Borçalı Cəmiyyəti”nin sədri, HƏP-in Ali Məclisinin sədri Zəlimxan Məmmədlinin təqdimatında Millətçilik və inancın vəhdəti – Zəlimxan bəy, əvvəl də bizim müsahibələrimiz olub, indi Azərbaycanda hərbi və siyasi proses gedir və bu gün baş verənləri 2018-ci ildə mənə verdiyiniz müsahibələr vasitəsilə proqnozlaşdırmışdınız. Vediyiniz proqnozlar əsasən doğru çıxdı. Bu gün yenidən baş verən proseslərlə bağlı fikrinizi öyrənmək istərdik, son zamanlar Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktları, istərsə Tovuz, Gəncə, istərsə münaqişə bölgəsində baş verənlər və erməni aqressiyasına qarşı Azərbaycanın atdığı adekvat addımlarla bağlı fikirləriniz maraqlıdır. – Qarabağ problemini həll etməməklə otuz ilə yaxın itirilmiş bu üzücü dönəmi yaşamağa məhkum edilmişdir. Qazancımız müstəqilliyimizdir ki, bu, qürur yerimizdir. Qarabağ müharibəsinin birinci mərhələsində milli iradə hesabına, adi silahlarla erməniləri Xankəndinin üstünə qədər qovmuşduq. Ermənilər danışığa gələn ərəfədə Moskvanın yerli əlaltıları ilə xəyanəti baş verdi, milli Elçibəy hakimiyyəti devrildi. O vaxtdan son zamanlara qədər lal-dinməz Qarabağ danışıqları gedir. 1994-cü ildə ATƏT-in Minsk qrupu adlı bir format Dağlıq Qarabağ probleminin həlli adı ilə prosesə sırındı və burda da ermənilərin milli, strateji maraqlarına məsul olan Rusiya və Fransa işbirliyi öz işini gördü. Azərbaycan zəif düşdü. BMT TŞ-nın, ABŞ-ın siyasi dəstəyinə baxmayaraq, Süleyman Dəmirəl Türkiyəsinin səssiz qalması Azərbaycan üzərində bu oyunların oynanılmasına gətirib çıxartdı. Milli iradə sıxışdırıldı, Rusiya söz sahibinə çevrildi, 5-ci kolonu hakimiyyətə yeritdi və Türkiyə də hakimiyyətin üzərinə gəlmək istəmədi. S.Dəmirəl özü demişdi ki, biz balaca Azərbaycana görə Rusiya ilə baş-başa gəlib özümüzü riskə ata bilmərik. O zaman keçdi, bu keçən zamanda Azərbaycanın haqq səsini dünyaya çıxaracaq mexanizm zədələndi. Azərbaycanın daxilinə yeridilmiş 5-ci kolon Rusiyanın maraqlarına uyğun olaraq demokratiyanı gözdən salmağa, Türk dünyası ilə əlaqələri zəiflətməyə, qanunsuzluqlara rəvac verərək insanlarda ümidsizlik aşılamağa, rusofillərin at oynatmasına şərait yaratmağa başladılar. Hesab etdilər ki, tədricən ermənilər qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq, Azərbaycanın ərazisində ikinci bir erməni dövlətininin qurulması reallaşa bilər. Unudulan milli ruh, tarixi yaddaş və qonşumuzda qardaş Türkiyənin var olması idi. Türkiyənin zəif salınması proqramı iflas oldu. Türkiyə tarixdə baş vermiş proseslərdən düzgün yararlandı və bütün resurslarını onun üzərində qurulmuş oyunları dəf etməyə və söz sahibi olmağa yönəltdi. Türkiyə siyasi hakimiyyəti bu müddətdə Feto, çevriliş, terrorlar mərhələsini keçdi. PKK-nın həm içdə, həm də xaricdə zərərsizləşdirilməsinə nail oldu. Siyasi sistemində miliyyətçilər və dinclərin (bölgü nisbidir) bir araya gəlməsinə nail oldu, siyasi böhranlara səbəb olan siyasi sistemdəki qüsurları aradan qaldırdı. AK parti və MHP kimi iki qütbün millət və dövlət məsələsində bir arada olması Tükiyənin yenilməz gücüdür. Bunların bir araya gəlməsi Türkiyənin gücünə inamı haqq etdi. Güclü Türkiyə Türk dünyası və İslam dünyası üzərində, nəzarət paketini ələ almaq imkanları qazandı. Türkiyə öz milli sənayesinə sahibləndi, xaricdən asılılıq minumuma düşdü. Türkiyə tarixdən dərsini götürdü. Türkiyə Osmanlının dağılma dönəmində buraxılmış tarixi dərslərdən doğru nəticə çıxartdı. Türkiyə yetkililəri Mustafa Kamal Atatürk liderliyində dünyanın 36 dövlətinin birliyinə qarşı dirənişin və zəfərin anatomiyasını doğru təhlil edib, düzgün nətcə hasil edə bildilər. Dünyanın bəlli mərkəzləri bu dirəniş və zəfərin fəlsəfəsini tapmaqda, onun sirrini açmaqda zorlanmaqdadır. Bu gün güclü Türkiyə var deyərək öyünə bilərik. Son 30 ildə biz millət olaraq lal qalmadıq, protestlər etdik, Qarabağ problemini gündəmdə saxladıq, biz hesab elədik ki, millətin iradəsini hakimiyyətə daşıyanda Qarabağ problemini tez həll edəcəyik. Hər şey bunun üzərində quruldu. Sistematik olaraq demokratik seçkilər uğrunda savaş, mətbuat azadlığı, köklü islahatlar tələbi, siyasi məhbussuz Azərbaycan və s. haqlı tələblərimiz oldu. Təəssüf ki, bu haqlı savaşımıza görə ittiham olunduq, təqiblərə məruz qaldıq. Düşmənlər üzərimizdə qurulan oyunlarda nəyəsə nail oldularsa, unutduqları Azərbaycan xalqının genetik quruluşu, tarixi yaddaşı, azadlıq eşqinin tükənməzliyi oldu. Ora müdaxilə edə bilmədilər. Bax, bu dəyərlər bizim millətin təməlindən elə qurulub ki, bu şeylər uğrunda bu millət qanı da getsə dayanmayacaq. O taylı, bu taylı Azərbaycanda insanlarımızı qırıblar, amma bu millətin əlindən azadlıq eşqini almaq mümkün olmayıb. Biz, ola bilər ki, zəif göründük, əzilən göründük, amma Azərbaycan xalqını, onun haqqını, ruhunu saxlayan mexanizmi sındıra bilmədilər. bütün mexanizmlər milləti məhvə yönəltmişdi, milləti Rusiyanın tabeçiliyinə aparmağa yönəltmişdi. Biz də “Borçalı Cəmiyyəti”nin fəaliyyəti ilə, özəl əlaqələrimizlə, proseslərin inkişaf trayektoriyasını düz tutaraq Türkiyə ilə əlaqələrə önəm verdik. Türkiyəsiz Azərbaycanın və Qafqazın, o cümlədən Gürcüstanın gələcəyinin qaranlıq olacağı inamı bizi bu yola təhrik edirdi. Doğru yolu tutduğumuz təsdiqini tapır. Hətta buna görə bizi qınayanlar da oldu. Türkiyənin bizə nə dəxli var, deyənlər də oldu. Biz üç bayrağı yanaşı dalğalandıranda bizə turancı deyənlər də oldu. Gürcüstanda da bizə daş atdılar ki, yarınırlar, yaltaqlanırlar, nəsə qopartmaq istəyirlər, yaxud da rusofillərin qərəzli mövqeyi ilə, eləcə də İrandan ayrı-ayrı mərkəzlərin təhdidləri ilə üz-üzə qaldıq. Biz dərk edirdik ki, güclü Türkiyə Azərbaycanı iki gücün – rus və fars şovinizminin əlindən almağa ən böyük vasitədir. Anadolu türklüyü ən böyük tutacağımızdır, ən böyük etnik, dini hissəmizdir. Düz elədik, kifayət qədər dostlar qazandıq, Azərbaycanın haqq səsini çatdıra bildik. Artıq Türkiyə Orta Doğuda söz sahbidir. Türkiyə ona qarşı tətbiq olunan texnologiya və ideologiyaya qarşı milli ruhu, siyasi uzlaşmanı və özəl texnologiyasını, sənayesini qoydu. Rəcəb Tayyib Ərdoğanın komandası MHP ilə, Dövlət Baxçalı ilə bir yerdə çox unikal bir model – millətçilik və inancın vəhdətini yaratdılar. Azərbaycan türk dövlətinin, onun Qarabağ adlı yarasının, burada üfüqdə 50 milyonluq Azərbaycanın – bir Türk dövlətinin var olmasını doğru dəyərləndirdilər. Buna biganə qalmadılar. Rusiya uzun zamandır ki, Azərbaycanı siyasi-ideoloji ilhaqdan daha dərin qatda istilaya hazırlaşır. Azərbaycandan, prezident İlham Əliyevdən Rusiyanın işğalçı ordusunun sülhməramlı statusda Qarabağla Azərbaycan arasında yerləşdirməsinə razılıq verməsini tələb edir. Saxta “Artsax” dövləti ideyasını legitimləşdirmək üçün münbit şərait yaratmaq istəyir. İndiki Azərbaycan iqtidarını yaxşı tanısa da, bir sıra fundamental məsələləri ayırd etməkdə zorlanan Rusiya təkrar Ermənistanı, separatçıları üzərimizə qısqırtmaqla prezidenti çıxılmaza salmaq istədi. Hesab etdi ki, Azərbaycan zəifdir, iç savaşa gedir, özünün 5-ci kolonu içəridə hakimiyyəti çökdürür, İlham Əliyevi bu provakasiyalarla sındırmaq olar. Prezident İlham Əliyevin də yuxarıda qeyd etdiyimiz özəl xüsusiyyətlərini hesablaya bilməmişdilər. Burada təbii ki, Türkiyənin cəsarətinin gözləmədikləri dərəcədə olması rol oynadı. Rusiyanın ən böyük dayaqlarının orduda, siyasi hakimiyyətdə sarsıdılması istiqamətində çətin də olsa addımlar atıldı. Tovuz əməliyyatında artıq Rusiyanın sülhməramlı qüvvələrinin həmin ərazidə yerləşməsi hədəf olsa da ideya iflasa uğradı. Türkiyə qardaşı Azərbaycana açıq dəstək vermək üçün ideal imkan əldə etdi. Rusiyanın niyyəti iflas oldu. – Yəni niyyət bu idi. – Bəli, niyyət bu idi. Status kvo saxlanılmaqla Azərbaycanla Dağlıq Qarabağın arasında işğalçı Rusiya qoşunları sülhməramlı statusda yerləşməliydi. Bunu açıq şəkildə burdan deyirəm, bir zaman prezidentin dilindən bunları eşidəcəksiniz, mütləq eşidəcəksiniz. Deyəcək ki, Moskva məni təhdid eləyirdi ki, sən mənim qoşunlarımı buraya yeritməsən nələri edə bilərəm. Bu Azərbaycanın ilhaqı olardı, eyni zamanda Türkiyə də daxil Avropa təhlükə altına düşərdi. Ona görə də Türkiyə cəsarətlə meydana girdi. Artıq yeni geopolitik bir dönəm, yeni dünya münasibətlər sistemi siyasi gündəmə daxil olur. Mən bu cür dəyərləndirirəm. “Türkiyə deyir, burda mənim bayrağımdı, mən qardaşımın yanındayam” – Bəlkə burada, həm də Rusiyanın Suriya və Liviyada, yəni Orta doğuda elədiklərinin cavabı verilir? – Rusiya tutaq ki, Suriyada, Liviyada itirdiyi mövqelərini Qafqazda ram eləməklə qazanmaq istəyir və Azərbaycan da, Gürcüstan da təhdid altındadır. Onun göstərilən əraziyə qoşun yeritməsi artıq rəsmi işğal faktı olardı. Etiraf olunmalıdır ki, bu vaxta qədər siyasi, ideoloji cəhətdən 5-ci kolonun işğalı altındayıq. İndi ideoloji ilhaqı ordu yeritməklə möhkəmlətmək niyyətində idilər. Rusiyanın hədəfi Azərbaycanın dəvəti ilə sərhədimizə yetirdiyi “sülhməramlı” qoşunu ilə erməni adlı bir virusu qorumaqla regionda hegemon olduğunu nümayiş etdirmək, iri kommunikasiya xətlərinə nəzarəti ələ almaqla, Avropanı, Türkiyəni özündən asılı vəziyyətə salmaq idi. Çünki Rusiya çox aydın bilir ki, Azərbaycan dik durarsa, Türkiyə, Azərbaycan, Orta Asiya və Pakistan, Əfqanıstanla böyük bir coğrafiyada nüvə silahı, potensial insan gücü, təbii ehtiyatlarla zəngin olan bir bölgədə türk-islam faktoru söz sahibi olacaq. Rusiya bunu özünə təhdid hesab edə bilər. Bax, bu dəqiqə biz o mərhələni yaşayırıq ki, Rusiyanın burnu Tovuzda qırıldı. İkincisi, Rusiyanın burnu Naxçıvanda keçirilən hərbi təlimlərdə qırıldı. Üçüncüsü, Rusiyanın burnu üçüncü təlimlərdə qırıldı. Artıq Rusiya müəyyən mənada şokunu yaşayır. Mənə elə gəlir ki, indiki hərbi əməliyyatlar Ermənistanın təkrar provakasiyalarına cavab olaraq möhtəşəm hazırlıq sistemi ilə, heç xəyal olunmadığı qədər Rusiyanın kəşfiyyatının bilmədiyi həddə gedir. Bu gün ermənilər qaçır, Rusiya isə heç nə edə bilmir. Yəni bu gün Rusiyanın hegemon olduğu, – Qafqazda söz sahibi mənəm, məndən başqası yoxdur, – sterotipi həm Azərbaycan xalqının içərisində, həm də dünyada qırıldı, Türkiyə cəsarətlə söz sahibi mənəm deyərək meydana girdi. Türkiyə haqlı olaraq Azərbaycanın haqq mübarizəsinin yanındayam, mən qardaşımın yanındayam, mənim qardaşıma toxuna bilməzsən, dedi. – Bəy, məlumatımıza görə, Ermənistana dəstək verən təkcə Rusiya deyil, ortaya Fransa və İslandiya faktorları da çıxdı, hətta Almaniyadan kimsə dil uzatdı. Biz deyirik ki, Azərbaycan qələbəyə doğru gedir, zəfər gününə çox az qalıb, Rusiya hərdən boyunu göstərmək istəyir, erməniləri silahla təmin edir, insi siz necə bilirsiz, Rusiya burada neyləyə bilər? – Fikir verdinsə, Azərbaycan ordusunun erməni-rus təxribatına cavab olaraq işğalçılardan təmizləmə əməliyatlarının başlanğıcında humanitar atəşkəslə bağlı Moskvada bir razılaşma oldu. Azərbaycan xalqının mövqeyi vahid və birmənalıydı ki, vətən müharibəsi dayana bilməz. Maraqlıdır, hətta rusofillər də səs çıxara bilmirdilər. Artıq din və etnik kimlik faktorları arxa plana keçib, Azərbaycan hücum etməlidir, zəfər çalmalıdır, nidası ictimai rəydə hakim oldu. On milyonluq Azərbaycan xalqının içərisində sağlı, sollu içtimai-siyasi təşkilatlar, – vətən savaşı davam etməməlidir, – dedilər. Rusiya cavabını Azərbaycanın xalqının birliyi və siyasi hakimiyyətin iradəsi ilə aldı. Türkiyədən, siyasi-diplomatik sərhədləri aşaraq Ərdoğanın dilindən çıxan “bizim qabağımızda duran qüvvə yoxdur” bəyanatı, Dövlət Baxçalının dilindən “Naxçıvan Azərbaycan dövlətindən ayrı ola bilməz” ifadəsi, “Türkiyə sona qədər Azərbaycanın yanındadır”, “Zəngəzur işğaldan azad olmalıdır” kimi ard-arda bəyanatlar gəldi. Azərbaycan və Türkiyə vətən mharibəsində vahid mövqe bildirdilər. Bunun altında bir şeylər var ki, Türkiyə üçün də, Azərbaycan üçün də təhdid mənbəyi Ermənistandır və onu himayə edən Rusiyadır. Çağdaş zamanımızda güc ədalət faktorunun legitimləşməsinin təməlidir. Türkiyə gücdürsə, Azərbaycan Türkiyə birliyi təməllidirsə bu gücü hamı qəbul etməyə məhkumdur. ABŞ-ın, Rusiyanın loyallığının kokündə bu amilin təsiri şübhəsizdir. Fransa tarixən Ermənistanı himayə edən, erməni separatizm faktorunun sığındığı bir ocaqdır və kifayət qədər də orada erməni lobbisi güclü olmasına baxmayaraq, saxta erməni həqiqətinin siyasi gündəmdən çıxarılması prosesi gedir. Türk faktoru, Azərbaycanın haqq mübarizəsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri siyasi gündəmə gəlməyə başlayıb. Təəssüf ki, ATƏT-in “Minsk” qrupunun əsas hədəfi BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə yardım etmək yox, onu basdırmaq, ermənilərin saxta iddialarını təmin edən bir mexanizm rolunu oynadı. Fransa və Rusiya ifşa olundu. Rusiya loyal mövqeyə keçsə də Fransa aqressivləşməkdədir. Əvəzində Pakistan, Əfqanıstan, İsrail, Ukrayna və digər dövlətlərin dəstəyini qaznmaqdayıq. Rusiya bu prosesin sonucunda reallıqla barışmağa məhkum olacağını, Türkiyə ilə fərqli münasibətlər qurmağa çalışacağını düşünürəm. Erməni faktorunu istifadə olunan alət kimi tarixin arxivinə atmaq, yararsız bir şey kimi zibil yeşiyinə atmaq zamanı çatıb. Erməni faktoru artıq Rusiyanın hərbi, siyasi, iqtisadi və digər geopolitik maraqlarını təmin etmək gücündə deyil, əksinə Rusiyanı nüfuzdan salan bir mexanizmə çevrilir. Bu yaxınlarda Ərdoğanla Putin danışdılar və hiss olunur ki, aqressiya yoxdur, anlaşmaya meyl hiss olunur və sonda Türk-Slavyan birliyinin işartılarını görürəm. Lavrov timsalında aqressiya mövcuddursa Putinin yanaşmalarında daha proqmatik, təmkinli, Türkiyənin mövqeyi ilə razılaşma hiss olunur ki, bu da gələcəkdə Türk-Slavyan əməkdaşlıq modelinin siyasi gündəmə gəlməsi ilə nəticələnə bilər. Yəni, yeni münasibətlər sisteminin işartılarını görürəm. NATO-Türk-Slavyan əməkdaşlığı nəticədə dünyanın böhrandan çıxışına yönəlik tarixi prosesin başlanğıcı ola bilər. Yeni siyasi platformanın əsası qoyula bilər. Mənə elə gəlir ki, proses bu istiqamətdə inkişaf edirsə, bu Rusiyanın, müsəlman-türk dövlətlərinin, həm də Türkiyə və Azərbaycanın strateji maraqlarına tam cavab verə bilən hadisə olardı. – Əgər bu dostluq yaranarsa, yəqin ki, onun Gürcüstanın dövlət maraqlarına da xeyri olacaq. – Təbii ki, həm də Gürcüstanın. Vaxtı ilə Türkiyə telekanallarının birində demişdim ki, Türkiyə ilə Rusiyanın srtateji əməkdaşlığının təməlində Ukraynada Krım məsələsidi, Türkiyənin haqlı iddiaları təmin olunmalıdı və tarixi, mənəvi faktorlar oyuncaq deyil ki, top kimi ora-bura atasan. O cümlədən Dağlıq Qarabağ problemində Azərbaycanın haqlı mövqeyi dəstəklənməlidir, Güney Azərbaycan insanlarının pozulan hüquqlarının təmin olunmasında, Azərbaycanın bütövlük idealında Türkiyəylə Rusiya eyni mövqeni bölüşməlidirlər və Gürcüstanın ərazi bütövlüyü üçün təhdid imkanları aradan qalxmalıdır. Rusiya Abxaziya və Cənubi Osetiya məsələsindən imtina etməlidir. Yəni çağdaş siyasi tələblərə adekvat olmayan aqressiyalarla münasibət qurulub ki, bundan da üçüncü tərəf öz nəfinə istifadə edir. Gürcüstanın ərazi bütövlüyünü vacib hədəflərdən biri hesab edirik. Mənə elə gəlir ki, Türkiyənin hədəflərindən biri, həm də Gürcüstanın bütövlüyüdür. Ukrayna və Moldova ilə biz strateji tərəfdaşıq, Belorusiyada proses gedir. Gələcəkdə Belorusiyanın da bu prosesdə olacağı qaçılmazdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı konkret halda bu bölgədə imperiya maraqlarını qorumaq və bu bölgədə Azərbaycanın inkişafını əngəlləmək üçün Ermənistana verilən hərbi, siyasi dəstəkdir. O metodlardan Rusiyanın imtina eləməsini proqnozlaşdırıram. Tutaq ki, ermənilər Dağlıq Qarabağdan tam çıxarıldı və biz Ermənistanla masa arxasına oturduq, Ermənistanın şərtləri nə olacaq, heç nə, ərazimə dəymə ola bilər, başqa bir şey olmayacaq. Bizim Dağlıq Qarabağ ermənilərinə şərtimiz vətəndaş hüquqlarından başqa heç bir şey olmayacaq. Naxçıvanın muxtariyyəti, Dağlıq Qarabağla bir yerdə ləğv olunmalı, Azərbaycanın unitarlığı bərpa olunmalıdır. Dağlıq Qarabağın ayrı-ayrı rayonları, şəhərləri də digər rayon və şəhərlərimiz kimi status daşımalı, inzibati rayon və ya şəhər olmalıdır. Bizim bundan o yana güzəşt imkanlarımız olmayacaq. Azərbaycan konstitusiyasının imkan verdiyi vətəndaş hüququ son həddir. Dağlıq Qarabağ Muxtar Vilayətinin, erməni xəyanətinin udduğu canlar bir əsrdə yüz minə yaxındır. Bu qədər insan taleyinə, bu qədər şəhərlərə milyardlarla dəymiş ziyan, mədəniyyətə, tarixə, tarixi yaddaşa vurulan zərbə var, deməli bu, ermənilərə verilmiş muxtariyyət modeli zərərli modeldir və ləğv olunmalıdır. “Azərbaycan Ordusu Qafqaz xalqlarını, bəşəriyyəti erməni adlı bir virusdan, təhdiddən, təhlükədən təmizləyir və dünya buna təşəkkür etməlidir.” – Bəy, burada ortaya bir məsələ çıxır. Əgər ermənilər Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə getsəydilər, ola bilərdi ki, muxtariyyət verilsin, elədirmi, deyəsən danışıq elə olmuşdu? – Əlbəttə, daha çox hüquqlar əldə edə bilərdilər. Onlar alətdir, Rusiyanın, Fransanın forpostudurlar. Mərhələli həll modelləri var. Ermənilər təkidlə deyirlər ki, əvvəl status müəyyən olunsun, öz müqəddəratını təyin etmə hüququmuz tanınsın. Dağlıq Qarabağ əvvəlki danışıqların müstəvisində daha üst qatda status ala bilərdi ki, təki qandan qurtaraq. Azərbaycanın suveren hüquqları Dağlıq Qarabağ ərazisində tanınmırsa, bayrağı tanınmırsa, heç bir muxtariyyətdən danışmaq olmaz. Dağlıq Qarabağın muxtariyyəti odur ki, Azərbaycanın bütün atributları orada işləməlidir, Naxçıvanın ayrı bayrağımı var? Qondarma Dağlıq Qarabağın isə ayrı bayrağı var, Azərbaycana tabe olmur, belə şeylər olası deyil. Yəni bu, Azərbaycanın dövlətçiliyini təhdid edən bir mexanizm idi, bu mexanizm qırılıb. Mənə elə gəlir ki, Azərbaycan Ordusu Qafqaz xalqlarını, bəşəriyyəti erməni adlı bir virusdan, təhdiddən, təhlükədən təmizləyir və dünya buna təşəkkür etməlidir. Qafqaz xalqları, o cümlədən Şimali Qafqaz olsun, Azərbaycan Ordusuna təşəkkür etməlidirlər. Çünki ermənilər hansı dövlətin içində olublarsa, orada bir hoqqa çıxardıblar. Bəşəriyyət belə insan toplumlarını ifşa etməlidir. Rusiya bu cür ucuzlaşmaqdansa daha üst müstəvidə əməkdaşlığa önəm verməli, bizimlə erməni vasitəsilə deyil, bizim özümüzlə birbaşa əlaqə quraraq öz maraqlarını uzlaşdırmağa önəm verməlidir. Rusiya imperiya ambisiyalarını cazibə qüvvəsi yaradaraq daha çox qüvvələrin rəğbətini qazanmaqla əvəz etməlidir. – İndi bu müharibə dövründə də Ermənistan hökuməti səviyyəsində Gürcüstan da təhdid olunur. – Əlbəttə, Cəlaloğlu, bəs onların bu Böyük Ermənistan iddiası nədir? Axısqalıların sürgününün kökündə də Moskvanın, Stalinin əli ilə Böyük Ermənistan iddiası dururdu. Məqsədləri Türkiyə ilə Azərbaycanın arasını qapamaq idi, istəkləri buraya erməniləri yerləşdirmək idi. Borçalının üzərində gedən oyunlar, Zəlimxan Məmmədlinin, bizim “Borçalı Cəmiyyəti”nin başına gətirilənlər 5-ci kolonun və ermənilərin əli ilə, Rusiyanın himayəsi ilə edilirdi. Üzərimizə qısqırdılanların əksəri bunların maşaları olub. Anlamadılar ki, mübarizəmizi apardıq, biz də onları tənqid etdik, xəbərdarlıq elədik, cəsarətimiz çatdı. Bir zamanlar bütün bunları yazıb təhlil edən oğullarımız olacaq, yoxsa biz ölkəmizin içərisində 5-ci kolona, yəni hakimiyyəti deyirəm, yaltaqlanmaqla Borçalını ağ günə çıxara bilməzdik. Biz həqiqəti söylədik, cəhdlər elədik. Azərbaycan hakimiyyətində kök salmış 5-ci kolon, Gürcüstandakı erməni-PKK cütlyü, şovinist düşüncə hər zaman pozucu fəaliyyətlə problemlər yaratmaqdadır. Gürcüstanı Cavaxetiya separatçılığı təhdid etməkdədir. Gürcülər bilmədilər ki, Azərbaycanın, Türk faktorunun “Borçalı Cəmiyyəti” kimi sülh, barış göyərçinlərinin əleyhinə məhz açıq və ya gizli təxribalar törədən ermənilərdir. Erməninin Gürcüstan üçün qorxu mənbəyinin başında böyük ermənistan xəstəliyi durur. Azərbaycanda bir Borçalı yuvası var, ondan yalnız xeyir gözləsələr, etdikləri xətaları aradan qaldırsalar daha ədalətli olar və erməni təhdilərindən sığortalanarlar. – Bəy, təkrar olaraq Qarabağda gedən bu günkü hərbi məsələyə qayıdaq. Necə bilirsiniz, hərbi yolla torpaqların işğaldan azad olunmasını tam təmin etməmiş siyasi müstəviyə keçmək ehtimalı varmı? – Artıq dövlət başçısı bir mənalı şəkildə bəyan edib ki, ermənilər işğal altında olan ərazilərdən son bir nəfərə qədər çıxdıqdan sonra siyasi müstəviyə keçmək ola bilər. Rusiyanın sülhməramlı status ideyası iflasdır. Məsələnin məntiq hissəsini gördü və təəssüf hissi ilə dayandı, Rusiya bu məsələdə uduzdu, ATƏT ifşa olundu. Azərbaycanın, Türkiyənin diplomatik çabaları ciddi proseslərə aparırdı ki, Ermənistan işğalçıdı, işğalçı olaraq BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884-ci qətnamələri yerinə yetiriləndən sonra, yəni işğalçılar Ermənistan sərhədindən o tərəfə gedəndən sonra, Azərbaycan-Ermənistan münasibətləri, daxildə isə ermənilərin yaşam şərtləri və s., bu məsələlər bundan sonra gündəmə gələ bilər. Azərbaycan çox aydın mövqe qoyub və onu dəyişməyib. Ermənistan isə “Artsax dövləti” xəstəliyinə tutulub. Azərbaycan ordusu şükürlər olsun, çox möhtəşəm zəfərdədir, faktiki bizim Xankəndində, Şuşada, Kəlbəcərdə zəfər bayrağımızı sancmağa sayılı günlər qalır. Bunu tormozlamaq üçün hər cür versiyalara gedirlər, artıq bizim Dövlət Təhlükəsizlik Xidməti də xəbərdarlıq edib, təxribatçıları şəhərə göndərə bilərlər, diversiya qrupları, terror ola bilər, çox doğru çağırışdır, erməni xislətindən hər şey gözləmək olar. Şəhid veririk, amma ah-uf edib onun üzərində qalmırıq, qürur duyuruq ki, o, olmasa vətən də olmayacaq. Bütün hallarda növbəti danışıqlar işğala son qoyulandan sonra, ermənistan üzərində tam qələbədən sonra mümkündür. – Bəy, Zəngəzur məsələsinin çözümünü necə görürsüz, yəni bu proses qələbədən sonramı baş verəcək və yaxud danışıqlar əsasındamı, yoxsa necə həll olunacaq? – Bizim Mehri dəhlizimiz varıydı, işğal olundu, I Qarabağ savaşından öncə burada bizim yolumuz da var idi, dəmiryol da, avtomobil yolu da var idi. Bu, işğal olunub və bizim həmin əraziləri azad etmək haqqımız var. Unitar bir dövlətin ərazisinin bu hissəsindən digər hissəsinə başqa dövlətin ərazisi ilə və ya yalnız hava yolu ilə getməməlidir. Həmin işğal olunmuş ərazilərin azad olunması, Naxçıvanla Azərbaycan arasında yeni quru xəttinin açılması vacib hədəfdir. Sülh danışıqlarının əsas predmetlərindən biri bu olmalıdır. Zəngəzurun bütünlüklə geri qaytarılması, Qars müqaviləsinin gündəmə gəlməsi yeni bir situasiya yaradır. “ “Bir millət, iki dövlət” ifadəsini zamanıdır ki, “bir millət, bir bayraq” ifadəsinə çevirək” – İnşallah bu proseslər tezliklə qələbəmizlə bitəcək, dedikləriniz də Allahın köməkliyi ilə yerini alacaq, Zəlimxan bəy, sonrakı mərhələdə bu proseslər Güney Azərbaycana necə təsir edə bilər, hansı ki, onlar hal-hazırda İranın tərkibindədir, İran da Azərbaycana əyri gözlə baxır. Yəqin ki, bu məsələ də ictimaiyyət üçün maraqlıdır. – Bizi geri salan, həm də fars-rus işbirliyidir, “Gülüstan” və “Türkmənçay” müqavilələrini imzalayan zehniyyət Azərbaycanı son 30 ildə yerində saymağa məhkum elədi. Biz – Azərbaycan xalqı güclü xalqıq, Güney Azərbaycan hayqırır, şovinist farsın bütün haqsız qadağalarına baxmayaraq, bu dəqiqə Güney Azərbaycan ruhən Qarabağdadır. Bu proselər nəticəsində Azərbaycan dirçələcək, Azərbaycan sürətlə inkişaf edəcək. Bu müharibənin sonunda Qarabağ quruculuq illəri başlayacaq, bütün dünya türkləri oraya axışacaq, investorlar gələcək, yeni imarətlər tikiləcək, dağılmış abidələrin bərpası prosesi başlanacaq, biz də orada olacayıq, bizim də xüsusiylə öhdəliklərimiz var. Bunun ardınca sürətli demokratikləşməni görürəm, bütün hallarda bizim idarəetmə sistemimiz Türkiyənin idarəetmə sisteminə uyğunlaşacaq, bunun alternativ variantı yoxdur. Türkiyə baxır ki, Azərbaycanın səhiyyəsi, təhsili niyə bu gündədir. Erməni faktoru varsa, 5-ci kolon faktoru da var və Rusiya tərəfdən siyasi-ideoloji işğal faktoru da var. Yəni əsas siyasi xətdir, onun da açarı Rusiyanın əlindəydi. İndi isə, birinci mərhələdə əsas olan Türkiyənin Azərbaycanla yeni sazişlərlə əməkdaşlığının sığortalanmasıdır. Mənə elə gəlir ki, hərbi ittifaqın olması və Türkiyənin hərbi bazalarının Azərbaycanın müxtəlif yerlərində, Naxçıvanda, Qarabağda, o cümlədən şimal sərhədimizə yaxın yerlərdə, Bakı ətrafında, liman ətrafında yerləşdirilməsi mütləqdir. Cəlaloğlu, ən böyük auditoriyada sənin iştirakınla da demişəm ki, iki qardaş xalqın arasında olan aforizmə çevrilmiş “bir millət, iki dövlət” ifadəsini zamanıdır ki, “bir millət, bir bayraq” ifadəsinə çevirək, bunun üzərində düşünməliyik və ona getməliyik. Hər iki bayraq çox müqəddəsdir, amma biz Türk dünyasının və bəşəriyyətin gələcəyi üçün gərəkirsə, bu millət biryerdə, bir cəmiyyətdə yaşayacaqlar, bunlar türklərdir, bir yerdə olublar, biryerdə imperiyalar qurublar. Azərbaycanı tənhalaşdırıb və türk dünyası ilə əlaqələri qırılan bir mexanizmə çeviriblər. Aydın deyilməlidir ki, Türk dünyasının biliyinin açarı Bakıdadı, Türk dünyasının birliyinin göbəyi Bakıda kəsilib və bu məsələ Bakıda həll olunacaqdır. Ona görə də, Türkiyə-Azərbaycan birliyi formatı ilə bağlı referendum keçirilə bilir. Referendumda Anadolu və Azərbaycan xalqı öz sözünü deyər, ən uyğun birlik modelini tapar. Aralıq vəziyyətdə müdafiə, hərbi quruluş, idarəetmə sistemində vahidlik ola bilər, amma bayraqlarımız qala bilər, xarici siyasətimizin koordinasiya olunması ola bilər, bir sıra məsələlərdə vahid mərkəz, bir sıra məsələlərdə isə hər bir dövlət müstəqilliyini qorumaq şərti ilə, bu, bölgədə Türk nüfuzunun, gerçək İslam nüfuzunun artması və qonşu dövlətlərin, Ermənistanın da bu reallıqla razılaşmasına gətirib çıxara bilər. Rusiyanın maraqlarının təmin olunması məsələsini Azərbaycan və Türkiyə birlikdə hesablamalıdır. Gələcəkdə ehtimal elədiyim Türk-Slavyan birliyini də görürəm ki, bu əməkdaşlığın reallaşması dünya düzənində proseslərə yeni pozitiv məzmun verə bilər. Artıq faktdır ki, Güney Azərbaycanın gələcəyi bu coğrafiyada baş verən proseslərin tərkib hissəsi olacaqdır. Şübhəsiz ki, əsas sözü güneylilər deyəcək. – Zəlimxan bəy, sizcə Ermənistan müharibə şəraitini yaratmazdan əvvəl prosesin bu vəziyyətə, bu günkü duruma gətirib çıxaracağını dərk etmirdimi, yoxsa ictimaiyyətə aydın olmayan gizli səbəblərmi var? – Mən əvvəl də qeyd elədim, nə Ermənistan, nə də Rusiya Azərbaycan xalqının və Türk millətinin özəl olaraq özünəməxsus xarakterini nəzərə almadı. Hesab elədilər ki, Azərbaycanı darmadağın ediblər, Azərbaycan tamamilə qütbləşmiş cəmiyyətdir, bunlar xaosa sürüklənəcəklər. Paşinyan elə-belə demir ki, gəlin dalaşaq, artıq Dağlıq Qarabağın müstəqilliyi üstündə, bir dövlət olaraq qurulması istiqamətində çabalar edirdi. Amma hesablamağa istedadları çatmadığı ruhumuz, genetik quruluşumuz, tarixi yaddaşımız öz sözünü dedi. Yenə də deyirəm düşmənin hər zaman tapa bilmədiyi şey bax, budur. Bizi də qaldıran odur, bizi qaldırıb xalq eləyən, millət kimi şərəfləndirən həmin dəyərlərdir. Bir də, hesab edirdilər ki, Türkiyə Azərbaycana yaxınlaşa bilməz, beynəlxalq birlik var, filan var. Amma Türkiyə bunları basdı keçdi və dedi ki, mən varam. Artıq belə götürək, Ərdoğanın zaman-zaman, – dünya beşdən böyükdür, – ifadəsi elə-belə deyildi, onu bunlara deyirdi. Artıq o beş, Türk faktorunu qəbul edəcək, çağdaş dünyanın gələcəyinin müəyyən olunmasında Türkiyə, Türk faktoru ən vacib imzalardan, elementlərdən biridir ki, bunu nəzərə almayan nə dövlət, nə mərkəz ola bilməz. Artıq Orta Doğu sistemi Türkiyənin nəzarət paketinə yaxın bir vəziyyətə gətirilib, hansı ki, Türkiyə bu layihədə ümumiyyətlə nəzərdə tutulmamışdı. Fikir verin ki, İsraillə Türkiyənin soyuq bir savaşı var, amma İsrail Azərbaycanın yanındadır, çox maraqlı bir şeydir. Marağı ondan ibarətdir ki, burada dərin qatda ciddi siyasi-diplomatik çabalar var. Bunlar elə-belə deyil, Türkiyənin bura gəlməsində məntiq etibarı ilə İsraildən fərqli səslər gəlməliydi. İsrail daha proqmatik yanaşır, ciddi mexanizmləri emosiya ilə davranmağı qəbul etmir. Bu mənada siyasi-ideoloji mərkəzlərin daha çox Türk faktorunun ətrafında toplanmasını görürük və dünya altıya çatır, yəni dünyanı idarə edən 5 deyil, altıncı dövlət də var ki, o, Türk faktorudur. – Çox gözəl, mən indi başqa bir mövzuya keçmək istəyirəm, amma bəhs etdiyimiz hadisələrlə bağlı əlavəniz varsa, buyurun. – Sadəcə indiki zamanda ordumuzdan, xalqımızın nümayəndəsi olmaqdan qürur duymaq azdır. Xalqımız zamanın qəhrəmanıdır. Bunlar oğru deyillər, cibgir deyillər, onlar fədakar adamlardır ki, məhrumiyyətlər içərisində ailəsinə çörək pulu aparmağın yolunu o cür tapıb. Bu sistem onları bu günə salıb. Amma lazım gələndə meydandadır. Bu millət bu qədər saf və qəhrəman millətdir. Burada bayaq dediyim kimi, o genetik yaddaş gəlib çıxır üzə, özünü tanıyır ki, yox mən bu deyiləm ee. Ziyalı ordusunu bu günə salan rejimdir. Amma qüdrətli bir zaman yaxınlaşır, onu da ordumuz edir, siyasi sistemimiz edir, Ali Baş Komandanımız edir, siyasi partiyalarımız edir. Sadəcə millətin quruluşunun inikallığına bax ki, radikal, bir-birinə barışmaz mövqedə olanlar bir səngərdədirlər, bir-birinə tərif yazırlar. Hamı deyir, cənab Ali Baş Komandan, vətənin azadlığı yolunda əsgər olmağa hazıram. Bizim demokratiya uğrunda savaşımız fərqli bir şeydədir. Bu şeylərdən sonra demokratiyanın qabağını kəsən, böyük Qarabağ kötüyü aradan qaldırılacaq, erməni fitnələri dəfn olunacaq. Allah imkan verəcək ki, bütün şəhidlərimizi bir-bir ziyarət edəcəyik, şəhidlərimiz şəhadətləri ilə şərəfli tarix yazırlar. Mənə elə gəlir ki, şəhid olanların hamısına Azərbaycanın, Qarabağın və Türk dünyasının Milli Qəhrəmanı adı verilməlidir. “Zaman da sübut edəcək ki, 50 il də keçəcək Ermənistan üçün dinc, yanaşı yaşamaq prinsiplərinə əməl etməmək imkanları olmayacaq, nə də Gürcüstan təhdid oluna bilməyəcək” – Zəlimxan bəy, “Borçalı Cəmiyyəti”nin fəalları olaraq başqa bir məsələyə keçid edək. Bilirik ki, oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək. Bundan əvvəlki seçkidə seçicilər əsasən narazı qalmışdılar, Əhməd İmamquliyev kimi sırf milli, demokratik düşüncəli bir namizədin haqqı yeyilmişdi, səsi oğurlanmışdı. Bu dəfəki seçkilərdən nə gözləyirsiniz? – Saakaşvili dövründə demokratiaya sürətli keçid, iki xalq arasında etimad mühitinin sürətlə bərqərar olunması prosesi gedirdi. Etimadsızlıq yaradan faktorlar aradan qalxırdı, təəssüf ki, bu proses tormozlandı. Bu, açıq deyilməlidi ki, indiki hakimiyyət Rusiyanın dolayı və ya birbaşa himayəsi ilə bərqərar olundu, pulla olundu, insanlar ələ alındı. Sonrakı dönəmlərdə Rusiyanın və şovinist düşüncənin marağına uyğun olaraq xalqlarımız arasınsa etimadsızlıq yaratmaq İvanişvili komandasının siyasi platformasına çevrildi. Bizim başımıza gələnləri zaman-zaman demişik: Elat bayramının yasağı, bizim Gürcüstana girişimizə əssasız qadağa qoyulması, azad seçkilərdə udan Əhməd İmamquliyev kimi insanların Azərbaycandakı 5-kolonun vasitəsilə səsinin oğurladılması və s. Bunlar bu gün yenə də var. Majoritar Marneuli-Qrdabani dairəsində 5 nəfər soydaşımız var. Mənə elə gəlir ki, soydaşlarımız bu dönəmdə Əhməd bəyin parlamentə daşınmasına çalışmalıdırlar. Doğrudan da mən çox istərdim ki, Azərbaycanda yaşayan bir cəsarətli gürcü, amma sağlam dövlətçi təfəkkürlü bir gürcü Azərbaycan parlamentində təmsil olunsun. Əhməd bəy gürcü dilini bilir, mübarizdi, dövlətçidi, türk milli kimliyini də gözəl dərk edir, Gürcüstan dövlətçiliyini və Gürcüstanın milli maraqlarını qoruyan insanlardan biridir. Problemi dilə gətirməkdən, tənqid etməkdən çəkinmir. Bu adamlar dəyərli adamlardır, bu adamlar siyasi intusional quruluşda olmasalar, hamı elə ləbbeh deyib dursa, onda cəmiyyət inkişaf eləyə bilməz. Əhməd bəy parlamentə yeni nəfəs verə biləcək layiqli namizəddir. Əhməd bəyin parlamentdə olması, onun o cəsarətli çıxışları Gürcüstan cəmiyyətində Azərbaycan türklüyünün gerçək mahiyyətinin tanınmasında bir tribuna olacaq. Onun ötkəm çıxışının arxasında bir Gürcüstan sevgisi var. Orada olan bizim soydaşlarımızın daha çox Gürcüstan dövlətçiliyinə bağlanması və bizim Rusiyanınmı, İranınmı, bir başqasınınmı orada müxtəlif adlarla diversiya qrupları və yaxud insanlarımızı Gürcüstan dövlətçiliyindən uzaqlaşdırma meyillərini Əhməd bəy bir tibunayla aradan qaldıra bilər. 5 il yetərli olar ki, artıq Borçalı türkləri, Gürcüstan azərbaycanlıları dediyimiz toplum Gürcüstanda fərqli bir ampulada tanınsın. Ona görə, bizim soydaşlarımıza müraciətimiz daxili işə qarışmaq deyil, hər zaman demişəm haqqımı pozublar, yeyiblər, mən haqqım uğrunda savaş aparıram, onlardan biri odur ki, mənim soydaşımın səsini oğurlama! Yəni hakimiyyət demokratik dəyərlərə sadiq qalıb dostluq, qardaşlıq, etimad ideyalarına sədaqətli olsaydı, biz bu iddialardan əl çəkərdik, soydaşımızın özü bilər deyərdik. Onlar aldatmaq və almaq istəyəcəklər, biz də soydaşlarımıza deyirik ki, aldanmayın və səsinizi də almasınlar, səsinizi gerçək olaraq buna verin. Bu bizim Əhməd İmamquliyev faktoru ilə bağlıdı. Köhnələrdən Saakaşvilinin 5-ci blokunda Azər Süleymanovdur. Saakaşvilinin seçki blokunun qalib gəlməsini daha faydalı bilirəm. Gələcəkdə parlamentdə Əhməd İmamquliyev mojoritardan, Azər Süleymanov da proporsionaldan seçilsə, Saakaşvilinin hökumət başçısı gəlmək imkanı varsa, bu, artıq Gürcüstanda Azərbaycan üçün də, Türkiyə üçün də, bölgə üçün də daha dayanıqlı bir müttəfiq dövlətin olması deməkdir. Saakaşvili postsovet məkanında demokratiyaya keçidin özünəməxsus lideridir. O model təzədən gündəmə qayıtmalıdır. Nəyə görə, çünki Azərbaycan dəyişir, Azərbaycan Türkiyə münasibətləri dəyişir. Hamı biləcək ki, zaman da sübut edəcək ki, 50 il də keçəcək Ermənistan üçün dinc, yanaşı yaşamaq prinsiplərinə əməl etməmək imkanları olmayacaq, nə də Gürcüstan təhdid oluna bilməyəcək, əksinə Gürcüstanın ərazi bütövlüyü, soydaşlarımızın vətəndaş hüquqları və Gürcüstanın təhlükəsizliyi ilə bağlı mövcud problemlərin aradan qaldırılması, gələcəkdə Azərbaycan, Türkiyə, Gürcüstan ortaq idarəetmə modelinə keçilməsi və ortaq iqtisadi, humanitar, digər sahələrdə əməkdaşlıq üçün böyük meydan yaradır ki, Gürcüstan üçün də, Azərbaycan üçün də, Türkiyə üçün də çox sərfəlidir. Ona görə Gürcüstan parlamentinə yalnız xalqın iradəsi ilə mandat qazananlar getməlidir. Bir mafiyanın himayəsində olan bir mərkəzdən deputat mandatı alıb, ağzına su alanların heç zaman nə xalqa, nə də dövlətə faydası olmayacaq. – Bəy, deməli, mənim müşahidəmə görə, leyboristlər partiyası Gürcüstanda Borçalıda heç bir səs yığa bilməyəcək, çünki həmin partiyanın sədri Şalva Natelaşvili növbəti dəfə sayıqladı, buna adekvat olaraq onun partiyasından deputatlığa namizəd olan bir soydaşımızın üstünə çox gedirlər, niyə o prtiyadan çıxmırsan, niyə imtina etmirsən və s., deyirlər. Natelaşvili 3 ölkə başçısını – R.T. Ərdoğanı, İlham Əliyevi və V. Putini şovinist adlandırır, işğalçı adlandırır və Amerikanın hərbi bazasının Gürcüstanda yerləşdirilməsini istəyir. Bu söhbət gürcü cəmiyyətində də gedir. Yəni bu, mümkündürmü? – Bu, siyasi naşılıqdır. Burda təbii ki, mən onun yad, antiazərbaycan, antitürk mərkəzləriylə bağlılığı haqqında düşünə bilərəm. Onun komandasında Oleq İadze kimi mənim dostlarım da olub. Natelaşvilinin avantürist bir çıxışı siyasi-ideoloji antitürk mərkəzləri ilə bağlılığı ilə əlaqədar ola bilər. İfrat eqoist, şovinist düşüncə ilə o, siyasətlə məşğul olmamalıdır, hətta bütün hallarda etiraz olsa, bizi işğalçı adlandırmaq axmaqlıqdır. Demək o, siyasətçi deyil, ya da sifariş yerinə yetirir. Normal, ağıllı adam düşünər ki, Azərbaycan işğal olunub axı, Azərbaycan ərazilərini Ermənistan işğal edib. Azərbaycan ərazisində ermənilər tərəfindən baş verən Xocalı soyqırımı gözünə girmirmi sənin, bir gecənin içində 600-dən çox insan qətl edildi, minlərlə insan əsir düşdü, bunu Ermənistan və Rusiya bir yerdə ediblər, Şuşa kimi tarixi Azərbaycan şəhərini ermənilər qondarma “Artsax”ın paytaxtı elan edir, gözün bunları görmürmü? Bilmirsənmi ki, sığındığın yerlər sabah Cavaxetiyada erməni bayrağını qaldıra bilər? Separatçını dəstəkləmək Gürcüstanda hər hansı bir siyasətçinin intiharıdır. Onun partiyasından namizəd olan soydaşımızı qınamıram da, savadlı gəncə oxşayır, amma gərək düşünsün ki, o cür düşüncələrlə bizim elektoral bazadan səs qoparmaq olmaz, onunla siyasi perspektiv olmaz. Bunu kifayət qədər aydın ifadə eləmək lazımdır. Ş.Natelaşvilinin Keşikçidağ məsələsində “siz gədiyiniz yerə getməlisiniz” ifadəsi, avüntüradır, bunlar müharibə çağırışlarıdır. Top-tüfəng olmayanda babalarımız bəzən niyə qızışıb əlinə qılınc alıb, bax belə şeylərə görədir. Zaman dəyişib, sən həqarət eləmə, Keşikçidağ məsələsinın həll olunması üçün kifayət qədər alimlərimiz, elm adamlarımız, siasi hakimiyyətlərimiz var. Bunun həlli yolu sənin oradan bizə həqarətlə barmaq silkələməyin deyil, biz də sənə barmaq silkələyərik, hətta Azərbaycan əsgərinə sərhəddə əl uzadanın başını güllələyə bilərdilər. Azərbaycan soyuqqanlılığı və müdrikliyi ilə bunu eləmədi, o təxribata getmədi. O təxribatın arxasında nə qədər böyük şərəfsizlik dururdu, bilən bilir. Azərbaycanla Gürcüstan arasında qarşıdurma zəncirvari bir prosesə çevrilə bilərdi. Bunu Azərbaycan duyur, təslimçilik deyil, müdriklikdi. Ona görə, bu avantüristlərə siyasi sistemdə yer olmamalıdır. Bunu Gürcüstan siyasiləri və rəsmiləri dərk eləməlidirlər ki, bu cür avantüristlərdən xilas olmaq lazımdır, özü də o, İvanaşvili hakimiyyətinin ortağı olub. Bu unudulmamalıdır. “Əli İnsanov el adamıdı, mən orada özümü rahat hiss edirəm” – Zəlimxan bəy, Siz uzun müddətdir ki, yəni 11 ildir ki “Borçalı Cəmiyyəti”nin sədrisiniz. Sizin sədrlik etdiyiniz dövrdə cəmiyyət çox uğurlara imza atdı, çox böyük işlər görüldü, baxmayaraq ki, Gürcüstana girişinizə əssasız yasaq qərarı qoyuldu. Təxminən 6 ay olar ki, həm də Haqq-Ədalət Partiyasındasınız, Ali Məclisinin sədrisiniz. Bu uzlaşma necədi, yaxud da bu, “Borçalı Cəmiyyəti”nə ağırlıq gətirmir ki? – Qətiyyən yox, yəni atdığımız addımların hüquqi əsasları olmalıdır. Naşılar var, bilmirlər ki, hüquqda siyasi partiya mənsubiyyəti ictimai fəaliyyəti qadağan eləmir, bu, bir, ikinci də Zəlimxan Məmmədli kifayət qədər təcrübəli adamdır. Heç zaman “Borçalı Cəmiyyəti”ni heç bir siyasi prosesə qoşmadım. “Borçalı Cəmiyyəti” zaman-zaman siyasi proseslərə yedək olub və olmaz hala düşüb, biz gündəmdən çıxartdıq, aydın mövqeyi olub, dövlətçi mövqeyi olub, firqələr üstü düşüncə sahibi olub, amma mənim də, sənin də seçim hüququmuz var, azadlığım var, ictimai fəaliyyət bu hüququ məhdudlaşdırmır. Ən vacibi odur ki, “Borçalı Cəmiyyəti” heç vaxt siyasətlə məşğul olmayıb. Bəzən bu məsələni qabartmaq istəyənləri isə çox da xoş niyyət üçün bu məsələyə baş vurmadıqlarını bilirəm. Olmayıb, yəni əsas budu, əsas sənin, mənim fəaliyyətimizdir, yoxsa mən “Borçalı Cəmiyyəti”ni aparım kiməsə alət eləyim, bu, ola bilməz. Haqq-Ədalət Partiyasına mənim keçidim real situasiyanı düzgün dəyərləndirməyimdir. Birincisi, mənə etimad müstəvisində, məni təkidlə dəvət etdikləri üçün təşəkkür edirəm. Əli İnsanov təsadüfi adam deyil, Azərbaycan siyasəti və elmində sözü olan, nüfuzu olan adamlardan biridir. Bu etapda bir dinamikliyə, düşündürməyə, cəmiyyəti bir az silkələməyə ehtiyac var idi. – KXCP-dən tamamilə çıxdınız? – Bəli, mən onu sədrə də bildirdim, mən gedirəm, dedim, hətta xeyir-dua ver, dedim. Bununla dilim əyilməyəcək, nüfuzum da düşəsi deyil. Bunu nə cür dəyərləndirirlər öz işləridi, bu günkü gündə fərqli qütblərin, fərqli cinahların demokratiyada, vətən savaşında bir səngərə girməsinə nail olmaq, buna töhfə vermək gərəkdir. Mən indiki zamanda hesabat versəm ki, 5-6 aya yaxındır ki, bu partiyada görəvliyəm, çıxışlarımla, nitqimlə, davranışımla, proseslərə baxışımla ona nail olmuşam. Bu günkü gün Haqq-Ədalət Partiyası dövlətin yanındadı, ordunun yanındadı, Ali Baş Komandanın bu duruşunu dəstəkləyir, Türkiyə-Azərbaycan Birliyinin tərəfindədi, Türkiyə hərbi bazasının Azərbaycanda yerləşdirilməsini istəyir. Haqq-Ədalət Partiyası demokratik dünyaya inteqrasiyanı istəyir. Haqq-Ədalət Partiyası mənim də söykəndiyim ideoloji dünyaya, Məmməd Əmin Rəsulzadə xəttinə, Əbülfəz Elçibəy düşüncəsinə sayğılı və ehtiramlıdı. Əli İnsanov dediyim kimi savadlı, dünyagörüşü təmiz bir Türk kişisidi, milli-mənəvi dəyərlərə münasibətdə mühafizəkardı. Bu baxımdan Əli İnsanov el adamıdı, mən orada özümü çox rahat hiss edirəm, çox da sağlam bir münasibətimiz var, Azərbaycanda, həm də gələcəkdə Borçalı probleminin daha fundamental həll olunması ilə bağlı proqram və planlarımız var. Mən məsələn, Borçalını siyasi platformalara daşıyırdım, siyasi platformaları “Borçalı Cəmiyyəti”nə yox. Məlumat verə bilərəm, Türkiyəylə apardığımız işlər, Türkiyə siyasi dairələri ilə, ictimai sektorla qurulan münasibətlərdə, Azərbaycanda ictimai sektorla, siyasi partiyalarla münasibətin özünün təməlində “Borçalını tanıyın və sahib durun” prinsipi dayanır. Bu gün müxalifətsən, sabah iqtidar ola bilərsən və ya iqtidarsan, sabah müxalifət ola bilərsən. Orada bizim qoyduğumuz model ictimai bir sektor, ictimai bir hərakat Azərbaycanda 5-ci kolonun tör-töküntülərinin əlinə, ağzına, cibinə baxmayıb. Bizim özəlliyimiz budur, elin gücünə güvənmişik, millətin gücünə, çevrəmizə könül verən ağsaqqallarımızın, ürfan kişilərimizin, dəyərli insanlarımızın gücünə güvənmişik. Bu, bir modeldir, yəni ola bilər ki, 11 ildə başqa bir təşkilat 500 min, bir milyon dollar pul xərcləyə bilərdi, biz isə sxem qursaq, yüz min xərcləmişik, ya xərcləməmişik, bilmirəm, amma bizim nəticəmiz onlardan on qat çoxdur, nəyə görə, çünki bizim söykəndiyimiz millətin ruhudu, elin ruhudu, elin şah damarıdı. Bu cür məsələlərə heç zaman siyasi-spikulyativ müstəvidən yox, həqiqət müstəvisindən yanaşmışıq, uğurlarımızın kökündə bunlar durur. Yənu uğur formulunu tapmayanlar hər dəfə spantan olaraq ağlına bir şey gəlir, atdı, qayıdıb kəlləsinə dəyəndə də deyir mənim kəlləmə Zəlimxan vurub. Yox, Zəlimxan vurmayıb, yəni bu sektorda oldunmu, ifadələrinə çox ciddi fikir verəcəksən və ifadəndə sadəcə puça çıxan fikirlərlə yox, ruhunla olacaqsansa, el onu bağrına basacaq, onu özününkü biləcək. Biz yeni dünya düzəninə gedirik, birlik möhtəşəmdi, əməkdaşlıq çox möhtəşəmdi. Əməkdaşlıq edə də, birləşə də bilirik, bir səngərə də girə bilirik, əl-ələ verərək bundan sonra da Azərbaycanı, Türk dünyasını dirçəltmək, Bütöv Azərbaycan idealı uğrunda mübarizə aparmaq, dünyada yaşayan soydaşlarımıza sahib durmaq hədəflərimiz olacaq və hamı dərk edəcək ki, biz bir yerdə olanda zəfər çalırıq. Çox istərdim ki, Prezidentimizin adı tarixə “zəfər qazandıran prezident” kimi düşsün, bu millət o qədər saf millətdir ki, dünən nələr baş verdi, hansı naqisliklər oldu, hamısını əfv edir, amma ondan sonrakı resurslarımız qalxınmaya tərəqqiyə yönələcək. Buna tələbimiz olacaq, gələcək dinc, demokratik qaydada hakimiyyət dəyişmələrinin əvəzlənməsi ənənəsi Azərbaycana gələcəksə, biz daha sürətlə inkişaf eləyib, siyasi quruluşumuzu sağlam əsaslı təməllər üzərində quracayıq. Türkiyənin dünən at oynadan siyasətçisi bu gün sadə bir vətəndaşdır, Türkiyənin dünənki prezidenti bu gün sadə vətəndaşdır, bu, belə olmalıdır, amma hörmətlidi, yaxşı işlər gördüyünə görə başa çəkirlər, biz də istəyirik ki, Azərbaycana gələcəkdə bunlar gəlsin, buna imkanlarımız kifayət qədər çoxdur. “Gürcüstan vətəndaşı olub Azərbaycanda yaşayan insanlara bir müraciətimiz olacaq ki, oktyabrın 31-ə qədər Gürcüstan səfirliyində qeydiyyata düşsünlər, seçki səsvermələrində iştirak etsinlər” – Bəy, Haqq-Ədalət Partiyasının son bəyanatını mən də oxudum, Prezidentimizlə, ordumuzla biryerdəyik və s. Amma deyəsən, müxalifət partiyaların bəzilərinin səsi çıxmır? – Yox, bəy, çox barışmaz, radikal hesab olunanlar da mövqeyini ifadə edirlər, əslində bəzi istisnalar ola bilər ki, məsələn, tutduqları ideoloji xətt qüsurluydu, məsələn, məni çox dəvət elədilər, ora gəl, danışaq, bura gəl, çıxış et, mən danışığa getmədim. Ona görə ki, mən ona inana bilmirimsə, getməyəcəm. Zəlimxan orda iştirak etdi, burda çıxış etdi kimi şeylərin xəstəsi deyiləm. Bir az bu şeylər var, amma bütövlükdə siyasi camiyə birmənalı şəkildə vətən savaşının yanındadır. Birmənalı şəkildə bu, bizim ocağımızdır, millətimizin qüdrətidir, artıq siyasi yetkin insanlarımız var, eqoist, dar düşüncəli deyillər, təbii ki, burdan istifadə eləmək istəyənlər də, karyera qurmaq istəyənlər də var, yəni insan oğludursa, bu şeylər olacaq. – Təşəkkür edirəm, bir az da “Borçalı Cəmiyyəti”nin bu günkü vəziyyətiylə bağlı danışaq. – Bilirsən, bu COVİD-19 mövzusu dünyanı lərzəyə gətirən, silkələyən, təslim eləyən gözəgörünməz bir varlıqdı. Yadınızdadırsa axrıncı tədbirimiz Novruz bayramı ərəfəsində baş tutdu, bir də 25 dekabr həmrəylik bayramımız yüksək səviyyədə oldu. Onu da deyim ki, Türkiyənin Bakı Böyük Elçisi Erkan Özoralın heyətiylə biryerdə iştirakı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Şamil Ayrım cənablarının iştirakı və çox nüfüzlü ziyalılarımızın qatılımıyla peşəkarlıqla keçirdiyimiz möhtəşəm tədbir hər təşkilata nəsib olmur. Biz hədəfə doğru yürüdük. Bunu görməyib, virus qadağasının içində məndən xariqələr gözləyənlər yanlış eləyirlər. Gerçək nədi, biz Osman Əhmədoğlunu itirdik, bu, mənim üçün çox ağır şeydi, Abbas Abdullanı, Həsən Qurbanovu, Sabir Aşırovu itirdik. Tipim elədir ki, onlar mənim içimdədirlər, hər gün onlarla danışıram. Adam var ki, vecinə almır, üç mərasimindən sonra da yaddan çıxır gedir, amma bu, mənim fərdi içimdir, mən onlarla danışır, hesablaşıram, onlara hesabat verirəm. Bu ağrıları sinirmək mənim kimi adam üçün bir az çətindir, amma sinirə bildik. Bu müddətdə bizim konfransımızın keçirilməsi buna görə uzandı, tədbirlər keçirmək, konfranslar keçirmək yasaqları var. Mən indi götürəndə Gürcüstanda baş verən proseslər, Azərbaycanda cərəyan edən proseslərə “Borçalı Cəmiyyəti”nin sədri olaraq, İdarə Heyətinin üzvləri olaraq, onlayn və ya birbaşa ünsiyyətlə bölüşərək mövqelərimizi ifadə etmişik, heç kimə də biganə qalmamışıq, indi isə bir mühit yarandı, qarşıdan təkrar pandemiya qadağaları gəlir, virusa yoluxanlarda ciddi artım var, biz buna ehtiyat eləməliyik və müşahidə edirəm ki, insanlarımız ağzını bağlayır, burnunu bağlamır. Amma mən həkim kimi deyirəm ki, hər bir insan özünü və bütövlükdə milləti qorumaq məsuliyyəti daşımalıdır. Cəbhədə əsgərlərimiz döyüşür, şəhid olursa, biz də burada maskamızdan düzgün istifadə eləməliyik, gigiyena qaydalarına əməl etməliyik, bir-birimizə xoşgörülü davranışımız olmalıdır. Bu müddətdə biz baş verənlərə “Borçalı Cəmiyyəti” olaraq biganə qalmadıq, 200 nəfərə qədər kimsəsiz, imkansız ailələrə ərzaq yardımı elədik, amma bunu reklam eləmədik, Sabir Aşırovla, Ramiz Həsənov da bu missiyaya rəhbərlik etdilər. Biz cəmiyyətimizin imkanlarının məhdud olmasına baxmayaraq, bunu elədik. Borçalıya yardım göndərilməsi ilə bağlı təşəbbüsümüz oldu, yazışmamız oldu, Diaspora komitəsilə ünsiyyətimiz oldu və sağ olsunlar, nəzərə aldılar, təxminən 500 ailəyə yardım göndərdilər. Burada qalan insanlarımızın hüquqları ilə bağlı müraciətlərimiz oldu, yəni hansı imtiyazları tanıyaq ki, qadağa ucbatından Gürcüstana gedə bilməyən, hətta sonra qadağa müddəti bitmiş insanların gedişinə dair maarifləndirici bir sənəd hazırladıq, yaydıq. Yəni bizim işimiz budur, mətbuata verdik ki, insanlarımız oxusun, maariflənsin, hüquqlarını bilsinlər. İndinin özündə də biz təbii ki, Gürcüstan vətəndaşı olub Azərbaycanda yaşayan insanlara bir müraciətimiz olacaq ki, oktyabrın 31-ə qədər Gürcüstan səfirliyində qeydiyyata düşsünlər, seçki günü səsvermədə iştirak etsinlər. Bakıda məskunlaşmış Gürcütan vətəndaşları səfirliyə getməli, qeydiyyata düşməli, seçici siyahısına daxil olmalı, seçki günü gedib səslərini verməlidirlər. Bunu etmək çox önəmlidir. Qaldı ki, növbəti konfransımız barədə. Nəzərə alsaq ki, oktyabrın 19-dan etibarən yeni pandemiya qadağaları var, buna baxmayaraq, onlayn da olsa konfransımızı 24 oktyabrda keçirdik. Bundan sonrakı hədəf nədi? Yol var, yolu getmək lazımdır. İdarə Heyətinin gəncləşməsi çox önəmlidir, aktiv gənclərimizdən artıq İH-də var. Onlar mühüm vəzifələri icra edəcəklər. Yəni bu gənclərə iş üzrə səlahiyyətlər verək ki, bunlar gələcəyin tavanını qurmaqda məsul olsunlar və biz növbəti etapda inşallah bütün heyətlə gəncləri himayə edəcəyik. Növbəti etapda gənclərə əksər səlahiyyətləri verəcəyik və biz də onların yanında olacayıq, dəstək verəcəyik ki, bu qurulan ocaq sönməsin, ocağımız daha gur yansın. Düşmənlər çoxdu, “Borçalı Cəmiyyəti”nin inkişafını istəyənlər isə haqqa meyilli olan, xalqlarımızın, dövlətlərimizin, elimizin tərəqqisini arzulayanlar, birliyimizin olmasını, bayraqlarımızın qoşa dalğalanmasını istəyənlər olacaq. Söhbətləşdi: Elbəyi Cəlaloğlu Bakı, 25 oktyabr 2020-ci il.
© 2020 - Created by İLK XEBER.