“Rusiya prezidenti V.Putinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivləri ilə bağlı sualı cavablandırarkən söylədiyi fikirlər narahatlıq doğuran sətiraltı mənalarla doludur”-bu fikirlər Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyliyə məxsusdur. Partiya sdrinin fikrincə, bu sətiraltı mənalar münaqişəyə dair ermənilərin mövqeyinə və hərəkətlərinə bir növ haqq qazındirmaq cəhdi kimi qiymətləndirilə bilər: “Birincisi, V.Putin münaqişənin başlanmasını 1988-ci il Sumqayıt hadisələri ilə əlaqələndirir. İkincisi, V.Putin Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunmasını (onun sozləri ilə desək – Ermənistanın nəzarəti altına keçməsini) insanların təhlükəsizliyinin təmin olunması ilə əlaqələndirir. Hər 2 halda Rusiya prezidenti ermənilərin tezislərini, demək olar ki, olduğu kimi təkrarlayır. Üçüncüsü, V.Putin Dağlıq Qarabağın və işğal olunmuş digər 7 rayonun əzəli Azərbaycan ərazisi olmasını öz adından deyil, Azərbaycanın dediyini bildirir. Sitat belədir: “Azərbaycan nə deyir? Deyir ki, həmin yeddi rayonun nə etnik münaqişəyə, nə də Ermənistana heç bir aidiyyəti yoxdur. Bunlar əzəli Azərbaycan əraziləridir. Və Azərbaycan deyir: bizim bu əraziləri özümüzə qaytarmaq və Dağlıq Qarabağla münasibətləri aydınlaşdırmaq hüququmuz var. Başa düşürsüzmü, hər kəsin öz həqiqəti var. Və burada sadə həll yoxdur...” Dördüncüsü, daha təhlükəlisi isə, V.Putin münaqişənin hər iki tərəfi razı salacaq maraqlar balansının tapılması yolu ilə həll variantını bir daha təsdiq etməsidir. Həm də bu maraqlar balansı bir tərəfdən Azərbaycan xalqının, digər tərəfdən isə Ermənistan dövlətinin və erməni xalqının (?!!) maraqlarını nəzərə almaqla tapılmalıdır. Qeyd edək ki, münaqişənin həllinin bu variantı “Lavrov planı” kimi məşhurdur. Onun sözlərinə görə, Ermənistanın işğal etdiyi və keçmiş Dağlıq Qarabağa aid olmayan 7 rayondan ilkin mərhələdə 5-nin, sonrakı mərhələdə isə daha 2-nin qaytarılması Azərbaycan xalqının maraqlarının nəzərə alınması deməkdir. Həm də sonuncu 2 rayonun qaytarılması Qarabağ zonası üçün müəyyən rejimin və Ermənistanla qarşılıqlı əlaqənin təmin olunması ilə şərtləndirir. Qarabağ zonası üçün (burada keçmiş Dağlıq Qarabağın ermənilərin yaşadığı ərazilər deyil, bütövlükdə Qarabağ ərazisi nəzərdə tutulur) müəyyən rejimin (həmin rejimin bəzi şərtləri də göstərilir) və Ermənistanla qarşılıqlı əlaqənin təmin olunması isə Ermənistan dövlətinin və erməni xalqının maraqlarının nəzərə alınması hesab olunur. Burada da keçmiş Dağlıq Qarabağın ərazisində yaşayan ermənilərin maraqlarından deyil, bütövlükdə erməni xalqının maraqlarından söhbət gedir. Göründüyü kimi, Rusiya prezidenti Azərbaycanın ərazisində xüsusi bir rejim yaratmaqla Ermənistan dövlətinin və erməni xalqının maraqlarının təmin olunmasını zəruri sayır. Beşincisi, V.Putin münaqişənin həllində Türkiyənin birbaşa iştirakını mümkün hesab etmir. Bildirir ki, hərbi əməliyyatlar dərhal dayandırılmalı (yəni Azərbaycan işğal altında qalan ətazılərni azad etməkdən imtina etməli), tərəflər danışıqlar masasına əyləşərək həmsədrlərin – Rusiya, ABŞ və Fransanın - formalaşdırdığı təkliflər əsasında konsensus və maraqlar balansı tapılmalıdır. Türkiyə və bir sıra Avropa ölkələri də daxil olmaqla Minsk qrupunun digər üzvləri də bu prosesdə iştirak edir”. Beləliklə, Q.Əlibəyli hesab edir ki, V.Putinin fikirlərində əslində heç bir yenilik yoxdur. Rusiya prezidenti münaqişənin əvvəlində ölkəsinin yeritdiyi siyasətə sadiq qaldığını bir daha təsdiq edir. Ona görə də, həmin fikirləri yeni yanaşma kimi təqdim edib vəcdə gəlmək, eyforiyaya qapılmaq lazım deyil. İlkxeber.org
© 2020 - Created by İLK XEBER.