“İlkxeber.org” saytı Rza şah Pəhləvinin həyat yoldaşı, Məhəmmədrza şah Pəhləvinin anası Tacülmülük Bakuvi Ayruminin “Pəhləvi kraliçasının xatirələri” adlı kitabınından növbəti hissəni oxuculara təqdim edirik. Xatırladaq ki, kitabı fars dilindən Azərbaycan dilinə İbrahim Quliyev və Rafiq Novruzov tərcümə edib.
(Əvvəli bu linkdə: https://ilkxeber.org/pəhləvi-kralicasinin-xatirələri/
Vəliəhd Məhəmmədrzanın nikahı
Mən irəlidə öz nikahımdan danışdım, indi isə Məhəmmədrzanın izdivacı barədə qısaca söhbət açmaq istəyirəm. Məhəmmədrzanın birinci həyat yoldaşı şahzadə xanım Fövziyə olmuşdu. O, 1318-ci ildə isfənd ayının 24-də Məlik Fuadm qızı (Məlik Faruqun bacısı) şahzadə xanım Fövziyə ilə evlənmişdi.
(Şərh - Məhəmmədrzarun Məlik Faruqun bacısı Fövziyə ilə nigahı 1317-ci ildə planlaşdırılmışdı. Bu nikah iki rejimi İran və Misiri yaxınlaşdırmaq üçün ingilislər tərəfindən hazırlanmışdı. Fövziyənin atası Məlik Fuad ingilislərin baş nökəri idi. O vaxt ki Misir Britaniyanın müstəmləkəsi idi o, Misir hakimiyyətini ələ keçirdi və ingilislərin himayəsi ilə özünə məlik titulu verdi).
O zaman Məhəmmədrza vəliəhd, Məlik Faruq isə padişah idi. Yəni İran vəliəhdi Misir padşahının bacısı ilə nikaha girdi. Nişan mərasimi 24 isfənddə, toy mərasimi isə həmin ayın 28-də oldu. Bu izdivacın bəhrəsi mənim əziz nəvəm və gözümün nuru Şahnaz oldu. Fövziyə 10 il Məhəmmədrza ilə ömür sürdü, ancaq həmişə öz vətəni üçün darıxdığını, Qahirəyə qayıtmaq istədiyini bildirir və hətta misirli bir taksi sürücüsünün həyat yoldaşı olmağı belə İranda qalmaqdan üstün tutduğunu dilə gətirdi.
(İndi hadisəni bir qədər təfərrüatlı şəkildə nəql edək. İranda elçilik barədə qərar qətiləşəndən sonra şah sarayının o zamankı nüfuzlu şəxslərindən biri (yəqin ki, saray aparatının rəhbəri) Mahmud Cəmin (müdir ül-mülk) başçılığı altında yığcam bir heyət Qahirəyə yola düşdü. 10-15 gündən sonra geri qayıdan elçilər Məlik Faruqun razılaşdığını bildirdilər. Çox ehtimal ki, Faruq da əvvəlcədən ingilislər tərəfindən məsələ barədə xəbərdar edilmiş, qərar qəbul etməyə hazırlanmışdı. Əks halda, o, heç kimlə məsləhətləşmədən bacısını birdən-birə İran vəliəhdinə verməzdi. Hər halda heyət vəzifəsini yerinə yetirmiş, məsələ həll olunmuşdu. Sonra qərara alındı ki, Fövziyənin ailəsi İrana gəlsin. Faruq özü gəlmədi, amma anası dörd qızı ilə bərabər (Fövziyə ailənin böyük qızı idi) gəmi ilə İran limanlarından birinə gəlib, oradan qatarla Tehrana varid oldu. 1318-ci ilin fərvərdin ayında Rza xan şəxsən özü qonaqları qarşılamaq üçün dəmir yol vağzalına getdi. Toy Gülüstan sarayında oldu (Kəbin Misirdə kəsilmişdi).
Fövziyə heç cür İran həyatına uyğunlaşa bilmirdi. Burada ona məhrəm olan insanlar yalnız özü ilə İrana gətirdiyi bir misirli ailə idi. O, təkcə bu adamlarla söhbət edir və arabir də Misirin İrandakı səfiri və onun xanımı ilə təmasa girirdi. Bu izdivac sadəcə olaraq çarəsizlikdən baş tutmuşdu. Heç kəs onun narahatlığını və gözlənilmədən ailəsindən ayrı düşməsinin səbəbini anlaya bilmirdi. Şahın ailəsi, xüsusilə də bacıları onunla sərt rəftar edirdi. İskəndər Dildəm, “Rza şahın macəra dolu həyatı”, səh. 384)
Mən və qızlarım onu tək qoymamağa, qəribliyini hiss etməsin deyə imkan daxilində onu əyləndirməyə çalışırdıq. Hətta Rzanın şahlığı dövründə Fövziyənin bütün ailə üzvləri birlikdə bir neçə dəfə İrana gəlib onun yanında qaldılar.
Onu da vurğulamalıyam ki, mən əvvəldən Məhəmmədrza ilə Fövziyənin nikahına razılıq verməmişdim və Rzaya təzyiq edərək demişdim ki, bir iranlı qız alsın. Çünki iki ayrı-ayrı millətin, iki fərqli mədəniyyətin nümayəndəsinin bir- birini dərk eləməsi çox çətindir.
Nəhayət, bu iki ayrı-ayrı dünyagörüşə malik insanlar bir-birinə dözə bilmədi. Deyəsən, 1327-d ildə Məhəmmədrza Fövziyənin talağını verdi.
1330-cu ildən 1332-ci ilə qədər məmləkətdə çətinliklər yarandı, ayrı-ayrı qəzetlər özlərində cəsarət tapıb Pəhləvi səltənəti üzərinə hücuma keçdilər. Onlar şayiə yaymağa başladılar ki, guya, mən və qızlarım (Şəms və Əşrəf) Məhəmmdərza və Fövziyənin şəxsi həyatına müdaxilə edərək gənclərin ayırılmasına səbəb olmuşuq.
Bəri başdan deməliyəm ki, bu fikirlər həqiqətə uyğun deyil, əksinə, bizim əlaqələrimiz çox səmimi idi, hətta Fövziyə Məhəmmədrzadan ayrılandan sonra da bizim rəsmi dəvətimizlə Şahnazı görmək üçün İrana gəlmişdi. Biz onu dəfələrlə Avropa və Misir səfərlərində qarşılayıb-yola salmışdıq. Hələ də-bizim Fövziyə ilə ilk görüşümüzdən 40 il keçəndən sonra da-o, mənə müxtəlif münasibətlərlə təbrik göndərməkdə davam edir, bəzən isə telefon əlaqəsinə giririk. Avamlar məşhur ailələr haqqında dastan quraşdırmağı və şayiə yaymağı sevirlər.
Fövziyə çox gözəl və çox mehriban qız idi. Amma şirin dili yox idi, yəni ürəyindəkiləri gizlədə bilmirdi. Misal üçün vaxt-bivaxt deyirdi ki, o bu izdivaca razı olmayıb, qardaşının (Məlik Faruqun) təzyiqi altında Məhəmmədrzanın həyat yoldaşı olmağa razılıq verib. Əlbəttə, bu yaxşı söz deyildi və bu sözlər onunla ərinin arasında münasibətlərin soyuması ilə nəticələndi. Biz ona yaxınlaşmaq üçün xeyli çalışdıq, amma ərəblər nanəcib adamlardır, bizim gözləntilərimizin əksinə olaraq, bir yol tapılmadı. Fövziyə şahzadə olduğundan, o dövrdəki Misir padişahının bacısı olduğundan, burnunu dik tutur, başqalarına həqarət gözü ilə baxırdı, daha doğrusu, çox təkəbbürlü idi.
Anası (ülyahəzrət Nazlı) və bacıları da İrana gəldikləri vaxtlarda özlərini belə aparırdılar. Rza və biz onlara xüsusi məhəbbətlə yanaşdığımız halda, onlar pişiksayağı hərəkət edirdüər. Məsələn, onlar belə davranırdılar ki, guya, qızlarını bizə verməklə bizə böyük iltifat göstəriblər. Bir dəfə ülyahəzrət Nazlı mənə dedi ki, dünyada İranı tanıyan yoxdur, Misir isə bir mədəni ölkədir, dünyanın mühüm dövlətlərindəndir. Fövziyə də dilinin zəhəri baxımından onlardan geri qalmırdı, ailəsi və əcdadı haqqında danışanda deyirdi ki, o, Misirin hakim nəsilindəndir və s. və i.a. Bunun ardınca isə özünəməxsus kinayə ilə belə bir izahat verirdi: Pəhləvi ailəsinin əsli yoxdur, Rza hakimiyyəti qəsb yolu ilə Qacarların əlindən alıb. Bu fikirləri onun beyninə anası yeridirdi və o da bir sadə qız olaraq onları dilə gətirir, münasibətlərin korlanmasına səbəb olurdu.
Müəyyəd ül-Müluk və İsmayıl xan Mirat kimi bəzi mühafizəkar şəxslər Rzaya təlqin etmişdilər ki, Məhəmmədrzanın vəliəhdliyi üçün o, oğlunu mütləq şah ailəsindən olan bir qızla evləndirməlidir. Yalnız bu halda onun taxt-taca şansı ola bilər. İsmail Mirat 1299-cu il (1920) Hut çevrilişindən sonra Rzaya fars xəttatlığını və əlyazma oxumağı təlim edir, onun üçün tarix kitabı oxuyurdu. Miratın təlqinləri nəticəsində Rza Məhəmmədrzanı evləndirmək üçün bir şahzadə axtarırdı. Əvvəl bizim hamımızın nəzəri İraqın kralı Məlik Feysəlin ailəsinə yönəlmişdi. İstəyirdik ki, bu ailənin bir qızını Məhəmmədrzaya həyat yoldaşı seçək. Rza deyirdi ki, əgər Məhəmmədrzanı İraq şahının ailəsindən olan bir qızla evləndirsək, bu, İran və İraq arasında münasibətlərin güclənməsinə və yaxşılaşmasına səbəb olacaq. Bu məsələ ilə bağlı bir xeyli araşdırma aparandan sonra öyrəndik ki, Məlik Feysəlin (o zamankı İraq padişahı) böyük qızının cəmi iki yaşı var. Məhəmmədrza onunla izdivaca girmək üçün ən azı on beş, on altı il gözləməlidir.
Rza sonradan Məhəmmədrza üçün Avropa kral ailələrindən birinin qızını almaq fikrinə düşdü. Amma müşavirləri bildirdilər ki, gələcəkdə bir islam məmləkətinin padşahı olacaq Məhəmmədrza üçün bir xristian qız almaq yaxşı olmaz, mollaların qəzəbinə səbəb olar. Elə bu zaman, yəni Rza Məhəmmədrzaya şahzadə tapmaq üçün hər qapını döyməyə hazır olduğu bir vaxtda Süleyman xan Behbud Misir padşahının ailəsinə diqqət yetirməyi təklif etdi.
(Qeyd: Mövcud sənədlər Süleyman Behbudun İran sarayında ingilis nümayəndəsi olduğunu göstərir. Buna görə də Süleyman Behbudun təklifini Londonun təklifi kimi dəyərləndirmək olar).
Fövziyənin atası Məlik Fuad Misir hələ Böyük Britaniyanın müstəmləkəsi olan vaxt hakimiyyəti ələ almış və Misir padşahı olmuşdu. O, Məhəmmədrza ilə Fövziyənin izdivacından 4-5 il qabaq vəfat etmişdi. Oğlu Faruq Misirin padşahı idi. Məlik Faruqun 4 bacısı var idi. İkinci Məlik Fuad adlı yeganə oğlu isə qısa müddətə Misirdə şahlıq etdi. Bu ailə irq baxımından avropalı idi, yerli misirlilərə qətiyyən bənzəmirdi: gözləri qarğa gözlərinə oxşayır, saçları sarı, dəriləri ağ idi. Məlik Faruqun bütün ailəsi belə zahiri görünüşə malik idi. Fövziyə deyirdi ki, onların əcdadı yunandır.
Bu nikahda tərəflər arasında eşq və məhəbbətdən söhbət gedə bilməzdi, çünki gəlin və bəy heç vaxt bir-birini görməmişdi. Elə ki Məhəmmədrzanın Fövziyə ilə evlənmək məsələsi söhbətdən əməli iş mərhələsinə keçdi müdir-ol-mülk Fövziyənin bir neçə şəklini, Fövziyə və Misir şahının ailəsinin fotoları çap olunmuş bir neçə ərəb və ingilisdilli qəzeti götürüb bizim üçün gətirdi ki, gələcək gəlinimizi tanıyaq.
Nikah mərasimi Qahirədə həyata keçirildi. Məhəmmədrza mərasimdə iştirak etmək üçün geniş bir heyətlə Misirə yola düşdü. Mən də bu səfərdə Məhəmmədrza ilə bir yerdə idim. Toy mərasimi Tehranda keçirildi və Misirin şah ailəsi də Fövziyə ilə birgə İran paytaxtına gəlmişdi.
Qeyd etməliyəm ki, Fövziyə ilə birgə anası və üç bacısı da İran paytaxtına gəlmişdi, amma dövlətçilik işinə başı qarışan Məlik Faruq mərasimdə iştirak edə bilmədi. Gəlinlə birgə gələn heyət dəniz vasitəsilə Şahpur limanına
(hazırda Xomeyni limanı adlanır), oradan dəmir yolu ilə Tehrana yetişdilər. Bu dövrdə Rza dəmir yolunu Fars körfəzindən çəkib, ölkənin cənubunda yerləşən Bəndəre-Şahpuru (Şahpur limanı) şimalda, Xəzər dənizinin sahilində yerləşən Bəndəre-Şahla (Şah limanı) birləşdirə bilmişdi. Rza göstəriş vermişdi ki, dəmir yolu boyunca bütün kənd evləri ağ rəngə boyadılsın, gəlinin və onun ailəsinin gəldiyi yol yenidən qurulsun, tərtəmiz təmizlənsin. Qatar keçən şəhərlərdə də təntənəli zəfər tağı qurulmuş, üzərində “xoş gəlmisiniz” və “təbrik” sözləri yazılmış parçalar asılmışdı. O zaman bütün İranı əhatə edən dəmir yolunun açılışından bir ilə yaxın vaxt keçmişdi və Rza İranın mötəbər Avropa ölkələri kimi dəmir yoluna sahib olmasından çox xoşhal idi. Gəlin və Misirin hakim ailəsi Tehranın dəmir yol vağzalına çatanda Rza şəxsən özü onları qarşılamağa getdi. Şəms, Əşrəf, Əlirza da getmişdilər, amma mən getmədim. Toy mərasimi, səhv etmirəmsə, 1318-ci ilin fərvərdin ayında (1939-cu il mart-aprel ayları) Gülüstan sarayında gerçəkləşdi. Fövziyə fransız dilini bildiyindən, Məhəmmədrza ilə yalnız fransızca danışırdı. Amma mən və digər ailə üzvlərimiz bu dili bilmədiyimizə görə, onunla heç bir əlaqəyə girə bilmirdik. Rza özü də Fövziyəni çox istəməsinə baxmayaraq, Məhəmmədrza, yaxud fransızcanı və ya ərəbcəni bilməyən bir tərcüməçi olmadan gəlini ilə söhbət edə bilmirdi. Əlbəttə, sonralar Fövziyə farscanı müəyyən qədər öyrəndi, amma Məhəmmədrza ərəbcə bir kəlmə də öyrənə bilmədi.
Toyun qonaqları min nəfərdən artıq olardı. Biz o zamana qədər belə yüksək və nüfuzlu qonaqlar qarşılamağa adət etməmişdik. Buna görə də qonaqlara xidmət etmək üçün Tehrana Almaniyadan bir neçə mütəxəssis dəvət etdik. Onlar qonaqlıq üçün lazımi “syursatı” hazırladılar
(Qeyd –
“syursat” fars dilinə rus dilindən keçmiş “sursat” sözüdür. Mənası hazırlıq, tədarük deməkdir).
Mən heç vaxt o toy məclisini unutmamış və unutmaram. Yeməklər ümumən Avropa üsulu ilə hazırlanmış yeməklər idi. Rza bu toya görə Almaniyadan boşqab, bıçaq, çəngəl, qaşıq, bir sözlə, hər cür qab-qacaq aldırıb gətirtmişdi. Eyni zamanda bütün qabların üzərində şahın tacının şəklinin çəkilməsinə göstəriş vermişdi. Qonaqların əsas qəbul mərasimi Gülüstan sarayının muzey salonunda təşkil olundu və xeyli şəkil çəkildi. Toy yeməklərinin hazırlanması üçün ən yaxşı aşpazlar cəlb edilmişdi: onların bəziləri Almaniyadan və bəziləri isə Fransadan gəlmişdi.
Rza oğlunun toyu üçün həqiqətən də bütün gücünü qoymuşdu, o, hələ bir neçə ay əvvəldən bu bayramın təşkili üçün bütün məmləkəti və dövlət orqanlarını hərəkətə gətirmişdi. O zamana qədər bu ölkədə belə bir milli bayram keçirilməmişdi, Rzanın göstərişi ilə məmləkətin bütün böyük və kiçik şəhərlərində çoxsaylı bayramlar təşkil olundu və toydan sonra özü gəlin və bəylə birlikdə Ramserə getdi.
Fövziyənin ailəsi toydan sonra da bir neçə ay İranda qaldı ki, Fövziyə buranın mühitinə alışsın. Nəhayət, onlar Misirə yola düşdülər və Fövziyə ona uşaq vaxtdan dayəlik etmiş, həqiqətdə isə onun lələsi olmuş bir misirli nədimə ilə İranda qaldı.
Rza gəlinlik hədiyyəsi kimi almaz, briliyant və müxtəlif zinət əşyalarından ibarət bir miqdar gözəl ləl-cəvahiratı Fövziyəyə bağışladı. Bu cavahirat Əhmədşah taxtdan salınandan sonra Gülüstan sarayında tapılmışdı. Fövziyənin anası və bacıları da Rzanın səxavətindən xeyli bəhrələndilər, onlar da nəfis hədiyyələr qazandılar.
Bütün bunlardan əlavə, Rza Adolf Hitlerdən hədiyyə aldığı bir avtomobili də Fövziyəyə töhfə etdi. Üstəlik, bu xanıma bir neçə yaşayış məskəni də bağışlandı. Biz də Fövziyəyə hər cür hədiyyələr verdik. Buradaca qeyd etməliyəm ki, Fövziyə bu qiymətli və bahalı hədiyyələrə bir o qədər diqqət yetirmir, ümumiyyətlə, adama elə gəlirdi ki, o, Məhəmmədrza ilə izdivac məsələsinə bir zarafat kimi yanaşır, bunu İrana bir turist gəzintisi, səfəri kimi təsəvvür edir.
Fövziyə son dərəcə gözəl və incə idi, amma guşənişinliyi sevirdi. Xüsusilə də, anası və bacıları gedəndən sonra daha adamayovuşmaz olmuşdu. O, çox utancaq idi, onunla söhbət edən vaxt üzü xəcalətdən qızarırdı. Mən bir müddətdən sonra belə nəticəyə gəldim ki, bu qız İranda özünü məhbus kimi hiss edir və getdikcə xüsusi şəraitin (təzə gəlinliyin) verdiyi sevinci, təravəti itirir.
Hətta Şahnazın dünyaya gəlişi də onun rəftarında dəyişiklik yaratmadı və yavaş-yavaş onu bezdirici elədi. Fövziyənin Məhəmmədrza ilə izdivacı xatirinə Məclis xüsusi qanun qəbul etmiş və ona iranlı milliyyəti vermişdi. Bu izdivac üçün xeyli zəhmət çəkildiyinə və Fövziyə vəliəhdin həyat yoldaşı kimi İranın gələcək kraliçası mövqeyini qazandığına görə onun talağı verilə bilməzdi. Xalq da onu sevirdi. Hamısından betəri vəliəhdin həyat yoldaşının talağ məsələsinin geri qalmış bir ölkədə gündəmə gəlməsi idi. Bu, hakim ailə barədə mənfi təbliğata səbəb olurdu.
Biz Fövziyəni inadından döndərmək üçün çox çalışdıq. Hətta Şəms və Əşrəf həftədə 3-4 dəfə onun dalınca gedib, bu Misir gözəlini Məhəmmədrza ilə müştərək həyatı davam etdirməyə və İranda qalmağa razı salmaq üçün son dərəcə böyük səy və təlaş göstərirdilər. Amma Fövziyə iki ayağını bir başmağa dirəyib boşanmaq istəyirdi. Nəhayət, bizimlə xudahafizləşmədən Qahirəyə qayıtdı və talağ məsələsini Misirin xarici işlər nazirinə tapşırdı. 1332-ci il tir ayının 30-da (1953 iyulun 21-i) Məhəmmədrza Fövziyənin talağını verəndən sonra qəzetlər özlərində şah ailəsindən yazmaq cəsarəti tapdılar. Məhəmməd Məsud kimi bir-iki yazıçı Fövziyənin boşanması ilə bağlı heç bir həqiqəti əks etdirməyən mübaliğəli əsərlər yazdılar. Onlar qeyd edirdilər ki, Şəms və Əşrəf Fövziyənin şəxsi həyatnıa müdaxilə edib və onların bu müdaxilələri Fövziyənin ailəsinin dağılmasına səbəb olub. Yaxud da yazırdılar ki, Fövziyənin ərinin anası çox əzazildir. Guya, mən müdaxilələrimlə Məhəmmədrza ilə Fövziyənin boşanmasına səbəb olmuşam.
O zaman İranda əksər gəlinlər ərin atası və anası ilə birgə yaşayırdı
Rzanın hakimiyyəti illərində xalqın məişəti, həyatı, rifahı xeyli yaxşılaşsa da və Qacar dövrü ilə müqayisəolunmaz səviyyədə yüksəlsə də, hələ qənaətbəxş deyildi. Bir neçə nəfərdən ibarət olan ailələrin əksəriyyəti bir otaqda yaşayır, cəmiyyət həyat baxımından geri qalır, mədəniyyətə diqqət yetirilmirdi. Bəzi yazıçılar və qəzetlər iki qəzet artıq satılsın və ciblərinə bir qədər pul gəlsin deyə şah ailəsinin heysiyyatı ilə oynayır, çoxlu uydurmalar yayırdılar. Bundan yazanlar gecələr qumarbazlıq edən, spirtli içkilər düşkünü olan və necə deyərlər, əyyaş həyat keçirdiklərinə görə xərcləri də artıq olan Kərimpur Şirazi, Məhəmməd Məsud kimi iki-üç nəfər idi. Həmin böhranlı illərdə Məhəmmədrza gənc idi, onun öz komandası yox idi. Onun qarşısındakılar isə köhnə siyasətçilər idi, onlar xarici qüvvələrə işləyirdilər və öz ətrafları, dəstələri var idi. Bu qəzetçilərin bəzisi Məclis sədrindən tapşınq alır, bəzilərinə göstərişi xarici səfirliklər verir, bir başqaları isə partiyalara mənsub idi. Xülasə, onlar ciddi-cəhdlə çalışırdılar ki, şah ailəsinin nüfuzunu sarsıdıb, Pəhləvi səltənətinin dayaqlarını zəiflətsinlər. Bunlar fikirləşirdilər ki, mən və qızlarım altı metrlik otaqda Fövziyə ilə birgə yaşayırıq, hər gün yemək hazırlayarkən, paltar yuyarkən bir-birimizlə cəngi-cidala çıxırıq.
Amma biz həftədə iki-üç dəfə Fövziyəni görürdük. Bu da Fövziyənin axşam yeməyinə mənim sarayıma gəldiyi vaxtlara düşürdü. Əşrəf və Səms də həftədə iki, yaxud üç dəfə onun sarayına gedib, Məhəmmədrza və Fövziyə ilə birgə məktub və sənədlərə baxırdılar.
Biz Fövziyəni sevirdik, o, Tehranda qərib olduğu üçün ona xüsusi məhəbbətlə yanaşırdıq ki, ürəyi sıxılmasın. Hətta Misirin səfirini, onun xanımını və İranda olan digər misirliləri də saraya dəvət edirdik. Onlar Fövziyənin ətrafında dövrələnir və oğrun baxışlarla onu süzürdülər.
Əlbəttə, mən bu yetkin çağımda, necə deyərlər, uzun illərin böyük təcrübəsindən sonra deməliyəm ki, xüsusi tərbiyə və özünəməxsus mədəni mühitdə böyümüş iki insanın ünsiyyət bağlaması çox çətindir. İki ayrı-ayrı millətə, ayrı-ayrı mədəniyyətə məxsus olan iki insanın geyim, yemək, əyləncə, ünsiyyət və s. adətləri də bir-birindən tam fərqlənir. Bəzən onun bir yeməkdən xoşu gəlir, bu biri isə onu bəyənmir. Onun öz musiqisindən xoşu gəlir, bu isə həmin musiqiyə nifrət edir. Məsələn, Fövziyə Misir və ərəb oxuyanlarının səsinə dönə-dönə qulaq asdığına görə Məhəmmədrza əsəbiləşirdi. Yaxşı olmasa da indi deməliyəm ki, Fövziyə bir qədər sadəlövh idi.
Qonaqlıqlarda Məhəmmədrzanın qonaqları ilə rəqs etməyə hazır olmurdu. Bilirsiniz ki, qonaqlıqlarda və bayram şənliklərində bir-birinin həyat yoldaşı ilə rəqs etmək qərblilərin adətidir. Amma Fövziyə rəqsə dəvət ediləndə çox vaxt heç yerindən qalxmırdı.
Xülasə, bu məcburi bir izdivac idi. Rza Məhəmmədrzanı Misir şahzadəsi ilə nikaha girməyə, Misir padşahı Məlik Faruq da bacısını İran vəliəhdi ilə ailə qurmağa məcbur eləmişdi. Amma ailə quranların heç birinin razılığı olmamışdı, hər ikisi bu nikahdan narazı idi.
Nə isə... 1327-ci ildə (1948) Fövziyə İranı tərk etdi, Qahirəyə (Misirə) yollandı və bir daha İrana qayıtmadı. Mənim Rzanın cənazəsinin Tehrana gətirilməsi ilə bağlı Məlik Faruq haqqında pis bir xatirəm var. Mərhum ərim sürgündə vəfat edən zaman ingilislər onun tabutunu Tehrana gətirməyə icazə
vermədilər
(Qeyd: Göründüyü kimi,İranda hətta ölünün dəfni belə ingilislərin razılığı ilə həyata keçirilirdi. Amma şah sarayı İranın müstəqil olmasından dəm vururdu). Buna görə də onun cənazəsini Misirə apardılar. Misirdə meyit mumiyalandı və Faruğun göstərişi ilə bu ölkənin sultanlarına məxsus adət-ənənə üzrə dəfn olundu.
İkinci Dünya müharibəsindən sonra Məhəmmədrza atasının cənazəsinin Tehrana gətirilməsi işinə başladı. Məlik Faruq Rzanın cənazəsinin yaninda olan əşyaları İrana göndərməkdən imtina etdi və onları mənimsədi. O yerə qədər ki yadımdadır, Tehrandan Rzanın dəfn mərasimi zamanı tabutunun üzərinə qoymaq üçün təmiz qızıldan olan və cavahiratla bəzədilmiş bir qılınc göndərmişdik. Digər qiymətli əşyalar da var idi, amma təəssüflə bildirirəm ki, Faruq onları qaytarmadı. Həmin vaxt dedi ki, Fövziyənin talağı haqqındakı şəhadətnamə Qahirəyə göndəriləndən sonra onları qaytaracaq. Lakin talağnamə göndəriləndə də Məlik Faruq nacinslik etdi, nə cavahirlə bəzədilmiş qılıncı, nə də digər qiymətli əşyaları qaytardı.
Sonradan Faruq hakimiyyətdən uzaqlaşdırıldı və Parisə getdi. O, burada hakimiyyəti dövründə topladığı pullarla əyyaşlığa qurşandı, sonda siflis xəstəliyinə tutularaq öldü.
Fövziyə də Məhəmmədrzadan sonra bir neçə dəfə ərə getdi, onun ikinci əri misirli bir müğənni idi, həm də çox məşhur idi. Ondan da ayrıldı və bir fransalıya ərə gedib, Parisdə yaşadı. Güman edirəm ki, hələ də həmin fransalı ilə yaşayır.
Mənim əziz Şahnazım bəzən anasının görüşünə gedir, amma Məhəmmədrza sonralar heç vaxt onu soraqlamadı, bizə də onun yanında Fövziyənin adını çəkməyə icazə vermədi. Fövziyə Meydanının adını da dəyişib Şahnaz Meydanı elədi. Mən şəxsən belə fikirləşirəm ki, Məhəmmədrzanın ərəblərdən xoşunun gəlməməsinin səbəblərindən biri də onun Fövziyə ilə bu məşum izdivacı olub.
Fövziyə ilə bağlı başqa məqamları da xatırlamaq üçün yaddaşımı çox qurdalayıram, amma yaşın çoxluğu və aradan uzun illərin keçməsi işi xeyli mü-rəkkəbləşdirir. Yəqin ki, bu məsələ ilə bağlı Əşrəf və Şəmsin yadında daha çox şey qalmış olar.
(davamı var)