Hazırda Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi Ermənistanın işğalı altındadır. Bu kəndlərdə Azərbaycanın bir çox qədim tarixi-mədəniyyət abidələri vardır. “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Yuxarı Əskipara” filialı ərazisində 14 abidə vardır ki, bu gün həmin abidələr və yerləşdiyi ərazi düşmən tapdağı altındadır. Yuxarı Əskipara kəndi 1992-ci il iyunun 8-də ermənilər tərəfindən işğal edilmişdir. Dörd tərəfi dağlarla əhatə olunan, meşəliklə örtülən, çoxlu mineral bulaqları olan kənd anklav şəklində yerləşmişdir. Aşağı Əskiparadan Erməni Əskiparası (və ya Sarxan) vasitəsilə ayrılır. Yuxarı Əskipara kəndinin keçmiş adı Əskiparadır. Ondan yaranan yeni məntəqə Aşağı Əskipara əvvəlki kənd isə Yuxarı Əskipara adlandırılmışdır. Azərbaycan dilindəki “əski” (köhnə, qədim) və “para” (yer, kənd, hissə) sözlərindən ibarət olub, “köhnə, qədim kənd” mənasındadır. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş kəndin bütün tarixi mədəniyyət abidələri dağıdılaraq yandırılmışdır. Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərində dövlət qeydiyyatına götürülmüş 14, qeydiyyata alınmamış onlarla abidəmiz vardır. Qazax şəhərindən 35 km aralı məsafədə yerləşən Yuxarı Əskipara kəndi və onun ətrafı tarixi abidələrlə zəngindir. Bu ərazidə V-VI əsrlərə aid edilən şəhər yeri aşkar etmişdirlər. “Şəhərgah” adlanan orta əsrlər arxeoloji abidəsinin antik dövr Xalxal şəhərinin bir hissəsi olduğu ehtimal edilir. Yuxarı Əskipara kəndindəki evlərin, tikililərin bir çoxu qədim yaşayış məskənlərinin üzərində tikilmişdir. Şəhər qalanın daxilində albanlara məxsus işarələr, bəzəkli qəbir daşları, tikililərdən düşmüş daşların qalıqları vardı. İşğal zamanı ermənilər həmin daşları, şəhər yerindən çıxan antik əşyaları aparmışlar. Yuxarı Əskipara kəndindəki V-VIII əsrlərə aid məbəd ölkə əhəmiyyətli memarlıq abidəsidir. Qədim Albaniyanın mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc formada inşa edilmişdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunmuşdur ki, bu da məbədin albanlara məxsusluğunu sübut edir. Məbəd kompleksi təqribən 2,5 hektar ərazini tutur və qalın divarlarla əhatələnmişdir. Yüksəklikdə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılmışdır. Yeraltı yol XIV əsrə aid ölkə əhəmiyyətli arxeoloji abidədir. Yuxarı Əskipara kəndindəki XVII əsrə aid edilən qüllənin döşəməsindən başlayır. Hansı istiqamətə getdiyi məlum deyil. Yeraltı su kəməri ölkə əhəmiyyətli arxeoloji abidədir. Yuxarı Əskipara kəndində, “Keçi damı” deyilən dağın zirvəsində yerləşir. Diametri 3 metr, dərinliyi də 3 metr olan quyu anbardan ibarətdir. Anbarın divarları çiy kərpiclə hörülmüşdür. Quyunun dibində daim içməli soyuq su olur, amma suyun haradan gəldiyi məlum deyil. Nə qədər su götürülsə də səviyyəsi azalmır. Yuxarı Əskiparada nisbətən salamat qalan abidələrdən biri qüllədir. Adına “Dördkünc qala” da deyirlər. Coğaz çayının sahilində ucaldılmış bu çoxmərtəbəli qala gözətçi tikilisi olmuşdur. Xüsusi pəncərələr, müşahidə dəlikləri, xəbərdaredici tonqal yerləri bunu bir daha təsdiqləyir. Qala kvadrat şəklindədir. Onun hər bir tərəfinin uzunluğu 8 metr, hündürlüyü isə 21 metr təşkil edir. Qala çay daşından çox səliqə ilə hörülmüşdür. Bişmiş qırmızı kərpicdən kəmər-naxışları vardır. Mərtəbə arası bağları ağacdandır, həyətində köməkçi tikililər olmuşdur. Qüllə vaxtilə beşmərtəbəli olmuş, sonradan yuxarı hissəsi dağılmışdır. Mərtəbələrin arası pilləkənlərlə əlaqələndirilmiş, hər mərtəbə mağzallarla təchiz edilmişdir. Mağzallar döşəmədən 1,3 metr hündürlükdə düzəldilmişdir. Tikili bölgəyə məxsus inşaat üslubunda ucaldılmışdır. Eyni üslubda tikilmiş gözətçi bürcləri Ağstafa, Zaqatala və Baləkən rayonlarında da vardır. Bu qalalar Azərbaycanın ilkin orta əsr müdafiə tikililərinin nadir və önəmli örnəklərindəndir. Qülləni “Qalakənd qalası” adlanan qalanın divarından 3 km-lik yol ayırır. Qala sahəsi uzunluğu 2 km.-ə çatan böyük yonulmamış daşdan hörülmüş iki qat divarla əhatələnmişdir. Qatır körpüsü XII-XIII əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsidir. Yuxarı Əskipara kəndinin ərazisində, kəndin mərkəzindən 1 km qərbdə yerləşir. Coğaz çayının üzərindədir, bir tağlıdır. Uzunluğu təxminən 12 metr, eni 2,5 metrdir. Tikinti materialı çal daşdan və əhəngdəndir. Qızılhacılı körpüsü yerli əhəmiyyətli memarlıq abidəsidir. Yuxarı Əskipara ilə Aşağı Əskipara kəndlərinin arasındadır, bir tağlıdır. Kazım körpüsü yerli əhəmiyyətli memarlıq abidəsidir. Yuxarı Əskipara kəndində kiçik dağ çayının üzərindədir. Uzunluğu 3,4 metr, mərkəzi hissəsinin eni 5,8 metr, ümumi hündürlüyü isə 5 metrdir, körpü bir aşırımlıdır. Aşırımın ümumi görkəmi yarımçevrə şəkillidir. Körpünün özülünü qayadan çapılmış daşlar təşkil edir, üst hissəsi kərpicdən hörülmüşdür. Qulucanlı körpüsü körpüsü Qazançı dağının ətəyində Qulucanlı adlanan ərazidə yerləşir. Qədim Xalxal şəhərinə gedən karvan yolunun üzərində tikilmişdir. Çox da böyük olmayan körpü dairəvi formadadır, tikintisində qum qarışıqlı əhəngdən istifadə olunmuşdur. Körpünün uzunluğu 3-4 metr, dərənin içindən hündürlüyü 3.5 metr olmuşdur. Bir hissəsi dağıntıya məruz qalsa da, təxminən 1,5-2 metr hissəsi salamat idi. Körpünün divar hissəsindən saxsı boru vasitəsilə daim bulaq suyu axır. Hamam qalıqları Yuxarı Əskipara kəndində, Coğaz çayının sahilində, karvan yolunun üstündə yerləşir. Həmin ərazidə 3 haman olmuşdur, onlardan ikisi tamamilə dağılmış, birinin yarısı qalmışdır. Uzunluğu 10 metr, eni 5 metr olmaqla iki otaqdan ibarət olmuşdur. Biri ümumi hamam, o biri hissədə 10-a qədər hovuz vardı. Burada balaca su hovuzu da tikilmişdir. Hovuza pilləkənlərlə düşülür. Saxsı borular vasitəsilə gələn su hovuza tökülürmüş, bu sudan hamamla yanaşı, müalicə məqsədi ilə istifadə edilmişdir. Koroğlu qalası Yuxarı Əskipara kəndindən 4- 5 km şimalda hündür sıldırım qayalıqların üzərində yerləşir. Qala çal daşdan və əhəng qarışıq qumla hörülmüşdür. Keçikçi qalaya gediş-gəliş şimal tərəfdən daha rahatdır. Qalanın ətrafında bəzi tikili yerləri dururdu. Türbə Yuxarı Əskipara kəndinin qəbiristanlığındadır. Dairəvi formadadır. İçərisində iki qəbir var. Bu məzarların üzərində ərəb əlifbası ilə yazılar var. Dəyirman yerli əhəmiyyətli memarlıq abidəsidir. Aşağı Əskipara kəndinin ərazisində Coğaz çayının sol sahilində yerləşir. Ermənistanın işğalınadək fəaliyyət göstərmişdir. Alban kilsəsi yerli əhəmiyyətli memarlıq abidəsidir. Aşağı Əskipara kəndinin ərazisindədir. Qədim albanların qəbiristanlığı isə “Kilsə yalı” deyilən təpənin ətəyində yerləşir. Kilsə isə həmin təpənin cənub ətəyindədir. Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Savalan Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən “Tarixi mədəniyyət abidələrimizə qarşı erməni terrorunun coğrafiyası” layihəsi çərçivəsində çap olunur. Alı Balayev AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent
© 2020 - Created by İLK XEBER.