Millətimizin tək yumruq olaraq ordumuzu dəstəkləməsi, xalq-dövlət-ordu birliyinin qüvvətli bir şəkildə təzahür etməsi torpaqlarımızın azadlığı və haqq uğrunda düşmənlə mərd-mərdanə, şərəflə, ləyaqətlə mübarizə aparan müzəffər Ordumuzun əsgərlərinə ruh yüksəkliyi aşılayır, bu, bizi böyük qələbəyə daha da yaxınlaşdırır. Bunu Trend-ə Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanlı deyib. Onun sözlərinə görə, yaxın tariximizin ən ağrılı-acılı səhifələrindən biri olan Dağlıq Qarabağ münqişəsi və torpaqlarımızın iyirmi faizinin mənfur düşmən tərəfindən işğala məruz qalması xalqımızın taleyinə çox baha başa gəlib. Bu münaqişənin yaratdığı psixoloji travmaların təsirləri əhalinin müxtəlif təbəqələrində özünü uzun müddət hiss etdirib: "Belə ki, öz tarixi yurdunu, ata-baba ocağını və bu ocaq uğrunda vətənin igid övladlarını itirən Azərbaycan xalqının hər bir fərdi bu hissi və nisgili uzun illər özləri ilə daşıyıb. Sosioloji baxımdan cəmiyyətdə fərdləri eyni duygu, ruh və ideal ətrafında birləşdirən, birlik və həmrəylik ruhunu gücləndirən, millət olmalarını təmin edən taleyüklü hadisələr var. 27 senytabrdan bu günə qədər müzəffər Azərbaycan ordusunun cəbhə xəttinin bütün istiqamətlərində torpaqların ərazi bütövlüyü uğrunda apardığı qətiyyətli əks-hücum əməliyyatı xalqın fədakarlıq ruhunu, vətən və millət sevgisini və mənəvi gücünü nümayiş etdirən əhəmiyyətli hadisədir". Sosioloq hesab edir ki, hazırkı mərhələdə mövcud olan yüksək həmrəylik ruhu və əhval-ruhiyyə ərazi bütövlüyümüzün tam təmin olunmasından sonra müstəqil Azərbaycan dövlətinin daha çox yüksəlişi və tərəqqisi üçün də əlavə stimul olacaq: "Bütün sahələrdə inkişafı labüddür. Bunun üçün həm insan resurlarımızın elmi intellektual səviyyəsi, işgüzarlığı, təşəbbüskarlıq və yaradıcılıq keyfiyyətləri, həm də bunları rellaşdıracaq güclü iqtisadi potensialımız var".
© 2020 - Created by İLK XEBER.