İranın Ali Liderinin və prezidentinin Bakıya dəstəyinə yeni reaksiyalar

Seyid Əli Xameneinin və Həsən Ruhaninin ermənilərin işğal edilmiş torpaqlarımızdan çıxmasına çağırışı Azərbaycanda təqdir olunur - politoloqlar deyirlər ki, bu, həm də müsəlman həmrəyliyidir

İranın Ali Lideri Ayətulla Seyid Əli Xameneinin Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi ilə əlaqədar son bəyanatı Ermənistana növbəti siyasi zərbə kimi qiymətləndirilir. Xameneinin ardınca prezident Həsən Ruhaninin də ermənilərin işğal edilmiş Azərbaycan torpaqlarından çıxmasına çağırışı İrəvanın nokauta salınmasına bənzəyir. Ermənistan təhlükəli və etibarsız qonşu olduğunu bütün çevrəsinə nümayiş etdirməkdədir. Onların Rusiyadan sonra İranı da itirməsi göstərir ki, region dövlətləri hansı ölkəni haqlı sayırlar. Baş nazir Nikol Paşinyan ümid edirdi ki, Rusiya prezident Vladimir Putinin dəstəyini qazanmış olacaq. Lakin Kreml rəhbəri müharibənin Azərbaycan ərazisində getdiyini dönə-dönə təkrarladı. Paşinyan bu dəfə İrandan xoş söz eşitmək arzusundaydı ki, ümidləri suya düşdü. Türkiyənin, eləcə də Gürcüstanın da bu məsələdə mövqeyi aydındır və regionda işğalçı Ermənistanı dəstəkləyən qüvvə qalmayıb. Onlar İranı da itirməklə bu siyasətin altını müharibədən sonra hələ çox çəkəcəklər. Sözsüz ki, Tehranın sərgilədiyi münasibət ədalətin öz yerini gec-tez tapmasıdır. Birincisi, Qarabağ Azərbaycan torpaqlarıdır, ikincisi, İranla dini bağlılığımız, ən əsası iqtisadi əməkdaşlığımız var. Belə olan halda İranın Qarabağda gedən müharibədə Azərbaycanı dəstəkləməsi təqdir olunmalıdır. Politoloq Qabil Hüseynli də “Yeni Müsavat”a İranın Ali Liderinin və prezidentinin açıqlamalarını dəyərləndirərkən qeyd etdi ki, bu mövqe bəyənilməlidir. Siyasi şərhçi hesab edir ki, İranın bu mövqeyinin formalaşmasında oradakı ictimaiyyətin rolunu da danmaq olmaz. “İrandakı azərbaycanlıların reaksiyası rəsmi Tehranın doğru mövqeyinə təkan verdi. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, İran teokratik ölkədir, şiə məzhəblidir. Azərbaycan əhalisinin də çoxu şiədir. Orada şahlar azərbaycanlı olub. İndiki Ali Lider də azərbaycanlıdır. Ona görə İrandakı islamçılar anlayırlar ki, Qarabağ müsəlman torpağıdır, orada ermənilər köklü yaşamayıb, köçürülüblər.  Qriboyedovun xatirələrində də göstərilir ki, çar Rusiyası tərəfindən ermənilər Suriyadan, İrandan, Anadoludan bu ərazilərə gətirilib və yerləşdiriblər. Bu faktlar İran tarixçilərinə bəllidir və İran reallıqlara söykənərək təqdirəlayiq münasibət sərgiləyir”, - deyə Q.Hüseynli bildirdi. Ekspert Xameneinin və Ruhaninin Azərbaycanın mövqeyini dəstəkləməsini müsəlman, hətta şiə həmrəyliyi kimi dəyərləndirdi: "İran dünyanın şiələrinin lider ölkəsidir. Qarabağ da müsəlman torpaqlarıdır. Bundan başqa, İranla yaxın qonşuluq, dostluq siyasətinə hər zaman ciddi əhəmiyyət vermişik, ticari əlaqələrimiz genişlənir". Q.Hüseynlinin fikrincə, haqq işimizdə İranın yanımızda olması Azərbaycan xalqının da ürəyincədir: “İran siyasi liderləri bu addımla 10 milyondan artıq xalqın hörmətini qazanmış oldu. Bundan əlavə, İran güclü dövlətdir və siyasi dəstəyini ifadə etməsi bizim danışıqlar masasında da əlimizi gücləndirən amildir”. Azad Məsiyev: “Güclü deyilsənsə…” » www.tezadlar.az Siyasi analitik Azad Məsiyevin fikrincə, Paşinyan Soros Fondunun sponsorluğu ilə hakimiyyətə gəlib və bununla Ermənistanda Amerikanın, Qərbin maraqlarının təmin olunması istiqamətində siyasət qurulub: “Təbii ki, ABŞ-ın Cənubi Qafqazda bu siyasəti tək Rusiyaya deyil, həm də İrana yönəlikdir. ABŞ Ermənistan üzərindən İrana müdaxilə etmək məqsədi güdür. Tehran bu siyasəti görməmiş deyil. Ona görə Tehran maraqlıdır ki, tezliklə Qarabağ işğaldan azad edisin, bu münaqişə Azərbaycanın xeyrinə həllini tapsın, Tehranla Bakı arasında hər hansı narazılıq yaranmasın". A.Məsiyevin sözlərinə görə, bundan başqa İranla dini yaxınlığımız var, orada milyonlarla soydaşımız yaşayır və Tehran istəməz ki, münasibətlər gərginləşsin: “Artıq münaqişə Azərbaycanın diktəsi ilə həll olunur və BMT qətnamələri Ordumuz tərəfindən icra edilir. İranın da sülhməramlı təşəbbüsünü irəli sürməsi maraqlarımıza uyğundur, təqdirəlayiqdir”. İranlı siyasi ekspert Mirzə Rəsul İsmayılzadə isə “Trend”ə deyib ki, rəsmi Tehran heç vaxt işğalçılıqla barışmayıb və buna görə də Ali Lider İranın dəyişilməz mövqeyini bir daha vurğulayıb. “Fikrimcə, İranın Ali Liderinin Azərbaycanın bütün işğal olunmuş ərazilərinin azad edilməsini və Azərbaycana qaytarılmasını qeyd etməsinin həm ölkə daxilinə, həm regiona, həm də dünyaya mesajı var. İran daxilində kütləvi informasiya vasitələri Tehranın bu haqlı mövqeyini dəstəkləməlidirlər. İranda bütün şəxslər, ekspertlər artıq ali liderin mövqeyini tam şəffaf şəkildə bilirlər. Artıq region ölkələrinə, əsasən də Ermənistana bəllidir ki, İran işğalçılığın davam etməsi ilə razılaşmır. İran ilk növbədə işğalçılığa sülh yolu ilə son qoyulması və müzakirə ilə həll olunmasının tərəfdarıdır. Lakin hər halda, Azərbaycanın haqqıdır ki, öz ərazilərini işğaldan azad etsin. İranın Ali Liderinin dünyaya mesajı budur ki, İran işğalçılıqla əsla barışmır və barışmayacaq". “Yeni Müsavat”