Əslində çətindir. Çox çətindir. Bəlkə, hələ də hesab edir ki, adamdır. Yaxşıca kamuflyaj olunub, yüksək materiyadan danışıb adam təəssüratı yarada bilir. Qoy ümidini mən öldürməyim. Bəlkə, olan-qalanı elə hələ də insan olduğuna ümididir. Volf Messinqin seanslarından biri. Müharibə vaxtıdır. Müraciət və cavabların qızğın vaxtında salona bir yaşlı, ağsaçlı qadın daxil olur. Kənddən gəlib. Səhnəyə dəvət edirlər. Əlləri əsə-əsə çox ümidlə əlindəki bağlamanı açır. İçindən altı şəkil çıxarır. Üzünü Messinqə tutub deyir: -Sənin adını eşidib gəldim. Amma yadımda qalmır, qeyri-rus adın var. Neçə gündür, gəlirəm, səni tapa bilmirəm. - Proskovya Andreyevna, adım Volf, soyadım Messinqdir. - Volf Messinq... Tələffüz edə bilirəm, amma yadımda qalmır. Bu şəkildəki yoldaşım Matveydir. Bu isə Vanyuşkadır.. Beşinci isə 16 yaşında müharibəyə gedib. Messinq şəkilləri götürüb həyəcanla baxır. Salondan səslər ucalır: “16 yaşında müharibəyə aparmaq olmaz axı. Necə aparıblar?” və s. Teatrın direktoru salona müraciətlə: “Bu anaya baxın, beş oğlunu Vətəni müdafiə etmək üçün cəbhəyə göndərib”. Salon qadını alqışlayır, sonra hamı ayağa qalxır. Messinq isə arxasını salona çevirib... Dillənmir. Çox gərgindir. Səs-küy bitəndən sonra qadın yenidən ona tərəfə dönür: - Bunlar haqda nə deyə bilərsən? Yarım ildir yazmırlar. Sağdırlarmı? Qara kağızları da gəlməyib... Messinq çox hüznlüdür, amma bunu gizləməyə çalışır. Bir qədər sükutdan sonra gülümsəməyə cəhd edərək: - Bəli, sağdırlar, Proskovya Andreyevna. - Hamısımı? - Bəli, hamısı... - Hamısı sağdır... Bəs niyə yazmırlar? Qadın sevincindən ağlayır... - Hamısı sağdır... Sonra Messinq qayıdır evinə. İçki içir, siqaret yandırır və ağlaya-ağlaya dostuna deyir: - Onlar ölüb. Hamısı ölüb. Ömrümdə ilk dəfə yalan danışdım. Mən ona deyə bilməzdim. Necə deyə bilərdim ki, onların hamısı ölüb? Yalan dedim, ilk dəfə yalan dedim. Həri. Baxıram sənə, gah deməyim gəlir, gah susmağım. Amma nə vaxtsa insan idin... Körpə idin. Burnundan basıb “bipp” eləyir, gözlərini qıyaraq “ciçç” eləyir, sevirdilər, sevindirirdilər. İnsafən adam idin, adam balası idin... Ayani-sabitədən cəninə ruh üfürüləndə Allahın lütfü ilə içinə insanlıq dəyərləri qoyulmuşdu. Bir düjin. İndi heç nə qalmayıb... “Mən səni “naskvoz” görürəm, amma “için boşdur” deyə bilmirəm... İçində Allahın lütfü olan əxlaqın struktur vahidlərinin hamısı ölüb... Neyləmişdi onlar sənə? Toyuğuna “kiş” eləmişdi? Rahat yaşamağa qoymurdu? Əl-ayağına dolaşırdı? Çoxunu özün öldürübsən... Övlad qatili kimisən. Niyə öldürdün? Təkmi öldürdün? Yox, kömək etdilər, deyilmi? Şərəfsizin şərəfsizi ilə birgəmi öldürdün “balalarını”? Allahın lütfünü, əmanətini... Bu qatillikdən zövq aldın hətta?... Təkbaşına boğmaq çətindir, deyilmi? İki nəfər dörd, üç nəfər altı əldir axı... Belədə boğmaq asan olur, deyilmi? İndi bədənin yetimdir... Sadəcə, sənə demək olmur ki, ölmüsən. Yaşayan bədənindir... Barı mən öldürməyim. Ümidini mən öldürməyim. Bəlkə, olan-qalanın hələ də insan olduğuna ümidindir. Amma nə vaxtsa insan idin... Körpə idin. Burnundan basıb “bipp” eləyir, gözlərini qıyır “ciçç” eləyir, sevirdilər, sevindirirdilər. İnsafən adam idin, adam balası idin... İndi nəsən? Bəlkə, heç özün də bilmirsən. Bilmədiyin yaxşıdı...
© 2020 - Created by İLK XEBER.