Oktyabrın 25-də daha bir işğalda olan bölgəmiz, Qubadlı şəhəri rəşadətli ordumuz tərəfindən azad edildi. Xatırladaq ki, Qubadlı şəhəri 1993-cü il avqustun 31-də Ermənistanın terrorçu silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Qubadlılar 27 ildən sonra torpaqlarının işğaldan azad olunması xəbərini böyük coşğu ilə qarşılayıblar.
Əslən Qubalıdan olan tanınmış jurnalist, “Avropa.info” saytının baş redaktoru Rəsul Mirhəşimli bununla bağlı təəssüratlarını “Yeni Müsavat”a bölüşüb:
“Qubadlının işğaldan azad olunması xəbəri 27 ildir həsrətlə gözlədiyimiz ən gözəl xəbər oldu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu qələbə sevincini bizə yaşadan başda Ali Baş Komandan İlham Əliyev olmaqla, Azərbaycan Ordusunun bütün şəxsi heyətinə təşəkkürümü bildirirəm. Allah vətən torpaqları uğrunda canlarını fəda edən bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza isə tezliklə şəfa versin”.
Rəsul Mirhəşimli qeyd edib ki, Qubadlının işğaldan azad olunması strateji baxımdan Azərbaycana əlavə üstünlüklər qazandırır: “Sentyabrın 27-dən ordumuzun Qarabağda əks-hücuma keçməsi, bundan sonrakı proseslər sübut etdi ki, Azərbaycan Ordusu MDB məkanın ən müasir ordusudur. Azərbaycan Ordusu 15 respublika arasında müqayisə edilməyəcək gücə malikdir.
Qubadlının işğaldan azad olunması strateji baxımından Azərbaycana əlavə üstünlüklər qazandırır, çünki Qubadlı rayonu 120 km Ermənistanla sərhəddə yerləşir. Ermənistanın Qarabağdakı terrorçulara hərbi yardım etmək niyyətinin qarşısı bu yolla alınacaq və bundan sonra Qarabağda hərbi əməliyyatlar daha sürətlə genişlənəcək. İnşallah, Azərbaycanın Qarabağdakı digər rayonlarının, o cümlədən Şuşanın, Xankəndinin Xocalının, Əsgəranın, Ağdamın işğaldan azad olunması xəbərinə sevinək. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Azərbaycanın Qarabağda ucaldılacaq bayrağı Bakıya gətiriləcək və xalqımıza hərbi paradda həmin bayraq nümayiş olunacaq. Allah tezliklə bu xoşbəxtliyi bizə nəsib etsin. Həmin gün Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqına çevriləcək".
Baş redaktor Qubadlı ilə bağlı xatirələrindən də söz açıb:
“Qubadlı rayonunun mərkəzində yaşayırdım. Orada 1 saylı orta məktəbi bitirmişəm. 1993-cü ildə Qubadlı rayonu işğal olunanda mənim 25 yaşım var idi. Allah mənə 52 yaşımda bu sevincli xəbəri eşitməyi nəsib etdi...
Ən çox xatırladığım, yay tətillərində kəndimizə getməyim və kəndimizin ən yüksək nöqtəsi Alıpaşa dağının zirvəzinə çıxıb, Azərbaycanın mənzərəsinə tamaşa etməyimdir. Həmin zirvədən baxanda Araz kənarındakı əksər kəndlər, Füzulinin yüksəklikləri göz önündə canlanırdı. Mənim üçün dünyanın ən gözəl mənzərəsi də məhz o idi".
Rəsul Mirhəşimli Qubadlıda ilk görmək istədiyi yeri də açıqlayıb:
“Tez-tez sual verirlər ki, Qubadlıda ilk getmək istədiyini yer haradır? İndi çox fikirlər səsləndirmək olar. İnşallah, rayona geri döndükdən sonra biləcəyik ki, ilk ağlımıza nə gələcək, ilk hansı hadisə ilə rastlaşacağıq...
Qubadlı şəhərinə gedən yol Qəzyan kəndinin içərisindən keçir. Həmin kənddə Azərbaycanın Milli Qəhrəmanı, mənim də müəllimim olmuş Əliyar Əliyev dəfn olunub. Çox istərdim ki, ilk getdiyimdə Əliyar Əliyevin məzarını ziyarət edim. İşğalda olan torpaqlarımız, eyni zamanda Qubadlı azad olunanda ilk ağlıma gələn bu fikir olub".
Rəsul Mirhəşimli həmçinin onu da qeyd edib ki, təkcə qubadlılılar deyil, bütün Qarabağ camaatı torpaqlarının işğaldan azad olunacağı ilə bağlı ümidlərini heç vaxt itirməmişdilər:
“Qubadlıdan çıxan bir çox insanlar bu ümidlə öz evlərinin açarlarını özləri ilə gətirmişdilər. Həmçinin mənim atam da evimizin açarını özü ilə gətirmişdi.
Qarabağdan, Qubadlıdan olan hər bir vətəndaşımız bir gün torpaqlarımızın işğaldan azad olunması ümidi ilə yaşayırdı və bu ümidlərini heç vaxt itirməmişdilər. Çox təəssüf ki, minlərlə insan bu həsrətlə artıq dünyadan köçüb.
O torpaqlar bizim torpaqlarımızdır. Biz orada dünyaya gəlib, orada yaşamışıq. Və bizim olan torpaqlarımıza bir gün dönəcəyimizi hər zaman ümidlə gözləmişik. Çox şükür ki, Allah bu günləri bizə göstərməyə başladı".
Xalidə GƏRAY,
“Yeni Müsavat”