Lavrovun cədvəl açıqlaması - o, nəyi nəzərdə tutur...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Kommersant” nəşrinə müsahibəsi zamanı Ermənistanla Azərbaycan arasında gedən müharibə barədə geniş danışıb. Lavrov bildirib ki, münaqişə tərəfləri kimi, həm də onların bütün xarici tərəfdaşlarının da atəşkəsə dair müqavilələrə, nəzarət mexanizminin yaradılmasına və müəyyən bir cədvəllə məzmunlu danışıqlar prosesinin bərpasına ciddi şəkildə riayət etməsi vacibdir: “Davamlı atəşkəsə nail olmaq dərhal mümkün olmasa da, bölgədəki bütün təsir gücümüzdən istifadə etməyə davam edəcəyik, hərbi ssenarinin gələcək inkişafını dayandırmaq, tərəflər arasında dialoq qurmaq və Bakı ilə İrəvanı danışıqlar masasına oturmağa razı salmaq üçün türk tərəfdaşlarımızla birlikdə çalışacağıq”. Lavrovun fikirlərini “Yeni Müsavat”a şərh edən siyasi analitik Azad Məsiyev bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə mərhələli  həll variantını Rusiya prezidenti Vladimir Putin dəstəkləmişdi və bu sahədə işlərin həyata keçməsini istəyirdi: “Qərb dairələri tərəfindən inqilab yolu ilə hakimiyyətə gətirilən Nikol Paşinyan mərhələli həll planından imtina etdikdən sonra  münaqişənin hərb yolu ilə çözülməsindən başqa yol qalmadı. Bu gün nəticə göz qabağındadır, Azərbaycan tərəfi  reallığa uyğun davrandı və gücün qanununu tətbiq edərək ədaləti bərpa etməyə başladı. Regionda baş verən hadisələr Rusiyanın maraq dairəsindədir. İstər Azərbaycan, istərsə də Ermənistan Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir. Bunu Lavrov müsahibəsində daha geniş formada bildirib. Lakin Lavrov üç dəfə atəşkəs razılaşmasını məhz Ermənistanın pozduğunu dilə gətirməyib. Problemin danışıqlar yolu ilə həlli istənilirsə, hər şeyi olduğu kimi qeyd etmək lazımdır. Rusiya münaqişənin tezliklə həllini istəyirsə, Ermənistana rayonlardan ordunu çıxarmağın əksini tapdığı konkret qrafiki elan etməsi üçün təsir göstərməlidir. Azad Məsiyev: “Güclü deyilsənsə…” » www.tezadlar.az  Azad Məsiyev  Bir müddət öncə Rusiya prezidentinin “müharibə Azərbaycanın ərazisində gedir” deməsi onun bu hadisələrdə bitərəf olmasından xəbər verir. Lakin Lavrovun müsahibə və açıqlamalarında bunu görmürük. Eyni zamanda Putin belə bir fikir də işlətmişdi ki, Azərbaycan və Ermənistan öz aralarında problemi həll etsinlər, biz qarant dura bilərik. İndi biz öz aramızda problemi hərb yolu ilə həll edirik. Artıq situasiyaya Azərbaycan tərəfi diqtə edir, hadisələr bizim nəzarətimiz altındadır, məğlub olan tərəf Ermənistandır. Prezident İlham Əliyev açıq şəkildə bildirib ki, hərbi əməliyyatlar bir halda dayandırıla bilər ki, erməni tərəfi işğal altında olan ərazilərimizdən  hərbi qüvvələrini təcili çıxarmalıdır, bu barədə cədvəl verməlidir. Əks təqdirdə, müharibə dayanmayacaq. Rusiyanın xarici işlər naziri Lavrov Ermənistandan bu cədvəlin verilməsini tələb etməlidir. Danışıqların cədvəli məsələsi ilə qoşunların Azərbaycanın rayonlarından çıxarılmasının günlərini göstərən cədvəl başqa-başqa şeylərdir. Birinci qoşunların çıxarılması cədvəli olmalıdır, ondan sonra danışıqlarla bağlı cədvəl müzakirə oluna bilər". “Yeni Müsavat”