“ARTIQ BÜTÜN TƏRƏFLƏR ÜÇÜN AYDINDIR Kİ, PROBLEMLƏR VAR...” – Əliməmməd Nuriyev (Müsahibə)

Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyəti, QHT-lərin işinin qiymətləndirilməsi, meydana çıxan problemlər, çətinliklər, hökumətin münasibəti hər zaman gərgin diskusiyaların predmeti olub. Bu diskusiyalara zaman-zaman siyasilərin, məmurların da qoşulması, yaxud vətəndaş cəmiyyətinin fəallarının siyasi mövqe sərgiləməsi müzakirələrə əlavə rəng qatıb. Son günlər vətəndaş cəmiyyətinin fəaliyyəti, onun işi ilə bağlı dəyişikliklərlə əlaqədar müzakirələr intensivləşib. Təbii ki, yenə fərqli baxışlar, ittihamlar, analizlər irəli sürülür. Bunları nəzərə alaraq, mövzu ətrafında Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyevlə söhbət etdik. Müsahibimiz aktual məsələlərlə bağlı suallarımıza ətraflı cavablar verdi: - Əliməmməd müəllim, son vaxtlar vətəndaş cəmiyyətinin fəaliyyəti, bu sahədə problemlər, mümkün islahatlarla bağlı müzakirələr intensivləşib. Həmçinin, Prezidentin köməkçisi Hikmət Hacıyevlə QHT-lərin görüşlərinin keçirilməsi müəyyən müsbət gözləntilər də yaradıb. Siz necə düşünürsünüz, bu gözləntilər doğrulacaqmı? Çünki nikbinlərlə, yanaşı bədbinlərin də sayı az deyil... - İlk növbədə bu mövzuya diqqət ayırdığınız üçün təşəkkür edirəm. Bu məsələlərə konseptul yanaşmağın tərəfdarıyam. Hesab edirəm ki, situativ, konyuktur dəyərləndirmə yox, yalnız konseptual baxış bizi irəli apara bilər. Buna görə, sizi və hörmətli oxucuları da səbrə dəvət edərək, bir az ətraflı analiz etməyə çalışacağam. Bunu həm də müsbət dəyişikliklər üçün bir motivasiya təşəbbüsü kimi də dəyərləndirə bilərsiniz. Vətəndaş cəmiyyətinin effektiv fəaliyyəti, inkişafı və onun potensilanın, təsir imkanlarının artması hər birimiz və bütövlükdə cəmiyyət üçün çox əhəmiyyətlidir. Ölkəmizdə intensiv dəyişikliklərin, islahatların start götürdüyü bir vaxtda vətəndaş cəmiyyətinin fəal, güclü olması ilk növbədə vətəndaş maraqlarının, ictimai mənafelərin qorunması, hökumətin, biznesin maraqları ilə ictimai maraqların uzlaşdırılması, tarazlıq yaradılması baxımından çox vacibdir. Eyni zamanda ölkəmizdə dayanıqlı tərəqqi, effektiv islahatların həyata keçirilməsi üçün proseslərin sabit məcrada cərəyan etməsi, islahatların hədəfləri, mövcud problemlərin həlli ilə əlaqədar ictimai konsensusun əldə olunmasına ehtiyac var. Bu, intensiv islahatlar mərhələsinə start verən hər bir cəmiyyət üçün əsas şərtlərdəndir. İslahatlar çox böyük ictimai etimad, inam tələb edir. Bu baxımdan, vətəndaş cəmiyyəti bütövlükdə cəmiyyəti islahatlara kökləyən, dəyişikliklər üçün səfərbər edən, bununla bərabər doğru və yanlışları təsbit etməyə, səhvləri görməyə yardım göstərən, tövsiyə verən aparıcı, intellektual, yaradıcı potensiala malik təbəqədir. Eyni zamamda vətəndaş cəmiyyəti, yəni üçüncü sektor ictimai nəzarəti, dürüstlüyü, hesabatlığı təmin etməklə mövcud resurslardan səmərəli istifadəni şərtləndirir. İctimai iştirakçılığı təmin etməklə hakimiyyət, hökumətlə cəmiyyətin effektiv əks-əlaqəsini, yaradıcı əməkdaşlığını, ehtiyacların düzgün dəyərləndirilməsini, doğru qərarların verilməsini təşviq edir. Həmçinin islahatlar, onların həyata keçirilməsi zamanı baş verə biləcək çətinliklərə təbii yanaşmaq, tolerant olmaq, mümkün riskləri, məhdudiyyətləri anlamaq düşüncəsini yaradır. Biz hər zaman çalışmışıq ki, həm cəmiyyət, həm hökumət, həm biznes, həm də insanlarımız vətəndaş cəmiyyətini bu mahiyyətdə, bu missiya ilə qəbul etsin.
Düşünürəm ki, zaman keçdikcə cəmiyyət və hökumət artıq vətəndaş cəmiyyətinin fəaliyyətinə olan ehtiyacı daha yaxşı başa düşməyə başlayır. Vətəndaş cəmiyyətinin yaratdığı dəyərlərin, onun əldə etdiyi nəticələrin inkişafa necə böyük təkan verdiyini, ümumiyyətlə, reformaların, müsbət dəyişikliklərin neqativ tendensiyaların qarşısının alınması üçün əhəmiyyətli olduğunu bütün qruplar etiraf etməyə başlayıb. Bunu son illər ərzində bizim ən böyük uğurumuz kimi qeyd edə bilərəm. Bütün bunlar bir daha göstərir ki, vətəndaş cəmiyyəti, QHT-lərin fəaliyyəti ilə bağlı müzakirələrin intensivləşməsi təbii prosesdir. Burada subyektiv təsir və qərarlardan daha çox obyektiv, bu zamana qədər cərəyan edən proseslərin, görülən işlərin yaratdığı şərtlər rol oynayır. Artıq bütün maraqlı tərəflər üçün aydındır ki, vətəndaş cəmiyyətinin mövcud vəziyyəti qənaətbəxş deyil, heç kim indiki problem və çətinlikləri inkar edə bilməz. Həmçinin, inkar edə bilməz ki, bu problemlər vətəndaş cəmiyyətinin inkişafını tormozlayır, onun potensialını zəiflədir. Beləliklə bütövlükdə cəmiyyətin, ölkəmizin inkişafına çətinliklər yaradır. 2014-cü ildən bəri bu mövqedən çıxış edirik, hökumətə və dövlət orqanlarına, həmçinin biznes icmasına davamlı olaraq yuxarıda qeyd etdiyimiz arqumentlərlə, araşdırmalarımızın nəticəsi olaraq əldə etdiyimiz faktlarla zəngin rəylər təqdim edirik. Hansı ki, bura QHT-lərin yaratdığı iş yerlərindən tutmuş, beynəlxalq arenada ölkəmizin fəaliyyətinə təsir amillərinə qədər rəqəmlər, analizlər, rəylər daxildir. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə, Azərbaycan Açıq Hökumət Platforması müstəvisində, həmçinin müstəqil ekspertləri cəlb etməklə bu araşdırmalar aparılıb, analizlər hazırlanıb. Hazırda müəyyən gecikmə ilə olsa da, bu istiqamətdə irəliləyiş müşahidə edirik. Hər bir islahat çox çətinliklə başa gəlir, xüsusən həddindən çox fərqli baxışların, amillərin təsir etdiyi məsələlərdə konsensus əldə etmək fövqəladə çətindir. Vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı da belədir. Ancaq artıq biz hökumət və hakimiyyətin vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı dəyişikliklər zərurətini gördüyünün şahidiyik. - Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə görüşü ilə bağlı da tənqidlər var... - Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə silsilə görüşlər keçirməsi əvvəlki müzakirələrdən çox ciddi şəkildə fərqlənir. Bu müzakirələrdə mən də iştirak etmişəm və sizi əmin edirəm ki, həm QHT nümayəndələri çox açıq şəkildə problemləri və gözləntiləri dilə gətirdilər, eyni zamanda Hikmət müəllimin çıxışı, söylədiyi fikirlər göstərdi ki, PA-nın müvafiq strukturları və şəxsən o, vəziyyətin kifayət qədər dərin analizinə malikdirlər. Mövcud problemlərin həll olunmasının vacibliyi düşüncəsindədirlər. Tam əminliklə deyirəm ki, bu müzakirələr, indi dəbdə olan terminlə ifadə etsək, substantivdir və əvvəlkilərdən yanaşma, baxış fərqi ilə seçilir. Həmçinin Hikmət müəllimin bu sektora bələdçiliyi, işgüzar xarakteri də öz müsbət rolunu oynayır. Şübhəm yoxdur ki, bütün bu amillərin cəmi konkret müsbət nəticələr verəcək. Bəli, bu müzakirələrlə bağlı tənqidlər də səslənir. Fikrimcə, analizlə həm də bu tənqidlərin nə dərəcədə obyektiv olub-olmadığına aydınlıq gətirdim. Bu tənqidi fikilərdəki bəzi məqamlar tələsik irəli sürlüb, hələ müzakirələr davam edir və yaxşı olardı ki, proses sona çatsın və ondan sonra bütöv qiymətləndirmə aparılsın. Ümumiyətlə, tənqidlərin irəli sürülməsi, polemika açılması özü müsbətdir, məsuliyyət və cavabdehliyi yüksəldir, həmçinin ictimai rəyi fokuslamağa kömək edir. Amma tənqidi fikir irəli sürənlər gərək onu da nəzərə alalar ki, sistemli qərəzli tənqid, tənqidin bu müsbət keyfiyyətlərinə kölgə salır.
- Konkret hansı nəticlər əldə olunub, hansı addımlar atılacaq? - Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının çətiri altında, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyin təhlili, qabaqcıl beynəlxalq təcrübənin nəzərə alınmasıyla qanunvericiliyə dəyişikliklər hazırlanması üçün İşçi Qrup yaradılıb. İşçi Qrupda müstəqil, peşəkar, bu vaxta qədər artıq təkliflər hazırlamış hüquqşünaslar, ekspertlər təmsil olunur. Bu işi görmək o qədər də çətin deyil, çünki bu illər ərzində təkliflər hazırlanıb. İndi onlar bir daha nəzərdən keçirilir və daha da təkmilləşdirilərək, yaxınlarda hazır olacaq. Ancaq şübhəsiz nəzərə almalıyıq ki, mümkün olmayacağa inanmaq yanlış olardı, praqmatik yanaşma tələb edir ki, mümkün olanın hüdudlarını genişləndirməklə, vəziyyəti müsbətə dəyişəcək nəticələr üçün çalışaq. Əlbəttə, dəyişikliklər mövcud ehtiyaclara adekvat olmalı, çətinliklərin aradan qaldırılmasını nəzərdə tutmalıdır və texniki xarakterli olmamalıdır. Əsas yanaşmamız bu çərçivədədir. - Hökumətin vətəndaş cəmiyyətinin fəaliyyətinə münasibəti ilə bağlı tənqidi fikirlər də ardıcıl olaraq səsləndirilir. Bu kontekstdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti də tənqid olunur... - Fəaliyyət varsa, tənqid də olacaq, inkişaf proseslərinin əsas motivasiyasından biri də tənqidi yanaşmadır. Hər hansı bir proses, fəaliyyət tənqid olunmursa, ya idealdır, ya da ictimai maraq doğurmur. Real həyatda daha çox ikincinin şahidi oluruq. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası miqyaslı bir fəaliyyət həyata keçirir. Tək elə bir istiqaməti qeyd edək; Şura il ərzində 600-dən çox layihə maliyyələşdirir, bu layihələrin həyata keçirilməsinə nəzarət edir, hesabatları qəbul edir. Bu 600 layihənin seçilməsi üçün bir il ərzində bir neçə dəfə müsabiqə təşkil olunur, minlərlə layihə təklifi ekspertizadan keçir, qaliblər müəyyənləşir. Çox mürəkkəb prosesdir, Şura uzun illərin təcrübəsindən çıxış edərək bu prosesi avtomatlaşdırmağa nail olub, ölkə təcrübəsində innovasiya sayılacaq SƏLİS sistemini yaradıb, layihələrin qəbulu, ekspertizası, müqavilələrin bağlanması, hesabatların qəbulu tam elektronlaşıb. Şurada şəffaflıq və hesabatlılıq üst səviyyədədir, işlək apellyasiya sistemi var. Peşəkar kadr heyəti mövcuddur. Yəni Şura vətəndaş cəmiyətinə dövlət dəstəyinin həyata keçirilməsi sahəsində ixtisaslaşmış təsisat kimi öz funksiyalarını çox uğurla, peşəkar, müasir standartlar səviyyəsində həyata keçirir. Əlbəttə, müsabiqələr, maliyyələşmə olan yerdə mübahisələr, fərqli yanaşmalar, tənqid və qərəzli fikirlər qaçılmazdır. Amma bu tənqidləri səsləndirənlər bir çox hallarda subyektiv siyasi baxışlarını əsas götürülər. Şuranın fəaliyyəti ilə bağlı normatv məhdudiyyətləri, onun dövlət orqanı kimi zəruri funksiyalarını nəzərə almırlar, yaxud almaq istəmirlər. Halbuki, bunu çox yaxşı bilirlər. Şuranı beynəlxalq donorları əsas götürərək tənqid etmək doğru mühakimə üsulu deyil. Yaxud Şuranı hər hansı QHT, beyin mərkəzi, konsaltinq kimi göstərərək tənqid etmək də yanlış mühakimədir. Şura öz funksiyaları, normativ çərçivələri, məsuliyyəti olan dövlət idarəetmə sistemində məxsusi yeri olan qurumdur. Şuranın imkanlarını nə şişirtmək, nə də azaltmaq lazımdır. Real yanaşmaq gərəkdir. Şura vətəndaş cəmiyyətinin bütöv sektor kimi formlaşmasında, onun həssas subyektlərinin ayaqda qalmasında, yerli QHT-lərin beynəlxalq donorların inhisarından azad olmasında, maliyyələşmənin şaxələndirilməsində, bilik və bacarıqlarının artırılmasında, regionlar səviyyəsində QHT-lərin formalaşmasında çox strateji rol oynadı. Bunu görməzdən gəlmək əlbəttə, qərəzli yanaşmadır. Şura mümkün olanı etməyə çalışıb. Bir misal deyim, 2016-ci ildə Şura yanında Hüquq və Monitorinq Komissiyası yaradıldı. Çətinliklərin aradan qaldırılması üçün təxirəsalınmaz addımalr atıldı. O zaman üçün mümkün olan bu idi və çoxları da susmağa üstünlük verirdi. Yəni Şura problemlərin həlli üçün onun statusu və imkanları həddində nə mümkündürsə, onu edib və edir. Həmçinin Şura tənqidlərə çox açıqdır və onları nəzərə alır. Şuranın saytının təkmilləşdirilməsindən tutmuş, hesabatlılığın təkmilləşdirilməsinə, elektron xidmətlərin inkişafına qədər bir çox işlərdə tənqidlər nəzərə alınıb. Şura sədri və üzvləri də hər zaman kommunikasiyaya açıq, ictimaiyyətin içində olan şəxslərdir və hər hansı bürokratiyadan uzaq insanlardır. Kommunikasiya, müzakirə, açıqlıq olan yerdə, mühitdə qərəz üçün real motiv olmamalıdır. - QHT-lərə Dövlət Dəstəyi Şurasına seçkilərin keçirilməməsi müzakirə mövzusudur. Bu barədə nə deyə bilərsiniz? - Şuraya seçkilərin yenidən keçirilməsinin ləngiməsi bilavasitə COVİD-19 pandemiyası ilə əlaqədardır. COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq edilib və faktiki fors-majorla üzləşdik. Belə bir şəraitdə mövcud prosedurlara uyğun seçkilərin keçirilməsi qeyri-mümkündür. Yəni Şuraya seçkilərin ləngiməsi subyektiv yox, 100 faiz obyektiv amillərlə bağlıdır və bizim iradəmizdən asılı deyil. Qeyd edilən səbəblərdən Şuranın yeni tərkibi seçilmədiyinə görə, 2016-cı ildə seçilən tərkiblə fəaliyyətini davam etdirir və tam səlahiyyətlidir. Əlbəttə ki, seçkilərlə formalaşan orqan kimi ilk imkanda seçkilərin təşkili qarşıda duran əsas vəzifədir.