Respublikanın ali məktəblərində Azərbaycan tarixi fənninin tədrisinin istər qeyri-tarix fakültələrində, istərsə də Tarix və Tarix müəllimliyi ixtisaslarında azaldılması istiqamətində “ekspertlərin” düyünə saldığı məsələ xeyli vaxt idi ki, ictimaiyyət arasında ciddi narahatlıq yaratmışdı. Bu səbəbdən Vətən tarixi anlayışını dərindən qavramış xeyli sayda tarixçilərimiz, ziyalılarımız bir neçə dəfə onlayn formada bir araya gələrək müzakirələr apardı. Sonra bu tarixin 50 milyonluq bir xalqın tarixi olmasını nəzərə alıb Bütov Azərbaycan Ocaqlarına (BAO) müraciət etdik. Onlar məsələnin vacibliyini nəzərə alıb üç dəfə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun bəzi əməkdaşlarının, respublikanın tanınmış alimlərinin, ziyalılarının, müəllimlərinin, aspirant və magistrlərinin iştirakı ilə onlayn formada elmi müzakirələr təşkil etdilər. Müzakirələrin sonunda müvafiq dövlət orqanlarına, o cümlədən Təhsil Nazirliyinə onlarla tarix üzrə elmlər doktorunun, fəlsəfə doktorlarının imzası ilə müraciət qəbul edildi. Alimlərin bir neçəsi ciddi narahatlıq doğuran məsələ ilə bağlı öz mövqelərini mətbuat səhifələrinə çıxartdılar. İntrnet saytlarında, sosial şəbəkələrdə məsələ geniş müzakirəyə səbəb oldu. Müzakirələrdə Azərbaycanın Quzeyinə böyük ümidlə baxan Güneydən də xeyli sayda insan öz narahatlıqlarını dilə gətirdilər. Yeni Təhsil naziri təyin edildikdən az sonra Təhsil Nazirliyinə müraciəti imzalayan dörd nəfər tanınmış alim və müəllimi nazirliyin əməkdaşları yüksək ədəb-ərkan və ehtiramla qəbul etmiş, görüşdə problem hərtərəfli müzakirə edilmişdir. Görüşün sonunda nazirliyin nümayəndəsi bildirmişdir ki, ali məktəblərin qeyri-tarix fakültələrində saatların əvvəlki səviyyədə – 75 saat saxlanılması Təhsil Nazirliyinin səlahiyyətində olduğu üçün yaxın günlərdə bu məsələ müsbət həllini tapacaqdır. Ancaq Tarix və Tarix müəllimliyi ixtisaslarının saatlarının artırılıb və ya azaldılması ali məktəblərin səlahiyyətindədir. Görüş qurtardıqdan bir qədər sonra danışıqlarda içtirak etmiş Firdövsiyyə xanım və Naibə xanım çalışdıqları ali məktəblərdə rəhbərliklə müzakirələr apardıqlarını, faktiki olaraq problemin həll edildiyini bildirdilər. Lakin BDU-da çalışdığım kafedradan aldığım cavab məni qane etmədi. Buna görə də mətbuatda Universitetin rəhbərliyinə müraciət etməli oldum. Minlərlə vətənsevərin fikirlərini ifadə etdiyim müraciətdən bir neçə gün sonra hörmətli rektor Elçin Babayev məni qəbul etdi. ”Ekspertlərin” bərbad günə saldıqları Vətən tarixinin tədrisi problemləri ilə bağlı geniş, hərtərəfli, konstruktiv müzakirə oldu. Rektor ona müraciət edilmədən məsələnin qəzet səhifələrinə çıxarılmasını doğru saymadığını bildirdi. Bu iradı qəbul etdim. Ancaq Azərbaycan tarixinə və onun tədrisinə Vətən tarixi kimi yanaşılmamasını da doğru hesab etmədiyimi söylədim. Sonra əsas məsələlər barədə görülən işlərdən danışıldı. Rektor bildirdi ki, qeyri-tarix fakultələrinin əksəriyyətində saatların miqdarı artıq 75 saat miqdarında nəzərdə tutulub. Digərlərində də vəziyyət yaxın vaxtlarda həll olunacaq. Tarix və Tarix müəllimliyi ixtisaslarında problemi həll etmək üçün də intensiv iş gedir. Söhbətin gedişində məlum oldu ki, rektor problemlərin, o cümlədən Azərbaycan tarixinin probleminin müzakirəsinə həmişə hazır olan bir şəxsdir. O bu fənlə bağlı yeni dərsliyin, dərs vəsaitlərinin, Azərbaycan tarixinin aktual məsələlərinə həsr olunmuş kitabların nəşr edilməsinin də müzakirə edilə biləcəyini söylədi. Bir sözlə, görüşdən böyük ümidlə ayrıldim. Boran Əziz, BDU-nun dosenti
© 2020 - Created by İLK XEBER.