Qəzənfər Həmidoğlu Ermənilərin indiki vayı, faciəsi “toy”la – 1992-ci il mayın 8-dən 9-a keçən gecə Şuşanın işğalı ilə başladı. İşğalçılar şəhərə hücum əməliyyatına həyasızcasına «dağlarda toy» məxfi adı vermişdilər. Məhz həmin gün başlarını bəlaya soxdular… Şuşanın işğalı Rusiyanın hərbi-siyasi dairələrinin iştirakı ilə baş tutsa da, ermənilər xam xəyallara, cüzi imkanlarla fantastik iddialara düşdülər və özlərini “komandos-millət” saydılar. Ermənilər uydurduqları bu nağıla da illərlə əbləhcəsinə inandılar ki, Şuşa “hayların çıxış nöqtəsi” olacaq və buradan yüksəlişləri başlayacaq. Dağlıq Qarabağ ətrafındakı rayonlarımızın işğalı onları tamamilə reallıqdan uzaqlaşdırdı – regionda özlərini təcrid yolunu seçdilər. Beləcə, əbləh başlar XXI əsri Ermənistan üçün perspektivsiz etdilər. Çünki Qarabağ və Şuşa ermənilərin başı üstündən asılmış Domokol qılıncı idi. Ancaq görmədilər, anlamadılar. Birinci Qarabağ Müharibəsindən 27-30 il keçsə də, Azərbaycanda kimsə ağlından Qarabağ və Şuşanı çıxarmadı. Və qayıtdıq, bayrağımızı Şuşaya sancdıq. Sentyabrın 27-dən keçən 44 günün hər birində işğalçı əzildi, diz çökdürüldü. Məhşər günlərini yaşadılar. Noyabrın 8-də Şuşaya qayıtmağımız onları sındırdı. Ermənilər uduzdular, yarımcan oldular. Bitmədi. Noyabrın 9-dan 10-na keçən gecə Paşinyanın imzaladığı kapitulyasiya sadəcə təslim bayrağı qaldırmaq və Azərbaycanın Zəfərini təsbit etmək deyildi. Sarsılmış düşmən mənliyini, gəlmişini-keçmişini ayaqlar altına sərdi. Bizim Qələbəmiz onların vayına çevrildi. Biz gələcəyə yol aldıq, ermənilər keçmişə gömüldü. İrəvan çökdü, dünən gecə baş verən iğtişaşlar çarəsizliyin nəticəsi idi. Düşdükləri bataqlıqda çırpındıqca özlərini daha çox batıracaqlar… 45 gün əvvəl əlimizdə-ovcumuzda heç nə yox idi. 44 gün sonra gör nələr qazandıq: 7 rayon, Şuşa, Naxçıvana tarixi dəhliz, status vermədik, rus sülhməramlıları əvəzində Türk qoşunlarının regiona yolu açıldı, qürurlandıq, Azərbaycana yeni, bambaşqa nəfəs gəldi. 44 günlük Vətən Müharibəsindəki Qələbəmiz mübarək olsun! Ali Baş Komandanın siyasi iradə və qətiyyəti, tarixi şəraiti və şərtlər zəminini müdrikcəsinə qiymətləndirməsi, mahir komandanlığı və diplomatiyası, Müzəffər Ordumuz, canlarını Vətən üçün fəda edən şəhidlərimiz, yaralansa da geri durmayan əsgərlərimiz, qazilərimiz bizləri tariximizin misilsiz Zəfərə yetişdirdilər.
© 2020 - Created by İLK XEBER.