Ağlama ana, vurulduğum yerdə lalələr bitəcək, bənövşələr açacaq, hər səhər elə oradaca günəş doğacaq! Mən o zaman gülümsəyəcəm sənə, göylərin lacivərd ətəklərindən. Sən də gülümsə... Vurulduğum yerdə otlar daha yumşaq olacaq, şehi daha parlaq olacaq, göyərçinlər yuva quracaq, bülbüllər ötəcək, ağlama ana, bunları düşünəndə gülümsə. Vurulduğum yerdə bir çinar bitəcək, kökü qara torpağın dərinliklərində, başı göylərdə. Ağlama ana, ona baxıb gülümsə. Vurulduğum yerdə dağlar daha vüqarlı, daha möhtəşəm olacaq, quşqonmaz qayalarında qartallar qıyya çəkəcək, Ağlama, gülümsə... Vurulduğum yerdə uşaqlar ürəkli böyüyəcək, mətin olacaq, düşmənini tanıyacaq, mənimlə fəxr edəcək. Daha ağlama, ana, bunları düşünəndə gülümsə! Ağlama, ana, mən vuruldum ki, bu torpaqda daha körpələr vurulmasın, yuxudan diksinməsin, evləri başına uçmasın, güllə səsi eşidilməsin, quşlar yuvasından, insanlar yurd-yuvasından perik düşməsin! Bunları düşünəndə gülümsə, ana! Ağlama! Vurulduğum yerdə bir bayraq ucalacaq, göylərin ənginliklərində vüqarla dalğalanacaq! Başı mavi səmada, ətəyi al lalələr içində yamyaşıl bir çəməndə... Daha ağlama, ana, ona baxıb gülümsə! Gülümsə artıq, ana! Cənnətimə yağış yağır, daha ağlama, ana!
© 2020 - Created by İLK XEBER.