“Bu gün xalq-ordu və xalq-dövlət arasındakı birlik ən yüksək səviyyədədir”. Bunu Moderator.az-a açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhseyn Əlibəyli bildirib. Partiya sədri bu cür birliyin düşmən üzərində parlaq qələbələr əldə etmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Təbii ki, xalq və ordu, o cümlədən xalq və dövlət arasındakı birlik düşmən üzərində qələbənin əldə edilməsində, işğal edilmiş torpaqlarımızın azad edilməsində mühüm əhəmiyyətə malikdir. Hazırda bütün Azərbaycan xalqı dövlət və ordu ilə çox ciddi həmrəylik sərgiləyir. Ordumuzun uğurlu əks-hücum əməliyyatları, kəndlərimizin, qəsəbələrimizin, şəhərlərimizin düşməndən azad edilməsi xalqımız tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanmaqdadır. Xalq əmindir ki, ordumuz qısa zamanda işğaldakı digər torpaqlarımızı da azad edəcək, bununla da ərazi bütövlüyümüz tam təmin olunacaq”.
© 2020 - Created by İLK XEBER.