Onlar üç dost idi. Səməd, Əlirza və Mərziyyə… Üçü də inqilabi hərəkata qoşulmuş və yerli partizan dəstəsinin fəalları idi. Döyüşkən ruhlu bu gənclərə Tanrı tərəfindən bir qabiliyyət – yazıb-yaratmaq da verilmişdi. O illərdə bütün dünyada tələbə hərəkatı baş qaldırmışdı. Kubalı Çe Qevarenin ”Realist olun, mümkün olmayanı tələb edin” çağırışı bütün inqilabi düşüncəli gənclər kimi onların da şüarı olmuşdu. Bu cavanlar yaşadıqları ölkədə şah Pəhləvi rejiminə qarşı olan "Siyahkəl silahlı üsyanı" - Gənclər hərəkatına qoşulmuş yoldaşlarının etibarını qazanmışdılar. Xalqın sevimlisi olub, görən gözü, dərdlərini, ağrılarını danışan dili idilər. Taleləri çox oxşar idi. Hər üçü Təbrizdə doğulmuşdu. Yaşlarında azacıq fərq olsa da, eyni görüşdə, əqidədə, düşüncədəydilər. Üçü də ana dilinin vurgunu və qoruyucusu idi. Yaşadıqları ölkədə siyasi səbəblərdən dogma dilləri yasaq olduğundan, onu ancaq evdə-eşikdə danışa bilirdilər. Elə buna görə də əsərlərini iki dildə - həm ana dilində, həm də farsca yazmaq zorunda idilər. Bir araya gəlib marksist bir qrup yaratdılar. Peşəkar bir döyüşçü oldular, qələm və silahı birləşdirib o zamanlar xalqa xidmət etmək üçün yeganə çıxış yolu olan gizli inqilabi həyatlarına başladılar. Qədərləri də, təəssüf ki, faciəli və oxşar oldu. Hələ 30 yaşa və kama çatmamış həyatdan ayrıldılar. Amma öz əcəlləri ilə də ölmədilər. İkisi edam olundu, biri isə Araz çayında boğduruldu. Son məkanda da ayrılmaz oldular,qəbirləri də bir birinə yanaşı idi. Söhbət Səməd Behrəngidən, Əlirza Nabdil Oxtaydan və Mərziyə Əhmədi Üskülü Dalğadan gedir. Səməd Behrəngi (Behruz Dehqani də daxil) İranda Mərziyə Üskülü ilə bərabər uşaq ədəbiyyatını ilk yaradanlardan oldu. Əlirza Nabdil Oxtay isə Güney Azərbaycanda çağdaş poeziyanın əsasını qoydu. Sizə Mərziyə Üskülü Əhmədi Dalğanı yaxından tanıtmaq istəyirik. Mərziyə Üskülünün doğum günü Güney Azərbaycanda ilk Milli Hökümətin qurulduğu 1945-ci ilə təsadüf edib. Mərziyə Üskülü İranda ilkinlər və inqilablar beşiyi olan qədim Təbrizin yaxınlığında yerləşən Üskülü qəsəbəsində anadan olub. Meyvəli bağlı yaşıllıqlar içində qərq olan Üskülünün sakinləri çox çalışqanlığı və zəhmərsevərliyi ilə seçilirdilər. Mərziyə uşaq yaşlarından ehtiyac ucbatından atasının yanında tarlada işləməyə başlayır. Yoxsul kəndlilərin ağır və fəlakətli həyatı onun qəlbini sıxır və düşündürürdü. O, ibtidai və orta məktəbin 9 -cu sinfini dogma Üsküdə bitirdikdən sonra Təbrizdə pedoqoji məktəbə daxil olur. İki il orda təhsil aldıqdan sonra Üskü məktəblərində dərs deyir. O müəllimliklə yanaşı Təbriz Universitetində də oxuyur, orada solçu cərəyanlar və marksizm ədəbıyyatı ilə tanış olur. Xalqın ağır vəziyyəti, ağrı-acıları Mərziyəni gənc yaşlarından inqilabi fəaliyyətə cəlb edir. Elə o vaxtlardan Mərziyə solcu düşüncəli (marksist) olmaga, hüquqları əlindən alınmış xalqının içində qalmağa üstünlük verdi. Dostları onu Mərcan (Məziyəcan) deyə çağırardılar. İlk qələm təcrübəsi “Dalğa” adlı şeiri olur. Elə o zamandan “Dalğa” təxəllüsünü götürür. Müəllim kimi çalışan Mərziyə şagirdlərlə, onların ailələri ilə yaxın ünsiyyətdə olurdu. Mərziyyə Üskülü məsləkdaşı və pedaqoq kimi tanıdığı Səməd Behrənginin təhsil və təlim sahəsindəki düşüncə və axtarışlarını mənimsəyib yola çıxmışdı. Təbriz Universitetində bir müddət oxuduqdan sonra təhsilini tam bitirmədən yeni üfüqlər açmaq üçün Tehranın “Bilik ordusu” Ali Akademiyasına daxil olur. Bu dövrdə davamlı və dərin araşdırmaları ona elmi fəlsəfə ilə tanışlıq, xüsusən cəmiyyətin təkamül qanunları və sinif fərqlərinin və "kapital" düşüncəsi barədə bilgilər verdi. Həmin təhsil müəssisəsinin Veramin şəhərində yerləşməsi də Mərziyəni sevindirirdi. O, yaxınlıqda olan fars və türk kəndlərini gəzməyə, kənd məktəbləri ilə tanış olmağa, habelə kəndli uşaqlar üçün “Kitab evləri” yaratmağa çalışırdı. Vaxtının çox hissəsini Varamində kasıb kəndli ailələrinin içində keçirirdi. İnsanları və problemlərini daha yaxından tanımaq üçün Azərbaycanın ucqar və yaxın bölgələrindəki kəndlərə də gedirdi. Məhz bu səfərlər, tanışlıqlar onun yaradıcı və həssas qəlbində, hafizəsində izlər qoyub qarışaraq kağıza köçürülür, qəlbləri fəth edən hekayələrinə və şeirlərinə zəmin hazırlayırdı. O, tələbə tətillərinin fəal iştirakçılarından biri idi. 1949-cu ilin martında tələbə tətillərində də aparıcı rol oynadı, tələbələrin etiraz nümayişlərinə rəhbərlik edən Mərziyəni qarabaqara izləyirdilər. Bu səbəbdən 1950-ci ilin iyun ayında həbs olunub, dindirilmiş və işgəncə verildikdən sonra nəzarətə götürülmüşdü. Dostları ilə birlikdə şah məhbəslərinə atılan M. Üskülü, sonralar zindan həyatı haqqında xatirələr yazdı. Onun adı SAVAK-ın (Şahın Təklükəsizlik Xidməti) qara kitabına düşmüşdü. Hər addımı şah rejimi agentləri tərəfindən qeydə alınır, yuxarılara çatdırılırdı. 1973-cü ildə SAVAK cəlladları ilə silahlı toqquşmada Mərziyə Üskülü həlak oldu. Mərziyə məslək dostları Behruz Dehqani və Əlirza Nabdil ilə Tehrandakı Behişti-Zəhra qəbiristanlığında dəfn edilib. Mərziyənin faciəli ölümündən sonra onu adı əbədiləşdirildi. Vaxtilə açdığı keçilməz çığırlar böyüyüb nəhəng bir yola çevrildi. Ədəbiyyatda obrazı bədiiləşdirib yaşadıldı. Əsərləri araşdırıldı. Amma bunlar onu tanıtmaq üçün hələ də yetərincə deyil. Bizlər Mərziyə Üskülünü ilk dəfə Əzizə Cəfərzadənin, Mirzə İbrahimovun, Həmid Məmmədzadənin, Söhrab Tahirin, Sabir Nəbioğlunun yazılarından və Bəxtiyar Vahabzadənin, Balaş Azəroğlunun, Mədinə Gülgünün və Sabir Rüstəmxanlının ona həsr etdikləri poemalarından tanımışıq. Mərziyə Üskülü özündən sonra fars və türk dilində zəngin irs qoyub. O, hər iki dildə yazıb, fars dilində yazdığı qələm məhsullarını türk dilinə və əksinə, doğma dilində qələmə aldığı poetik nümunələri fars dilinə tərcümə edib. Mərziyyə Üskui göstərdikləri hünər və qəhrəmanlığı ilə tarixdə ad qoymuş qadın sələflərini öz varlığında yaşadan döyüş, mübarizə və qələm sahibi idi. O, milli zülm və ayrı-seçkilikdən əzab çəkir, şahlıq rejiminin qadınlara olan münasibətindən narazı idi. M.Üskui fədai yoldaşlarma bir neçə şeir ithaf edib, xatirə yazıb. M.Üskülünün “Mən və Daməvənd”, «Fədai ölməz», «Məhbus», «Şəhid kargər», «Böyük yoldaşımız Həsən Novruzinin xatirəsinə”, «Proletar», «Məhbəsdəki yoldaşlar üçün xatirə», «Yoldaşların xatirəsinə», «Dalğa», «Əşrəf Dehqani üçün», “Ölməz Çerik», «İlk ölüm təcrübəsi» adlı əsərlərində görmək istədiyi gələcəyin poetik konturlarını cızmış, arzu və istəkləri öz əksini tapmısdı. “İftixar” adlı şeirində döyüşkən ruhlu qadının xarakteri, daxili aləmi canlı və gözəl boyalarla verilir: “Mənim bütün varlığım əməklə yoğrulmuşdur. Aclığımın qondarma, lütlüyümün əfsanə olduğunu iddia edənlər nə qədər şərəfsizdir. Mən bir qadınam ki, onun varlığını ifadə edən heç bir məfhum sizin bədnam mədəniyyətinizdə öz əksini tapmamışdır… Mən bir qadınam ki, zəhmət, əmək ona silah tutmaq qabiliyyəti də bəxş edib”. Mərziyə Üskülü çox zaman həyatın küncə sıxışdırdığı kasıb ailələrin arzularından və ağrılarından yazırdı. Sonuncuları yaradan səbəbləri göstərməyi unutmur, mücadiləyə və xoş. işıqlı gələcəyə ruhlandırırdı: İstirəm ki, vətənimdə. Qanım rəngli bir kilidlə, Azadlığa yollar açam. Mən hamanam, Zülmü öz əliylə bogan İstiqanlı türkmənəm. İstəyirsən deyim kiməm? Mən oyam ki, Öz xalqımın qızıl qanlı harayını, Tüfəngimin boğazıyla, Vətənimin zülm əliylə alovlanan Göylərinə hay salıram. Onun şeirləri dil, kimlik, yasaq acısından tutmuş dövrünün sosial-ictimai məsələlərini, dərdlərini içinə alır. Məsləkdaşı və həmkarı Səməd Behrənginin məşhur “Balaca qara balıq” hekayəsində o balaca balıq kiçik arxlardan ümmanlara, okeanlara yol almaq istəyirdisə, Mərziyə dərs dediyi uşaqların əzbər bildiyi A. Şaiqin “Keçi” şeirinin sonuncu misralarını dəyişdirib onlara cəsarət dərsi verər, azadfikirlilik aşılayırdı: Ala-bula boz keci, Ay qoşabuynuz keçi. Yalqız gəzib dolanma, Dağa, daşa dırmanma. Bir qurd çıxsa qarşına Sən nə edərsən ona? Şeİri burda saxlayıb,başqa cür qurtarardı. Var gücümü toplaram Buynuzumu o qurdun Sinəsinə saplaram. 1971-ci ilin may aymda "SAVAK" tərəfindən tutulub, uzun sorğu-sualdan sonra buraxılıb Üsküyə (ev dustağı kimi) sürgün edilən M. Üskülü həm ədəbi yazılar yazır, həm də şagirdləri ilə çalışırdı. Şeirlərində daima ürəyindəki ana dili yanğısını dilə gətirir, məktəblərdə ana dili adı altında fars dilinin öyrədilməsi ilə heç cür barışmırdı. Niyə mənim anam "madər". Atam "pedər" - olsun? ….Doğma ikən, ögey olan Sinə dağım. Ev bütünü dilim-dilim Parçalanan ana dilim. Sinəsində od qalanan ana dilim. Qapıların arxasında Boynu bükük qalan dilim. Var ikən yox olan dilim. Ayaqlarda kilim dilim. Vuruşlarda bir qəhrəman, Barışlarda həlim dilim! Dünəni möhtəşəm, sabahı nurlu, Indisi tapdanıb ovulan dilim Analı, atalı, a yetim dilim! Şərəfim, şöhrətim, qeyrətim dilim. ( "Xatirat dəftərindən”, 1971-ci il) M.Üskulünün yaradıcılığını araşdıran tanınmış tədqiqatçı Sabir Nəbioğlu yazırdı: “Mərziyyə Üskülü həm döyüş əzminin, həm də yaradıcılıq ehtirasının qovuşduğu bir ümman yadigar qoyub getmişdir”. Başqa bir araşdırıcı Lətifə Mirzəyevanın bu sözləri ilə razılaşmamaq olmur: “M.Üskulünün evi səngər, sevgilisi silah, qucağının körpəsi tüfəng olmuşdur. Onun məhəbbət söyləmək üçün yaranan dodaqları insanları mənfur şahlıq rejiminə qarşı üsyana çağırmışdır”. Mərziyə Üskülünün farsca və türkcə əsərləri, təəssüf ki, hələ də toplu olaraq çap olunmayıb. Şeirlərinin birində Zaman naqqa balıq tək Uddu cocuqluğumu. İndi dəmirdən tüfəng Hesabsız fişəng gərək, - yazırdı Mərziyə Üskülü. Eyni zamanda özünün də dediyi kimi, “Həyatımla öz hekayəmi yazmaq istəyirəm” söyləyən və bunu həm qələmi, həm də həyatı ilə dogruldub göstərə bildi. ilkxeber.org
© 2020 - Created by İLK XEBER.