BMT Təhlükəsizlik Şurasının 1992-ci ildə keçmiş Yuqoslaviya üzrə qəbul etdiyi 752 nömrəli qətnamədə “Keçmiş Yuqoslaviyanın hər yerində əhalinin etnik tərkibini dəyişdirmə cəhdlərini dayandırmağa” çağırılmışdı. Bu qətnamə işğal altındakı Qarabağa da şamil edilməli idi. Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib. Politoloq bildirib ki, uzun müddətdən bəri Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirən Ermənistan prosesi 2020-ci ilin sentyabr ayına qədər davam etdirib: “Tarix boyu Qarabağ ərazisində erməni əhalisi yaşamayıb. Bu, bilinən bir gerçəkdir. Baxın, mən demirəm xristian əhali olmayıb. Əksinə, dünyanın ən qədim xristian kilsələri, ən qədim xristian xalqı albanlar Qarabağda yaşayıb, bu gün də yaşamaqdadır. Lakin bu o demək deyil ki, Qarabağ qədim erməni yurdudur. Ermənilər Cənubi Qafqaza 19-cu əsrdə Kürəkçay, Türkmənçay, Ədirnə, Gülüstan sülh müqavilələri ilə gətirilib. Bunu erməni tarixçiləri də yaxşı bilir. Bu məqsədlə Birinci Qarabağ müharibəsindən sonra bu ərazidə etnik təmizləmə siyasəti həyata keçirildi. Məqsəd yerli əhalini ərazidən tamamilə köçürmək, əvəzində dünyanın müxtəlif ölkələrindən erməniləri gətirərək, orada məskunlaşdırmaq idi. Ermənistanın özünün belə kifayət qədər əhalisi olmadığı üçün işğal edilən Qarabağı qoruması qeyri-mümkün idi. Bu yolla muzdlu qüvvələri, həmçinin terror təşkilatı olan ASALA, PKK kimi ünsürləri işğal edilən ərazilərə gətirib, eyni zamanda hərbi təhlükəsizliyi də təmin etmək istənilirdi”. Politoloq bildirib ki, bir müddət öncə sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılmışdı: “Azərbaycan da daxil olmaqla, dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edirdi. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərin olmadığını nümayiş etdirdi. Ermənistan işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti ilə faktiki olaraq həmin insanları özünün məsuliyyətsiz, avantürist siyasətinin qurbanına çevirirdi. Hələ bu proses baş tutanda demişdim ki, Livanın ermənilərini Qarabağda heç bir rifah və ya təhlükəsiz həyat gözləmir. Çünki gec-tez Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bu gün biz bir daha bunun olduğunu görürük. Azərbaycan öz torpaqlarını hərbi yolla geri qaytarır. Livan erməniləri isə yağışdan çıxıb yağmura düşdü. Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir”.
© 2020 - Created by İLK XEBER.