- Qüdrət bəy, ölkədə nə baş verir?
- İqtidar fərqindindədir ki, həm bir çox şeylər qaydasınada deyil, həm də cəmiyyət inkişaf etdikcə idarəetmə təkmilləşdirilməlidir. Əgər illər öncə cəmiyyətdə sabitliyi təmin etmək üçün hansısa klanlarla hesablaşmaq lazım idisə, indi tam əksinə, cəmiyyətdə sabitliyi təmin edib ölkəni inkişafın yeni mərhələsinə keçirmək üçün klanları zərərsizləşdirmək lazımdır. Bu həm də Qarabağın azadlığı uçün müharibəyə başlamaq baxımından zəruridir. Böyük siyasi və iqtisadi iddiaları olan klanları zərərsizləşdirmədən müharibəyə başlamaq çox riskli olardı. Xalqa zülm edib onu bir tikə çörəyə möhtac etməklə ev-eşiyindən didərgin salan, gerizəkalı və qəddar klan başçıları ilə vidalaşmağın zamanı çatıb. Prezident də bu istiqamətdə fəaliyyət göstərir.
- Klanların müqaviməti dövlətimiz üçün hansısa təhlükələr yarada bilərmi?
- Müəyyən problemlər yarada bilərlər. Çünki həm ayrı-ayrı dövlətlərə bağlıdırlar, həm də hakimiyyət daxilində ciddi kadr və maliyyə resurslarına malikdirlər. Amma hakimiyyət qətiyyətli və öz fəalyyyətində ardıcıl olub milli-demokratik qüvvələrlə sıx əməkdaşlıq edərsə, ölkəni böyük təlatümlərsiz yeni bir dövrə keçirmək mümkün olacaq. Ona görə ki, xalqımız sabitlik şəraitində dəyişiklik, iş, yüksək maaş, qanunların aliliyinin təmin olunmasını, ən başlıcası, Qarabağın azadlığını istəyir.
- Qüdrət bəy, "bir sifətli müxalifət" adlandırılanlar həmin klanlara pozuculuq fəaliyyətlərində dəstək verə bilərmi?
- Əlbəttə, dəstək verə bilər. Müstəqillikdən danışıb Rüstəm İbrahimbəyova dəstək verməklərini, Qərbyönümlü siyasətçi olduqlarını bəyan edib Azərbaycanın xarici siyasətinin referendumla müəyyən olunacağını bəyan etmələri məgər yaddan çıxıb? Əqidəli insanlar öz mövqelərini ortaya qoyub xalqdan səs istəyirlər. Onlar sübut etdilər ki, hakimiyyət naminə şeytanla da əməkdaşlığa hazırdırlar. Amma onların dəstəyindən nə çıxar ki? Müstəqillik illərində biz korrupsiyaya görə həbsə atılan nazirin vaxtilə ağır formada təhqir etdiyi insanlardan üzr istəməsini, bağışlanmasını diləməsini görmüşük. Zamanında təhqir olunanlar hakimiyyət naminə bunu qəbul etsələr də xalqımız hər iki tərəfin bunu qeyri-səmimi etdiyinə əmin olduğundan nə təhqir edəni, nə də təhqir edəni bağışlayanı əfv etmədi. Xalq əmindir ki, elə ilk imkanda azacıq maraqları toqquşan kimi tərəflər bir-birini yenidən nəinki daha ağır formada təhqir edəcək, hətta bir-birinin ətini yeyəcəkdir. Ona görə də zamanla əzib, ən pis formada alçaltdıqlarına "bir sifətli müxalifət" deyib pişiklənməyin xeyiri yoxdur.
- Bəs onda sizin təbirinizcə desək, niyə pişiklənirlər?
- Bilirsiniz, həmin düşərgənin başçısı Əli Kərimli cəsarətsiz və prosesləri düzgün təhlil etmək imkanlarına malik olmadığına görə heç vaxt ciddi hadisələrə (son hadisələr, Belarusdakı hadisələr də daxil) zamanında münasibət bildirmir. Baxmayaraq başqa əhəmiyyətsiz məsələlər barədə dil boğaza qoymur. Gözləyir ki, mühüm hadisələr tam aydınlaşsın, sonra danışsın. Həm də bunu təkcə mən yox, onun bəzi tərəfdarları da artıq deyir. Amma xalqdan əfv diləmək əvəzinə Ə.Kərimlinin susqunluğunu dolayısı ilə dəstək kimi qiymətləndirib "suda batan saman çöpündən yapışan kimi" Əli Kərimliyə pişiklənməklə daha ciddi dəstək alacaqlarına ümid edirlər.