Qarabağ, işğal olunmuş digər torpaqlarımız bizə, biz torpaqlarımıza qovuşuruq. Əsgərinə, ordusuna güvənən xalqımız ərazi bütövlüyünün bərpasına doğru müqəddəs və şərəfli yol gedir. Azərbaycan və azərbaycanlılar öz tarixlərinin qürur dolu anlarını yaşayırlar. 30 ilə yaxın düşmənin işğalı altında qalan torpaqlarımız, kəndlərimiz, şəhərlərimiz azad olunur.
Azad olunan yurdlarımızdan biri də Cəbrayıl rayonunun Soltanlı kəndidir. Soltanlının azad olunması xəbərini Ali Baş Komandan İlham Əliyev 19 oktyabrda səhər saatlarında xalqımıza məlumat verdi. Soltanlı kəndinin azad olunması ilə bu kəndin sakinlərinin də Vətən həsrətinə son qoyuldu.
Seymur Verdizadə
Cəbrayıl rayonunun Soltanlı kəndindən olan tanınmış jurnalist Seymur Verdizadə doğma yurdunun azad olunmasından keçirdiyi hissləri “Yeni Müsavat”la bölüşüb: “Kəndimiz 1993-cü ilin oktyabrında işğal olunanda mən Türkiyədə tələbə idim. Kəndimizin işğalını orada eşitdim. Həmin vaxtdan hiss edirdim ki, tələbə yoldaşlarımın mənə qaçqın kimi yazığı gəlir. O baxışları düz beş il tələbəlik dövründə öz üzərimdə hiss elədim. Kəndimiz oktyabrda da azad olundu. Bu xəbəri mən Bakıda evimdə eşitdim. Özümün və ailə üzvlərimin sevincdən qışqırıq səslərimiz bir-birinə qarışdı. İlk dəfə 17 il bundan əvvəl oğlumun 4 yaşı olanda məndən soruşmuşdu ki, ata, biz öz kəndimizə nə zaman gedəcəyik. O vaxt mən bu suala cavab verə bilməmişdim. Sonra bu sual növbəti illərdə də tez-tez təkrarlanmışdı. Mən bu sualın qarşısında aciz qaldığım üçün ”Məni pərt edən suallar" adlı bir köşə yazısı yazmışdım. Yaxın zamanlara kimi mən bu cür suallara heç vaxt cavab verə bilmirdim. Çünki mənim özüm də bilmirdim ki, kəndimizə nə vaxtsa gedə biləcəyəmmi. Köçkünlük həyatı uzandıqca, Qarabağ münaqişəsi həll olunmadıqca, bizim torpaqlarımızın azad olunacağına inamımız da öləziyirdi. Biz nə vaxtsa ora qayıdacağımıza möcüzə kimi baxırdıq. Ona görə də oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad olunması mənim üçün bir möcüzənin gerçəkləşməsi kimi qəbul oluna bilər. Cəbrayıl şəhəri azad olunduğu gün mən artıq kəndimizin də azad olunacağına yüz faiz əmin oldum. Bu əminliyim özünü çox gözlətmədi və 19 oktyabrda səhər biz 27 il həsrətində olduğumuz xəbəri-kəndimizin azad olunması xəbərini aldıq. Bu xəbəri eşidəndə keçirdiyim sevinc hisslərini ömrümün heç bir dövründə keçirməmişdim. Bu, tamam başqa bir hissdir və keçirməyənlərə sözlə nə qədər ifadə etsən belə, olduğu kimi çatdıra bilməzsən. Şanlı Azərbaycan Ordusuna, Ali Baş Komandana bizə bu sevinci nəsib etdiyi, alnımızdakı məcburi köçkün sözünü sildiyi üçün eşq olsun. Biz inanırıq ki, bütün işğal altındakı torpaqlarımız azad olunacaq və torpaq nisgili çəkən insanların həsrətinə son qoyulacaq.
Biz cəbhədən hər an xoş xəbərlər gözləyirik və Allahdan hərbçilərimizi qorumasını diləyirik".
“Kəndinizə gedib orada yaşamağı düşünürsünüzmü” sualına S.Verdizadə belə cavab verdi: “Tam səmimi deyirəm. Mən 27 ildə hər gün gecələr Cəbrayıla gedirdim-öz doğma kəndimizi hər gecə yuxuda görürdüm. Yuxuda evimizi görürdüm, lakin heç vaxt evimizə yaxınlaşa bilmirdim. Bizim ikimərtəbə böyük bir ata mülkümüz var idi. Mən hər dəfə yuxuda görürdüm ki, həmin evdən alov dilimləri yüksəlir, o qədər böyük alov dilimləri idi evə yaxınlaşa bilmirdim, eləcə uzaqdan baxırdım və yuxudan ayılırdım. İnanın ki, Cəbrayıl şəhəri işğaldan azad olunduğu gün mən evimizi yenə yuxuda gördüm, amma ilk dəfə idi ki, yanğın görmədim. Mən bilirəm ki, kəndimizi, evimizi dağıdıb yandırıblar və o ev artıq yoxdur, bəlkə izi də itib. Amma mən əminliklə deyirəm ki, Cocuq Mərcanlı kəndinin girişində gözlərimi bağlasınlar, gözüyumulu öz kəndimizə, doğulduğum evin yerinə gedib çıxa bilərəm.
İndiki zamanda yurdumu ziyarət etmək məsələsinə gəldikdə, hazırda müharibə gedir və biz oraya gedib orduya problem yaratmamalıyıq. İlk fürsətdə nə vaxt mülki insanların getməsinə şərait yaradılanda o karvanda birinci mən olacağam.
Mənim Cəbrayıla turist kimi getmək fikrim yoxdur. İnfrastrukturu bərpa olunandan sonra oradakı quruculuq abadlıq işlərində iştirak eləmək, Cəbrayılda yaşamaq fikrim var. 46 yaşım var və biz uzunömürlü nəsil deyilik, ömrümün, hər halda, çoxu gedib, azı qalıb, ömrümün qalan hissəsini Cəbrayılda yaşamaq istəyirəm".
S.Verdizadə onu da dedi ki, kəndlərimizin dağıdılması, evlərimizin külə döndərilməsi bizi ruhdan salmamalıdır: “Cəbrayıl rayonunun əhalisinin 25 min nəfəri Biləsuvardakı qaçqın şəhərciyində yaşayır. Həmin yer vaxtı ilə ilan mələyən səhra kimi yer idi. İndi həmin ərazi cənnəti xatırladır. Zəhmətkeş Qarabağ camaatının alnında yerə düşən hər damla tərin yerində bir ağac boy atıb. Bizlər sabah öz kəndlərimizə gedəndə yanıb külə dönmüş torpaqlarda yenidən cənnət yaradacağıq”.