Azərbaycan rəhbərliyi separatçıların “yüksək status” arzusunu gözündə qoydu - referendum olmayacaq; Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasından təklif gəldi... “Əgər Ermənistan Dağlıq Qarabağdakı 60 min erməninin taleyini bu qədər düşünürsə, onda Ermənistandan qovduğu 250 min azərbaycanlını da nəzərə almalıdır və bizim kompakt yaşadığımız ərazilərimizə haqqımızı tanımalıdır. Azərbaycan da danışıqlarda İrəvan türklərinin taleyini rəsmi arqument kimi masaya qoymalıdır”. Bu sözləri Türkiyənin Ərciyəz Universitetinin professoru, Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının təsisçisi Qafar Çaxmaqlı deyib. Q.Çaxmaqlı bildirib ki, əgər Dağlıq Qarabağda ermənilərə muxtariyyət müzakirə edilərsə, İrəvan türkləri də öz haqlarını almalıdır: “Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasına, Zəngəzur və Göyçə bölgəsinə də muxtariyyət verilməlidir. Bu torpaqların qanuni vətəndaşları var. İrəvan türkləri öz torpaqlarında yaşamaq istəyir və Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır. Bu gün bizdə bəhs etdiyim torpaqlarla bağlı rəsmi sənədlər, hüquqi əsaslar var. Rəsmi İrəvan gec-tez bu reallıqlarla barışmalı olacaq”. Qafar Çaxmaqlı Bu, bəzilərinə təəccüblü görünə bilər. Amma əslində hörmətli Qafar Çaxmaqlı mövqeyində kifayət qədər haqlıdır. Əgər Qarabağ danışıqlarında Ermənistan üçün vazkeçilməz məsələ bir ovuc erməninin “öz müqəddəratını təyinetmə”, yaxud status məsələsidirsə, onda niyə rəsmi Bakı 300 minədək azərbaycanlının taleyini masaya daşımasın? Əslində beynəlxalq güclər və aparıcı ölkələrin paytaxtları da balansı qorumaq, neytrallığı saxlamaq naminə bu təklifi özləri irəli sürməliydilər ötən illər ərzində. Təbii ki, əgər onlar status-kvonun saxlanmasını deyil, Qarabağ məsələsinin həllini düşünsəydilər, o halda belə təklifi dilə gətirərdilər. Ancaq bu gün vəziyyət dəyişib, daha doğrusu Azərbaycan dövləti və ordusu status-kvonu alt-üst edib, proseslərdə diktə edən tərəfdir. Belə olan halda şərtlər də Azərbaycandan gəlməlidir. Azərbaycan prezidenti İlham Əliyev Yaponiyanın Nikkei qəzetinə verdiyi müsahibədə Dağlıq Qarabağ bölgəsinin Bakının nəzarəti altına qaytarılması halında ermənilərin mədəni muxtariyyətinin mümkünlüyündən danışıb. İlham Əliyevə “Əraziyə Bakının nəzarəti qaytarılacağı təqdirdə Qarabağda yaşayan ermənilərə öz müqəddəratını təyinetmə hüququ veriləcəkmi?” sualı verilib. “Öz müqəddəratını təyinetmə məsələsinə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Müstəqil bir Ermənistan dövləti var”, Azərbaycan lideri cavabında belə deyib. “Öz müqəddəratını təyinetmə məsələsi Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır”, Prezident əlavə edib. “Müxtəlif öz müqəddəratını təyinetmə növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Bunu Avropanın inkişaf etmiş ölkələrində, insanların bələdiyyələrində və icmalarında müəyyən hüquqlara sahib olduqlarında görürük. Azərbaycanın hər yerində olduğu kimi, ölkəmizdə yaşayan ermənilər də bu cür təmaslarda ola bilər” deyib. Eyni zamanda, Dağlıq Qarabağda referendum keçirilməsinin mümkünlüyünü istisna edib. “Dağlıq Qarabağda referendum olmayacaq. Biz heç vaxt bununla razılaşmayacağıq. Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına əsla icazə verməyəcəyik” bildirib. “Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı olaraq qalacaq, hüquqları və təhlükəsizlikləri təmin ediləcək” - İlham Əliyev əlavə edib. Bundan əvvəl Ermənistan prezidenti Armen Sarkisyan İrəvanın Qarabağın “müstəqilliyi”ni tanıma ehtimalına münasibət bildirmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan isə Ermənistan üçün “qırmızı xətt”in Qarabağın “öz müqəddəratını təyinetmə” haqqı olduğunu iddia edib. Prezident İlham Əliyev isə öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü Bakı üçün “qırmızı xətt” adlandırıb. O qeyd edib ki, “heç bir halda Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək”. Dövlət başçısı birmənalı şəkildə bəyan edib ki, “Dağlıq Qarabağda heç bir referendum keçirilməyəcək”. Yəni ən uzağı mədəni muxtariyyətdən söhbət gedə bilər. Belə bir məqamda Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının Qərbi azərbaycanlılara Ermənistanda muxtariyyət hüququ verilməsi təşəbbüsü ilə çıxış etməsi, - yəni simmetrik status məsələsi - tam yerinə düşür. Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a dedi ki, Azərbaycanın başlatdığı əks-həmlə əməliyyatı 30 il ərzində aparılan Qarabag danışıqlarında ciddi dönüş yaradıb: “Bu gün əsas məsələ danışıqlar başlayarsa, Qarabağa hansı statusun verilməsidir. Artıq Yenilənmiş Madrid prinsipləri və baza prinsipləri Azərbaycan üçün keçərli deyil. Çünki bu həll variantları yalnız sülh danışıqlari fonunda həyata keçməli idi. İndi isə Azərbaycan özü rayonları azad edir və Xankəndidə ermənilərə hər hansı yüksək muxtariyyətin verilməsi nəzərdə tutulmur. Sadəcə, prezident İlham Əliyev mədəni muxtariyyəti irəli sürdü. Hesab edirəm ki, bundan sonra Ermənistanla danışıqlar aparılacaqsa, bəli, yalnız azərbaycanlıların Ermənistan ərazisinə qayıtması, onlara muxtariyyət verilməsi halında məsələ həll edilməlidir”. Politoloq qeyd etdi ki, hazırda Qarabağda erməni əhali yoxdur: “Onlar Ermənistan ərazisinə köçüblər. Deməli, danışıqların bərpası halında hər iki tərəf geri qayıdır və Ermənistanda azərbaycanlılara muxtariyyət verilməklə, ermənilərə də Qarabağda muxtariyyət verilir. Yaxud belə bir variant irəli sürülə bilər: Ermənistandan qaçqın olanlar Qarabağ ərazisinə köçürülür və Qarabağdakı ermənilər də Göyçə mahalına. Paritet şəkildə onlara muxtariyyət verilir. Düşünürəm ki, artıq Ermənistana güzəşt etmək lazım deyil. Hazırda onlar Azərbaycana qarşı müqavimət göstərir, döyüşürlər, müharibə gedir. Belə olan təqdirdə onları təslim etdikdən sonra Ermənistanın dediklərinə getmək bizim təslim olmağımız demək olar. Nə dövlət başçısı İlham Əliyev, nə də xalq buna razı olar. Artıq biz qələbə çalırıq. Ermənilərin Qarabağa qayıdıb yüksək muxtariyyət alması mümkün deyil”. E.PAŞASOY, “Yeni Müsavat”
© 2020 - Created by İLK XEBER.