Azərbaycan dili! Mənim doğma ana dilim. Başı bəlalar çəkmiş, amma yıxılmamış, ayaqda dimdik durmuş məğrur dilim. Üzü “Kitabi-Dədə Qorqud”dan, Həsənoğludan bu yana ən incə hissləri, kəskin fikirləri ifadə etməyə qadir musiqili, rəvan dilim. Bəri gəlgıl, başım baxtı, evim taxtı, Evdən çıxıb yürüyəndə sərv boylum... 1300 ildən çox keçməsinə baxmayaraq, dəyişməyən, öz kökün-əslin saxlayan nəcabətli dilim. Vaxt oldu, farspərəstlər səni saraya yaxın qoymadı, yazıya almadı. Amma sən bir yerdə dayanmadın, dildən-dilə düşdün, inkişaf etdin, bayatı dili oldun, mahnıya çevrildin, nağıla döndün, dastan oldun, qəzələ çevrildin, mürəbbe oldun, poema donuna girdin, incə mətləblərdən tutmuş, fəlsəfii fikirlərə qədər hər şeyi sərrast, səlis ifadə etdin. Həsənoğlu ilə yola çıxıb, Qazi Bürhanəddinin, İ.Nəsiminin, Şah babamız Xətayinin, Həbibinin yaradıcılığı ilə böyük inkişaf yolu keçdin, M. Füzuli qələmi ilə zirvələr fəth etdin. Gör nə sultanəm məni-dərviş kim, feyzi-süxən Eyləmiş iqbalimi asari-nüsrət məzhəri... Hər sözüm bir pəhlivandır kim, bulub təyidi-həqq, Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri. M.F.Axundovun qələmində bir başqa cür, M.Ə.Sabirin, C. Məmmədquluzadənin qələmində bir başqa cür özünü büruzə verdin. Həm Şimalda, həm Cənubda sənin təbii inkişaf yolunu nə qədər kəsmək istəsələr də, buna nail ola bilmədilər. Cənubda Şəhriyar “ Heydərbaba“ vasitəsilə salam dedi şövkətimizə, elimüzə, Onun da adı daim qaldı bizim dilimüzdə. “Anamın kitabı”nda yad məmləkətlərdə oxumuş "obravozonski" övladların səni hərəsi bir dilə tərəf çəkmək istəsələr də, dəyərli, səni sevən övladların – Gülbaharlar səni məhv olmağa qoymadı. Bu gün Azərbaycan dilinin dövlət dili kimi işlənməsi ilə bağlı hörmətli Prezidentimiz bir neçə fərman imzalayıb ki, bu da qədirbilən övladıarının sənə sevgisinin, məhəbbətinin nəticəsidir. Bu gün, çox şükürlər olsun ki, sən çətin, keşməkeşli günləri geridə qoyaraq müstəqil Azərbaycan Respublikasının dövlət dilisən. Bu gün hamı - bütün Azərbaycan öz ana dilində qürurla danışır. Prezidentin son çıxışlarında sən necə də şirinsən, əzəmətlisən, qürurlusan. Biz fəxr edirik ki, bizim ana dilimizsən, Azərbaycan dilim. Uğrunda yüzlərlə can qurban oldu ki, bunlardan Cənubda ana dilini təbliğ edən Mərziyəni heç vaxt unutmuram və bu yazımı da onun sözləri ilə bitirmək istəyirəm: Niyə mənim anam “madər”, Atam “pədər” olsun? Bu dolaşıq ticarətdə Niyə mənim doğmalarım Özgəsinin tapdağında hədər olsun? Niyə yadın bəhməzinə “bal” deməli? Öz aşıma “yal” deməli? Niyə mənim ana dilim Gəlmə dilin qabağında Titim-titim titrəməli? Niyə doğmam yad olmalı? Öz sözlərim öz dilimdən qovulmalı? Ey “Anamın kitabı”nda adı qalan Doğma ikən, ögey olan Sinə dağım. Ey bu günü dilim-dilim, Parçalanan ana dilim. Sinəsində od qalanan ana dilim. Qapıların arxasında Boynu bükük qalan dilim. Var ikən yox olan dilim. Ayaqlarda kilim dilim. Vuruşlarda bir qəhrəman, Barışlarda həlim dilim! Dünəni möhtəşəm, sabahı nurlu, İndisi tapdanıb ovulan dilim, Analı, atalı, a yetim dilim! Şərəfim, şöhrətim, qeyrətim dilim. İndi sən qapılarda qalmamısan, yetim deyilsən, yüksək tribunalardan əzəmətlə səslənirsən, vüqarlı dilim, keşməkeşlərdən mərd-mərdana çıxan dilim! İnşallah, tezliklə Bakı küçələrini başına almış xarici dilli reklam və müəssisə adlarından da qurtulacaq və sən öz layiqli yerini tutacaqsan! Ona da az qalıb! Qələbə hər yerdə, hər zaman son gülənindir! Qarabağ işğaldan azad olduğu kimi, Bakı da xarici dillərin işğalından azad olacaq! Zəfər bizimdir!
© 2020 - Created by İLK XEBER.