Hər zaman içimdəki kövrək adamı, saf uşağı gizlətdim! Həmişə, həmişə, həmişə məni söydürəsi, məhrumiyyətə, məhdudiyyətə, məcbiryyətə aparan işlərlə gözə gətirdim özümü və... özümü gözə gətirdim!
Heç vaxt doyunca qızlarımın saçlarını sığallamadım, amma... qızının ürəyini əməliyat etdirən xanımın bütün zülmlərini çəkdim! Ki: "ya Rəbbim, bu qadın nə zülm eləsə, səbrlə qulluğunda duraram, amma qızlarıma dəymə!"
Heç vaxt qızlarımla doyunca oynamadım, amma... atasının ilki-gözəli olan, lafetdən yumalanıb düşüb, türk saidini zədələyən qızın illərlə qayğısında-qulluğunda durdum, qələm barmaqlarım əllərimdə gah kotan oldu, gah daraq: Ki: "ya Rəbbim, bu qadının zülmünü çəkərəm, amma qızlarıma dəymə!"
Yəni... ürəyi "poroq", türk saidi zədələnmiş qızın-qızların bütün ağrı-acısını çəkdim, Rəbbim inandı ki, öz balam kimi çəkirəm, O-nun məni sınağı bildim hər qarşıma çıxanı! Ömrümün bir neçə ili getdi! Amma ömürlük çəkmədim!
Sonda qaşım çapılsa da, idman şalvarım aparılıb televiziyadakı dostlara göstərilmək olsa da "sağ ol"um, "mükafat"ım, Tanrımla "əhd peyman"ıma görə, qəbul etdim!
Amma, amma, amma... ataları-anaları artıq qayğı göstərmək imkanında olmayanları birtəhər ötüşdürsəm də, Yaradanın özünə agah "zülmlü" oğlanları görəndə... heç nə edə bilmədim! İllah da onlar mənim dostlarım oldusa!
Bəlkə də nə dostlarım, nə də dostlarımın oğlanları bilmədi ki, məndə nə o cəsarət oldu o oğlanların üzünə baxım, nə də o başımı qaldırıb soruşum: ey qadir Allah, niyə?
Bəlkə də ataları sınağa çəkilirdi!
İkisini tanıdım. İki gözəl dostun iki gözəl balasını. Birinin bu gün ad günüdür: QAQAŞın!
Əslində, Qaqaşın varlığına görə atasını tanımışam!
Atası mətbuata Qaqaşa görə üz tutmuşdu: dərdinə əlac istəyirdi! Prezident İlham Əliyevə üsyan səviyyəsində etiraz-müraciətiylə!
Qaqaş durumuyla Atasını qəzet qapısına aparmışdı. Qəzet qapısından bir də qayıtmadı!
Ölkənin, Dövlətin, Vətənin, xalqın problemlərinə yardımçı olmağa başı elə qarışdı ki...
Sizin sevimli imzanızdır Qaqaşın atası - mənim həmkarım, dostum!
Sevə-sevə oxuyursunuz da, sevə-sevə deyirsiniz də kişi adamdır!
Mən ona yazılarına görə demirəm kişi adamdır - hərçənd elə yazılarına görə də kişi adamdır! Fəqət mən sizdən sevgidə də bir boy da fərqliyəm axı: mən YAXŞI BİR ATA KİMİ deyirəm: kişi adamdır!
O kişi adam... Sərdar Əlibəylidir!
Bütün uşaqlar dünyaya gələndə getdikcə böyüyən atalarına gəlib çatırlar! Qaqaş... böyük, çox böyük kişi olan atası Sərdarı... özü kimi uşaq saxladı! Saf saxladı! Qoymadı Sərdar bu dünyada adına ədalət və vicdan deyilən bir mizan-tərəzidə pərsəngə yol versin!
Neylədisə də Sərdar... Qaqaş varlığıyla ona hər an GÖZ oldu: mən varam sənin üçün vicdan, ədalət və əqidə etalonu! Özünü buraxma ha!
Sərdar Əlibəyli Qaqaşın kişiliyinə, mərdliyinə, etibarına o qədər arxayın oldu ki... hətta iki dəfə türməyə düşsə də, ürəyi yerindəydi: Qaqaş o gələnəcən heç kimi incitməyəcək! Narahat etməyəcək! Qaqaş bilib, bilir, əminəm də biləcək ki, bu dünyada onun nazını çəkəcək bir KİŞİ VAR: Sərdar! O bu dünyaya bir kişini incitmək üçün gəlib, ürəyinə çapıqlar qoymaq səlahiyyətinə malikdir və o kişi heç bir vaxt deməz ki, bağrım qan oldu axı, ay Qaqaş!
Deməz Sərdar, deməz! 27 ildir demir! Deməz də!
Sərdarın əhd-peymanı Allahladır!
Qaqaşın əhd-peymanı Sərdar adında Allahıyla! Qaqaşı yaradan Allah Qaqaşa deyib kimdir onun Yer üzündə Allahı!
Mən Sərdarı çooox, lap çooox istəyirəm Qaqaşı tanıdğım gündən: Sərdar heç vaxt Qaqaşın varlığıyla xaltura etmədi, heç vaxt onun adıyla qapı döymədi... xaltura etməyə! Mən görmədim! Görmədiyim üçün də çooox istədim Sərdarı!
Qaqaş Ata Sərdardan ATA(sını özüylə böyüdən)-OĞUL düzəltdi!
Qaqaşın ürəyi istəyənləri etmək üçün yanında olmalı olan tək bir nəfər vardı - SƏRDAR!
Evdən çıxan Qaqaş əlbəttə ki Sərdarla çıxmalı, Sərdarla olmalı olduğu yerlərdə, evə Sərdarla qayıtmalıdır!
27 ildir elədir!
Qızlara yoldaş olmağa kişi var!
Oğlanlara yoldaş olmağa qadın yoxdur!
Sərdar hamını və hər kəsi əvəz elədi! Halbuki... ata kimi gözləməliydi... evdən məktəbə, məktəbdən universitetə, universitetdən qızla görüşə gedən Qaqaşın qayıtmağını!
Sərdar özüylə işə aparıb-gətirdi! Sərdar məclislərə özüylə aparıb gətirdi!
Mən Sərdarın Qaqaş adında bir xalq, bir ölkə, bir vətən, bir dövlət boyda qayğısı var ikən, üstündən də Azərbaycan adında bir xalq, bir ölkə, bir vətən, bir dövlət boyda qayğını bonus çəkməyinə necə çatdırdığına, tab gətirdiyinə görə indi yazıram:
50 illik yubileyimdə Qurban Məmmədov söylədi ki, Azərbaycanın çox istedadlı və mübariz jurnalistlərindən biri mənə bir dəfə dedi ki, Aydın Canıyevi oxuyandan sonra özümə deyirəm ki, sən də jurnalistsən, yazı yazırsan, halbuki özü böyük, nəhəng jurnaslistlərdəndir!
Çox böyük mükafat bilsəm də Qurban bəyin bu dediyini, amma fakt olaraq kimin dediyi oturdu e beynimə! Bir də gördüm Sərdar Əlibəyli mikrofonu aldı əlinə və dedi ki, ay Qurban bəy, o sözü mən demişəm, adımı da deyə bilərdiniz, Siz demədiniz, özüm deyirəm!
Və... məhz həmin o 50 illik yubileyimdə Sərdar bəy bilmişdi ki, həmişə mənə Ustad deyən, məni özündən yaşlı bilən Sərdar bəy məndən yaşca böyükdür! 16 il adam bilməyib: saçımın-saqqalımın o qədər tez ağarmağına, yaşımdan o qədər ağır yüklərə uğraşmağıma görə elə düşünübmüş!
Həqiqətdə... Sərdar məndən təkcə yaşa görə böyük deyildi ki!
Həqiqətdə... Sərdar məndən təkcə jurnalist olaraq (mən bir dəfə tutulmuşam, o iki dəfə
əlbəttə ki, peşə fəaliyyəimizə görə və şərlənərək) böyük deyildi ki!
Sərdar məndən ilk növbədə həm də ona görə böyük idi ki, böyük kişiydi: Qaqaşın atası olmaq kişilikdə bir boy böyük olmaq deməkdir!
Və mən heç vaxt Qaqaşın əzablarını, ağrılarını, acılarını yüngülləşdirə bilməyəcəyimə görə... və bu ağrı-acıları heç kimlə bölüşməyib özü çəkdiyinə görə... Sərdar Əlibəyliyə deyirəm:
- Sərdar heyy, sənin Ata olmağını görəndən sonra, mən özümə deyirəm ki, sən də atasan, sən də övlad böyütmüsən, övladı Sərdar böyüdüb, övlada Sərdar ata olub! Ölkədə iki ata varsa, biri elə Sərdardır! Bu elə ən möhtərəm və möhtəşəm jurnalist olmaqdan min dəfə böyük şərəfdir! Həm də ona görə ki, Qaqaşı elə böyütmüsən ki, səndən başqa heç kimi incitmir! Qaqaşı elə böyütmüsən ki, hamı onu çox istəyir!
Mən Qaqaşın... ad günündə səni təbrik edirəm ATA-OĞUL!
Mən bu dünyanın heç nəyini dərd bilmədim... amma dərdin, dərdi faciəyə çevirməməyin, heç kimə dərd olmamağın nə olduğunu gözəl bildim! Dərdlə həmdərd, dərdlilərlə sirdaş olsam da, sən o qədər mərd dərdməndsən ki, adam bilir ki, ruhun da inciməz deyəsən ki:
Dərdinin yeni yaşı mübarək!
Bağışla, bəzən ən yaxın dosta xatir İlahi ədalətsizliyə görə vəkillik edib, Tanrıya-Yaradana-Allaha-Rəbbə şikayət ərizəsi yaza bilmirsən ki, niyə?
Tebrikler sevimli Qaqaşımız! Tebrikler yeni yaşına! Tebrikler bu dünyanını dərdlərindən xəbərsizliyinə! Tebrikler hər yaşına səni adlatdıqca, "şükür ki zəhmətim itmir", - deyən Atanla atdığın hər addımın sevincinə! Bu dünya bu qədər aciz: sənin bir gülüşünə unudulan dünyadı, özü dünya olan Qaqaş!
Əmi sənə ən gözəl arzuları hədiyyə edir, ən gözəl sözlərlə bəzəyir, sağlıqla işlət - bacardığın qədər! Ən böyük arzum odur ki, özünlə böyütdüyün Atanla gözudolusu bu dünyanı geridə qoy!
Allahın sənə Atanın ürəyincə yaşamağa vermədiyi dünyada Əmi kimi bundan artıq yazmağa söz də yoxdur! (((
S.A. yazı saytlarda yayımlanmaq üçün hər kəsin vicdanına... açıqdır!