İqtisadçı alim Qubad İbadoğlu sosial şəbəkədə "Bunları bilmək çox vacibdir!" başlığı ilə işğal altında olan ərazilərimizlə bağlı önəmli iqtisadi məlumatları paylaşıb. Qubad İbadoğlunun yazısını təqdim edirik: Birinci Qarabağ müharibəsi zamanı 800-dən çox Azərbaycan kəndi dağıdılıb və qarət olunub, 20 mindən çox insan həyatını itirib, 50 min nəfərdən çox yaralanıb və əlil olub. Bu müharibədə ərazimizin 20 faizə qədəri işğal edilib. İşğal ərazisi 12 min kv. km-i ötüb. İndiyə qədər olan məlumata görə, işğal altında olan ərazinin 1/6-i və ya 16,6 faizi azad edilib, 5/6-i və ya 83,4 faizi hələ də işğaldadır. İnşallah tezliklə onlar da azad olunar. İşğal nəticəsində 7 rayon mərkəzi, 6 şəhər, 12 qəsəbə, 830 kənd, 700 xəstəxana və tibb müəssisəsi, 6 dövlət teatrı, 368 klub və 85 musiqi məktəbi məhv edilib. İşğal zamanı 6000 sənaye, kənd təsərrüfatı və digər müəssisələr talan edilib. İşğal olunmuş ərazilərdə 1 milyon hektardan çox kənd təsərrüfatı sahəsi, o cümlədən 127,7 min hektar suvarılan torpaq və 34,6 min hektar üzüm və meyvə bağları dövriyyədən çıxarılıb və məhv edilib. İşğala qədər bu bölgələr taxıl istehsalının 24 faizinə, üzüm istehsalının 41 faizinə, kartof yetişdirilməsinin 46 faizinə, ət istehsalının 18 faizinə və süd istehsalının 34 faizinə sahib idi. İşğal ölkənin su ehtiyatlarına ciddi ziyan vurulub, Sərsəng su anbarı işğalda saxlanılıb, çirkli sular Araz çayına axıdılıb. Bu dövrdə təbii ehtiyatıar, o sıradan 280.000 hektar meşə (Azərbaycanın ümumi meşə sahəsinin 25 faizi), eləcə də qızıl, civə, xromit, qurğuşun-sink, mis və digər əlvan metallar ələ keçirilib. Ermənilər son illər Kəlbəcərdən orta hesabla 13 ton qızıl hasil edirdi. Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, birinci Qarabağ müharibəsi nəticəsində ümumi iqtisadi zərər 53,5 milyard dollar təşkil edib.
© 2020 - Created by İLK XEBER.