Əgər Şuşa və Xankəndi şəhərləri Azərbaycan Ordusu tərəfindən raket atəşinə tutulubsa, o zaman Ermənistan bunu sübut edən foto və videolar təqdim etsin. Bir ədəd foto, bir yaralı videosu, ölənin görüntüsünü təqdim edə bilmirlər. Çünki yoxdur. Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Ermənistanın Azərbaycan Ordusunun guya Şuşa və Xankəndidəki yaşayış evlərini atəşə tutması barədə yalanlarını şərh edərkən deyib. Politoloq bildirib ki, Bərdəni ardıcıl iki gündür raket atəşinə tutan və çoxsaylı mülki əhalinin ölümünə səbəb olan faşist Ermənistan bu cür dəhşətli əməlinin qarşılığında guya Azərbaycanın Şuşa və Xankəndini “Smerç” raketilə vurduğu barədə yalan yayır: “Əvvəla, Azərbaycan Qarabağdakı heç bir mülki obyekti, şəhəri, kəndi, binanı ona görə vurmur ki, bütün bu binalar, yaşayış yerləri bizimdir, Azərbaycanındır. Azərbaycan öz mülkünü özü dağıda bilməz. İkincisi, Azərbaycan yalnız hərbi obyektləri vurduğunu bildirib və bunun təsdiqi olaraq görüntülər də yayılıb. Prezident İlham Əliyev də dedi ki, 27 sentyabrdan 9 oktyabra qədər Azərbaycan Şuşa və Xankəndidə hərbi obyektlərə zərbələr endirib. Həmin zaman bəlkə də yaxınlıqdakı hansısa obyekt təsadüfən zərər görə bilərdi. Ancaq 9 oktyabrdan sonra bu ərazilərə heç bir zərbə endirilmir – çünki ordakı hərbi obyektlərin hamısı artıq darmadağın edilib”. A.Camalqızı Ermənistan Müdafiə Nazirliyinin yalnız bu gün yaydığı 4 məlumata diqqət çəkib: “Ermənistan MN təmsilçiləri bu gün guya Azərbaycanın Xankəndi və Şuşada mülki obyektləri vurması barədə 4 məlumat yayıb – ikisi Xankəndiyə, ikisi isə Şuşaya aid. Hər 4 xəbərin fotolarını təqdim edirəm. Özünüz baxın, görün burda Azərbaycan Ordusunun zərbəsini təsdiq edən nə var? Niyə fotolar, videolar verilmir? Üç "zərbə"də “xoşbəxtlikdən heç kəs zərər çəkməyib” qeydini veriblər, Bərdəyə bugünkü raket atışı nəticəsində kütləvi ölüm faktı yayıldıqdan sonra isə guya Şuşada bir mülki şəxsin öldüyünü açıqladılar. Harda ölüb? Hanı ölənin fotosu? Niyə “Şuşada bir mülki şəxs öldü” xəbərinə simvolik foto yerləşdirirlər? Yoxdur elə fakt, erməni yalanı və məkridir”. Politoloqun sözlərinə görə, ermənilər yalnız əxlaqdankənar təbliğat aparmaqla məşğuldur: “Guya şəhərləri vururuq, guya mülki əhali ölür – fakt-sübut isə yoxdur. Əvəzində xarici ölkələrdə “növbəti erməni genosidinə imkan verməyin” şüarı ilə keçirdikləri aksiyada 2017-ci ildə öldürülən 2 yaşlı Zəhranın fotosunu qaldırır, onu erməni uşaq kimi təqdim etməyə cəhd göstərirlər. Bundan əxlaqsız, bundan həyasız bir düşüncəni təsəvvür etmək mümkün deyil. Erməni təbliğat maşını hətta Xocalıda öldürülən uşaqları da “Sumqayıt hadisələri” kimi Tiflisdə keçirilən sərgidə nümayiş etdirməyə cəhd etmişdi”. Ötən gün və bu gün Bərdəyə endirilən raket zərbələri nəticəsində çoxsaylı mülki şəxsin ölməsini qeyd edən A.Camalqızı bildirib ki, bu dəhşətləri dünya görməzdən gələ bilməz: “Ötən gün 5, bu gün isə 21 nəfər Ermənistan ordusunun Bərdəyə endirdiyi raket zərbələri nəticəsində dünyasını dəyişib, yaralıların sayı onlarladır. Bundan öncə Gəncəyə və digər şəhərlərimizə edilən hücumlar nəticəsində də içərilərində körpələrin, yaşlıların, qadınların olduğu onlarla dinc sakin həlak olub. Bu proses bütün dünyanın gözü qarşısında baş verir: endirilən zərbənin görüntüsü, zərbədən sonra Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının axtarış işləri və dağıntılar altından mülki şəxslərin meyitlərinin və yaxud yaralıların çıxarılması dünyanın ən nüfuzlu media qurumları tərəfindən canlı yayımlanıb. Hər kəs Ermənistanın dəhşətli cinayətlərini birbaşa gözləri ilə görüb, izləyib. Ancaq Ermənistan yalnız feyk xəbər yaymaqla, heç bir sübut təqdim etmədən, böhtanlarla məşğuldur. Bunun necə fərqində olmamaq mümkündür?” Politoloq bildirib ki, dünya görməzdən gələ bilər, ancaq bu dəhşətlərin cavabını Ermənistanın işğalçı ordusu verəcək: “Azərbaycan Ordusu Gəncənin, Bərdənin qisasını döyüşdə, əli silahlı erməni quldurları və terrorçularından alır. Onlar əsgər deyil, onlar məhz terrorçudur, hərbi canilərdir. Mülki əhalini qətlə yetirmək üçün ballistik raketlərdən istifadə edənlər heç bir halda əsgər adını daşıya bilməz. Onlar bununla Ordumuzun qarşısında darmadağın olub qaçdıqlarının guya əvəzini çıxdıqlarını, dünən öldürülən “general”larına görə qisas aldıqlarını düşünürlər, ancaq bununla Azərbaycan Ordusunun qisas hissini artırırlar, Azərbaycan xalqının səbir kasasını daha da daşırırlar. İnanıram ki, ən qısa müddətdə Ordumuzun erməni silahlı terrorçularını necə məhv etməsinin görüntülərini görəcək, döyüş meydanında o mülki şəxslərin, Xocalının, Ağdabanın qisasının alındığını müşahidə edəcəyik. Heç nə bizim mübarizə əzmimizi sındıra bilməz. Biz Ordumuza, Ali Baş Komandanımıza güvənirik və tam əminik ki, ən qısa müddətdə torpaqlarımız bu terrorçulardan birdəfəlik təmizlənəcək”.
© 2020 - Created by İLK XEBER.