1993-cü ildir. Bizim körpələr analarının kürəyində anlaqsız baxışlarla Qarabağdan çıxanda Sudanda da yüzlərlə uşaq acından ölürdü. Həmin il fotoqraf Kevin Karter Sudanda ac kərkəs quşunun ac uşağın ölümünü gözləməsi kadrını çəkir. Körpənin aclıqdan son nəfəsidir və az sonra yırtıcı quşa yem olacaq. Kevin özünə mövqe seçir ki, hər ikisini çəksin. Kərkəs uçmur və körpənin can verməsini gözləyir. Bu müşahidələrdən bezən fotoqraf bir neçə kadr götürür və oranı tərk edir. Bitdi! Nə vicdanı sızlayır, nə uşağı yırtıcı quşun caynaqlarından xilas etməyi fikirləşir, uşağı tək-tənha heyvana təslim etmiş olur. Kevinin fotosu dünyada çox məşhurdur. O, “Sudanda aclıq” fotosuna görə böyük mükafatlar alır, məşhur jurnallardan iş təklifləri gəlir. Fotoqraf yerə-göyə sığmır, ulduzluq başını gicəlləndirir, Pulitser mükafatını alır. Və günün birində K.Karter üçün hər şey finişə çatır. Ona suallar yağış kimi yağmağa başlayır - o sudanlı qızın taleyi necə oldu? Niyə fotoqraf körpəyə kömək etməyib? “Taym” jurnalı isə baltanı kökündən vurur - “Balaca qızın əzablı ölümünü çəkmək üçün sakitcə öz obyektivini hazırlayan adam oradakı yırtıcı quşdan fərqlənmir”. Halbuki, yaxınlıqda BMT-nin düşərgəsi olub, uşağı ora çatdırmaq lazım idi. Bu qədər... Vicdan əzabı onu yaşamağa qoymur, maşının qaz borusunu şlanqla salona birləşdirir, musiqiyə yüksək səs verir və yatır... Bərdədə 7 yaşlı Aysunun erməni terrorunun qurbanı olmasını donuq baxışlarla qarşılayan “beynəlxalq aləm” də o fotoqrafdan və kərkəs quşundan fərqlənmədi. Kevin heç olmasa illər sonra özündə güc tapır, peşman olur və intihara əl atır. Bizə isə heç bir beynəlxalq təşkilatın rəhbərinin özünü asması lazım deyildi. Sadəcə, günün günortaçağı Bərdəni Xirosimaya çevirən, 7 yaşlı Aysunu öldürən erməni faşizminə görə dünyanın “sülhpərvər” təşkilatlarının, sivilizasiya tərəfdarlarının tükü tərpənməliydi, səs-küylü bəyanatları olmalıydı, bir “Naviçok” zəhərinə görə Rusiya rəsmilərinə sanksiya tətbiq edən Avropa Birliyi və Böyük Britaniya analoji cəzanı Ermənistan rəhbərliyinə də kəsməliydi. Amma sudanlı qızın ölümünə baxar kimi, Aysunun qətlinə də Qərbin və dünyanın nüfuzlu əksər təşkilatları lal baxışlarla tamaşa etdilər. Əvəzində “Asosişayted press” Xankəndində olmayan doğum evinin dərdini çəkdi, orada doğulmamış körpələrə göz yaşı tökdü, bəsirət gözləri açılmadı ki, Gəncədə və Bərdədə qadağan edilmiş raketlərlə uşaqların necə öldürüldüyünü görsünlər. Belə çıxır ki, bu qurumlar üçün insan haqlarını qorumaq yalnız məmur özbaşınalığı, tənqidçi fəalın həbsindən ibarət imiş, Bərdədə öləndə insan haqqı pozulmurmuş. Onların kərkəs quşundan da vəhşi olan erməni terrorçularının əməllərinə fotoqraf Kevin kimi laqeyd yanaşması heç zaman yadımızdan çıxmayacaq. Necə ki 4 il qabaq Füzulidə iki yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsinə dünyanın başdansovdu reaksiyasını unutmamışıq. Bu günə kimi bir erməni körpəsinin Ordumuz tərəfindən vurulması, yaralanması faktı yoxdur. Olsaydı, çoxdan şüvən salmışdılar, Brüsselin, Kaliforniyanın küçələrində həşir qoparmışdılar və dünyanı üstümüzə qaldırmışdılar. Ancaq 27 sentyabrdan bəri 9 məktəblimiz erməni terrorunun qurbanı olub. Haradadır “Le Figaro”, “Guardian”, “Reuters”, Avropa Parlamenti, “Human rights watch”, sülh istəyən fondlar? Onlar çoxdan ləyaqətini Xocalıda, Sudanda, Kobanidə itiriblər. Mərhum Ozan Arif düz deyirdi: Körpələrin başları daşlarla əzilərkən Kimsə mənə deyəməz, dişlərini sıx artıq Bu köpək sənin, dünya, qapımızdan çək artıq!!! Emil Salamoğlu, Musavat.com
© 2020 - Created by İLK XEBER.