bilir. Qida zəhərlənmələrində çox nadir hallarda rast gəlinən xəstəliklərdən biri də COVID-19-a bənzər taun xəstəliyidir ki, vaxtında qarşısı alınmazsa, böyük faciələrə səbəb ola bilir. Digər qida zəhərlənmələri, adətən, mikrobtörərədici xəstəliklərdir ki, bunlar yüngül-ağır və orta hesab edilir. Azərbaycan Qida Təhlükəsizliyi (AQTA) Agentliyi insanlara qida zəhərlənmələrindən qorunmaq üçün vaxtaşırı tövsiyyələr verir. Burada deyilir ki, insanlar istifadə edəcəkləri meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yumalıdırlar. Zəhərlənmə riskinin yaranmaması üçün ət, toyuq, balıq və süd kimi tez xarab olan məhsulların uyğun müddətdə, lazımi temperaturda bişirilməsi zəruridir. Bəzi insanların istifadə etdikləri alət və ləvazimatlar istifadə edilməzdən əvvəl və sonra təmizlənib dezinfeksiya olunmalıdır. Çalışmaq lazımdır ki, evdə yeməklər gündəlik olaraq hazırlansın. Əgər bişirilən yeməkdən artıq qalıbsa, onu bir dəfədən çox isitmək düzgün deyil. Xörəyin metal və bəzi maddələrlə təmas etməsi də zəhərlənməyə səbəb ola bilər. Yemək hazırlayıb bişirərkən və onu süfrəyə qoyarkən şəxsi gigiyena qaydaları nəzərə alınmalı, xüsusən də koronavirus pandemiyasının geniş yayıldığı bu ərəfədə sosial məsəfəyə, tələb və tövsiyələrə ciddi əməl olunmalıdır. Xəstəliklər çox vaxt çirklənmiş əllər vasitəsi ilə yayılır. Odur ki, əllərinizin və qida ilə təmasda olan qab-qacağın təmizliyi vacibdir. Düzgün gigiyena, xörək hazırlanması zamanı təmizlik, qidanın növünə müvafiq olaraq onun saxlanılması və istehlakı qida zəhərlənmələri riskini azaldır. Mütəxəssislərin fikrincə, ölkəmizdə COVID-19 pandemiyasına qarşı çox ciddi mübarizə aparıldığı bir şəraitdə qidalanma zamanı baş verən zəhərlənmələrin, onun fəsadlarının və təhlükənin dərhal aradan qaldırılması üçün vaxtında həkimə müraciət etmək lazımdır. Hesab edirik ki, bu yazıda verilən tövsiyələrin nəzərə alınması da insan sağlamlığına və qida zəhərlənmələrindən qorunmağa kömək edə bilər. Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Qida zəhərlənmələrinin səbəbləri və onun qarşısını almaq üçün maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində “Uğur” Gənclərin Maarifləndirilməsi İB tərəfindən hazırlanmışdır.
© 2020 - Created by İLK XEBER.