“Bir sərbəst sevinc, iki qafiyə kədər” Bəzən bəşər övladı dünya mülkü ağırlığı ilə qəlb sarayının ağırlığını aydınlığa qovuşdura bilmir. Qəlbində Tanrı olan hər zahid ruhunun melodiyaları ilə vəhdət şəklində yaşatmağı bacarır qəlb sarayının ağırlığını. Tanrının verdiyi qərarlar həmişə çətin görünsə də insanlığın xeyrinədir. Zahid olan kimsə bu müşküllərə aşiq sürdürər həyatını. Onların Ayı da, Günəşi də qəm saçar, lakin eşqdən sonsuz parlaqlığa yüksələrlər. Mən Aysel Nəsirzadənin misralarında ilahi eşqin saçdığı şəfəqləri hiss edərək oxudum “Qəfəs darlığını”. Onun qəlbindəki tanrıya aşiq oldum. Demək olar ki, misralar qəlbə aşiq ruhla zənginləşmiş duyğuların simfoniyası ilə uyğunlaşmışdır. Bəzən dərin hüzn, bəzən aşırı həyəcan, bəzən də ümid dolu hislər arasında gəzintiyə çıxır şair ruhu. Onun misralarında bir qadın ruhunun təcəssümü öz əksini tapır. Hər dəfə sərt üzüylə üzümə durduqca həyat Güclü qadın damğasıyla möhürləndi ürəyim. Ancaq onlar bilmədilər, Güclü qadın olmaq deyil, xoşbəxt qadın olmaq idi tək gərəyim. Dolğun fikirlər, fəlsəfi düşüncələr və poetik ifadələrlə yanaşı “Qəfəs darlığı”nı oxuduqca Ayselin eyni zamanda milli kimliyinə sahib çıxan, ədəbiyyatını və dilini mükəmməl bilən bir ziyalı yanaşmasının da şahidi oluruq. Onun vətənpərvəlik mövzusunda yazmış olduğu şeirləri yuxarıdakı fikirlərimi doğruluğunu sübut edir. “Bayrağım”, “Vətən əsgəri”, “Vətənsiz”, “Şəhid anası”, “Vətənin anası ölüb” və başqa şeirləri. Yeri gəlmişkən “Vətənin anası ölüb” şeiri eyni zamanda ictimai məzmun daşıyır. İllər uzunu bu vətən torpaqlarının başına gələn müsibətlər, haqsızlıqlar öz əksini tapır. Şair burda əsirlikdə qalan qız-gəlinlərin, yetim qalan Təbrizin adını çəkməklə bütöv Azərbaycan dərdini oxucuya məharətlə çatdırır. Əsirdədir qız-gəlini, Təbrizim üzüb əlini. Qarabağ büküb belini, Vətənin anası ölüb. Eyni zamanda kitabda müşahidə etdiyim digər maraqlı düşüncələr isə bir çox fəlsəfi nəzəriyyələrin insan hislərindəki təzahürüdür. Adi nöqtələrə müraciəti, duyğuların isbatına yönəli iddiaların irəli sürülməsi Ayselin fəlsəfi baxışının daha dərin mənalara gedib çıxdığını göstərir. Yalanla yanlış sözünün məsafəsi qədərdi, Aramızadı məsafə. Nəzəriyyə təcrübəyə dönüncə İsbat etdi zaman. Mən sənin həyatındakı yanlışam, Sən mənim həyatımdakı yalan... Bütün bu düşüncə seli ilə yanaşı “Qəfəs darlığı” maraqlı ədəbi yanaşmalarla zənginlik təşkil edir. Şeirlərin sistemli yazılması, dil qaydalarına ciddi riayət olunması, bədii təsvi və ifadə vasitələrinin yerli yerində işlədilməsi şairin eyni zamanda söz sənəti üzərində peşəkarlığını və hakimliyini göstərir. İstər kiçik həcmli sərbəst şeirləri, istər heca şeirləri olsun əsas məsələlərdən biri də ondan ibarətdir ki, kitabda şairin fikirlərində özünü təkrara yol verilməmişdir. Hər şeir fərqli yanaşma tərzi ilə qələmə alınmışdır. Göz yaşının rəngi olmur, Ağlayım şeir diliylə Bəlkə söz-söz görəsən?! Zərrə qədər eşqi olan, Dərya qədər dözüm səndə, Dözümün qədər sənə əhsən! Kitabı vərəqlədiyim əsnada uzun zaman öncə oxumuş olduğum bir rəvayət yadıma düşdü. Deməli, imanlı bir zahid bütün il boyu oruc tutur. Yalnız həftədə bir dəfə yemək yeyərmiş. İlin sonunda onu narahat edən bir ayənin açıqlanmasını Tanrıdan istəyir. Ona cavab gəlməyincə qəlbində yaradanına qarşı küsgünlük yaranır və adətlərində əl çəkəcəyini, daha dua etməyəcəyini deyir. Bu əsnada bir mələk nazil olur: “Sənin tutduğun oruclar duaların üşün deyildi, sənin digər insanlardan üstün olduğu anlaman üçündür. İradənin gücünü dərk etmən üçün lazım idi.” Zahid mələyin bu sözlərindən sonra ruhunda olan çevrilişi dərk etdi. Məhz “Qəfəs darlığı”nı vərəqlədikcə bir insanın ruhundakı qiyamlardan xəbərdar olmaq olar. Bu səhifələrdə ölümə meydan oxumaqla yanaşı ölümlə həmsöhbət olmaq da var. Təlatüm doludur səhifələr – xəyalı ilə dostlaşan bir qəlb görürünür, bir də görürsən ki, mübariz bir qadın ruhu, bəzən də səssizliyin içindən qopan səs-küylə haqsızlığa meydan oxuyun təhna ruh... Ən ağır duyğuların mayasıdı səssizlik, Ölümlə həyatın yarısıdı səssizlik... Və sən olan dünyada Sənsizlikdir səssizlik... ...Və eşqin də ilahi bir qüvvə olduğunu Yusif və Züleyxa sevgisində görür. “Züleyxanın sevdası” şeiri eşqə rəğbətin misalıdır. İctimai məzmunlu şeirləri öz fərqliliyi ilə seçilir. “Böyütdü səni mərmilər”, “Aynalı qadın”, “İnsan oğlu”, “Qadın taleyi”və başqa şeirləri buna misal ola bilər. Aysel dualara da fərqli yanaşır. Onun ruhunda dua İlahi bir düşüncədir və yalnız Tanrıya şamil oluna bilər. Şair yaradana müraciəti ilə fərqli baxış sərgiləyir. İlahi, ölümü geriyə çağır, Qurtar məni, “ölürəm” qorxusundan Uzaq tut ölümü, uzaq tut məndən, Əl çəksin ömrümün gənc yaxasından... Bir sərbəst sevinc, iki qafiyə kədər qədər dost ruhu ilə tanımışdım Aysel Nəsirzadəni, hər kəlməsindən, hər baxışından ədəb yağan mükəmməl bir ana kimi... “Qəfəs darlığı” mənə Ayseli yenidən tanımağa vadar etdi. Birlikdə yaratdığımız “Zərif Kölgələr” birliyinin ilk uğurudur “Qəfəs darlığı”, mənim isə həmişəlik qürurum. Əminəm ki, Ayselin yaradıcılıq yolu hər zaman bu mükəmməlliyini qoruyub saxlayacaq.
© 2020 - Created by İLK XEBER.