“Bu gün (20 oktyabr-red.) Azərbaycan Ordusu Zəngilanın azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə məruzə edib. Bu o deməkdir ki, Qarabağın bütün düzənlik hissəsi özünü “Dağlıq Qarabağ Respublikası”nın qoşunları adlandıran Ermənistan ordusunun işğalından təmizlənib”.
Bunları rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Azərbaycan Ordusunun Zəngilan şəhərini və bir sıra kəndləri işğaldan azad etməsi ilə bağlı çıxışında deyib.
“Azərbaycan Ordusu rahat şəkildə Şuşa və Xankəndini işğaldan azad edə bilər. Düşünmürəm ki, erməni qoşunları onlara mane olmaq iqtidarındadır”, - deyə M.Şevçenko qeyd edib.
M.Şevçenko vurğulayıb ki, sülh prosesində artıq köklü dəyişikliklər baş verib. Əvvəllər beş rayonun və daha sonra iki rayonun qaytarılmasından söhbət gedib, bu çərçivədə sonsuz danışıqlar aparılıb.
Rusiyalı jurnalist həmçinin artıq Minsk Qrupunun anlamsız olduğunu, Minsk prosesinin artıq mövcud olmadığını söyləyib.
“Azərbaycan Ordusu Öz qüvvəsi, öz müasir silahları və müasir döyüş taktikası ilə dövlətinin işğal altındakı torpaqlarını azad edib”, - deyə M.Şevçenko bildirib.