Əsgər məktubu hamı üçün əzizdir. Hərfləri tanımayan anaların sevimli kitabı əsgər məktubu olub. Qoyunlarında saxlayıblar həmişə. O məktub sənin barmaqlarının izi kimi öpülür, əzizlənir, əsgər! O məktubu “bəlkə, balam bu an üşüyür” deyib soyuq havada əyninə isti paltar geyməyə ürəyi gəlməyən analar, qardaşlarına arxalanan bacılar, sevgilisinin yolunu gözləyən qızlar öpürlər. Əsgər, bu gün ikimiz də döyüşürük. Sən səngərdə, mən söz meydanında. Sənin silahın od saçan texnika, mənimki adamın ürəyini dəlib keçən sözlərdir. İkimiz də yazıçıyıq, əsgər! Sən Vətən haqqında ən gözəl əsəri yazırsan, mən də səndən yazıram. Sənin yazdığın tarixi əsər gələcək nəsillərin ən böyük sərvəti olacaq, mənim yazdığım da daima oxunacaq. Sənin güllə-güllə canın bahasına yazdığın əsər mənim kəlmə-kəlmə yazdığıma qiymətli mənbə olacaq. Sən düşmənə göz qoyursan, mənsə kağıza söz qoyuram. Səni silah götürməyə acgöz, özgəsinin torpağına sahib çıxmaq istəyən düşmən məcbur edir, məni qələm götürməyə sənin qəhrəmanlığın. Tarix silahın tətiyində dəyişib kitabın yaddaşında yaşayır. Tarix üçün hər əsgər bir kitab, hər kitab da keşikdə dayanan əsgər olur. Məmməd Araz deyir, gərək sözlərin də əsgər ola ki, məhəbbətin əsgərə yetişə. Şairin haqsız olduğunu heç vaxt görmədik. Beşiklə səngər arasında sənə vətən sevgisi aşılayan anaların arzusu ən gözəl dualardır. Səni o dualar qoruyacaq. O səngərsiz nə anamız olar, nə də anamızın anası. Sən Vətəni qoruyub balana əmanət edərsən, balan da balasına. Əsgər, ən gözəl şeirlər, ən gözəl əsərlər belə bəşəriyyəti müharibədən çəkindirə bilmədi. Amma biz yenə də ümidliyik. İnanırıq, elə zaman gələcək ki, silah zavodları işləməyəcək. Onda uşaqlar oyuncaqlarının içində avtomat da görməyəcəklər. Əsgər, sən Qarabağsan! Qarabağ da Azərbaycandır!
© 2020 - Created by İLK XEBER.