“Quran işığında” adlı kitab çapdan çıxıb. Kitabda İslam dini ilə bağlı anlayışlar yalnız Quran ayələrinə əsaslanaraq izah edilir. Bu barədə “ilkxeber.org”a “Din və Demokratiya Mərkəzi” İctimai Birliyində məlumat veriblər. Məlumatda qeyd edilir ki, dini maarifçilik məqsədilə yazılan kitabda əsas hədəf dindarların şüurunun islami dəyərlərinin gerçək məzmunu və elmi mündəricəsinə zidd düşən, fanatizm, radikalizm, dini fundamentalizm yönümlü, müasir tərəqqi meyarlarına cavab verməyən təfsir və izahlara qarşı formalaşdırılmasından ibarətdir. Bu zaman qarşıya qoyulan strateji hədəf belə müəyyənləşir ki, elmi əsaslara dayanan maarifçilik yolu ilə cəmiyyət özü yanlış dini-ideoloji təzahürlərinin aradan qaldırılmasında maraqlı tərəf olaraq iştirakçıya çevrilsin. Söhbət elə bir şüurun yetişdirilməsi cəhdlərindən gedir ki, o şüura sahib insan çağdaş dəyərlərlə uzlaşmayan ayrı-ayrı yanlış izahların uca dinimizə dəxli olmaması, günaha bərabər tutulmalı olduğu və məhz dini baxımından yolverilməzliyi qənaətinə gəlsin. “İlin əvvəlində “Azərbaycançılıq ideyası və multikulturalizm ənənəmizin təbliği"” adlı layihə təklifi vermiş və müsabiqədə qalib gəlmişdik. Amma koronavirus pandemiyası ilə bağlı karantin rejimi tətbiq edildiyindən ölkənin müxtəlif rayonlarında keçirilməsi nəzərdə tutulan seminarları ləğv etməli olduq və kitab nəşr etmək qərarına gəldik. 320 səhifəlik nəfis şəkildə çap edilmiş “Quran işığında” adlı kitabda bu və ya digər əsas teoloji anlayışlar və hadisələr müxtəlif dünya xalqlarının mifologiyaları və inancları, eləcə də Tövrat və İncillə müqayisə edilərək Quran işığında təhlil edilir. Layihə çərçivəsində 400 nüsxə kitab çap olunub. Bu kitablar aidiyyatı qurumlara, kitabxanalara, eləcə din xadimləri və vətəndaşlara paylanacaq”, - deyə Mərkəzdə bildiriblər. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə nəşr edilib.
© 2020 - Created by İLK XEBER.