Uzaqlarda bir oba var. Ayaqla gedilə bilməyən bir yerdə. Yollarına ölüm saçan minaların döşəndiyi, cığırları xəndəklənən bir oba. Lakin ürəyimin bir göz qırpımında və hər an getdiyi doğma yurdum - QUBADLI...
Həyatın ən böyük faciəsi - yurdsuz qalmaqdır. İnsan hər yerdə özünə ev də tikər, güzəran da qurar. Amma dünyaya göz açdığı, babalarının uyuduğu, əcdadlarının ruhunun dolaşdığı torpaqları heç nə əvəz edə bilməz.
Yurdsuzluq keçmişimizlə bizi bağlayan, bizdən gələcəyimizə uzanan mənəvi körpüləri sındırır, uçurur, gen yaddaşımızı zədələyir...
27 ildir tələsmə, gözlə! Hər şeyin bir zamanı var,deyirlər.
İnsan acı çəkə bilər, lakin onun altında qalıb əzilməməlidir. Yurdsuzluq əzdi bizi, əzir də. İnsanın düşə biləcəyi ən ağır durumdur bu.
Zaman düşmənə işləyir- kəndlərimizi, qəsəbələrimizi Ermənistandan, Suriyadan, Livandan gətirilən erməni ailələri ilə məskunlaşdırırlar. Torpağımızın altındakı, üstündəki qiymətli nə varsa aparırlar. Billur bulaqlarımızın suyunu da qənimət bilirlər-qablara yığıb xaricə satırlar.
Zaman bizi səsləyir. Oyan! Qalx! Düşmənə fürsət vermə! -deyir.
...Könlüm bir anlığa uca dağların qoynundan boylanan kəndimə - mənə anam qədər əziz Məlikəhmədliyə gedir. Yaşıl yamaclardakı çiçəklər, onları öyəcək bir kimsə yoxkən belə xoş ətrini çevrəyə yayır. Bizi səsləyir, bizi gözləyir...
Bir gün biz sənə dönəcəyik, doğma yurdum! Bir gün biz sənə qayıdacağıq! Bu mütləqdir!!!