Azərbaycanda vətəndaşların öz hüquqları barədə yetərli səviyyədə məlumatlı olmaması onların öz problemləri ilə lazımi şəkildə məşğul olmamasına gətirib çıxarır. Vətəndaş təşəbbüslərinin bu sahədə zəif olması, icra strukturlarında işləyən bəzi məmurların özbaşınalığı ölkədə vətəndaş cəmiyyətinin qurulmasına və onun tərkib hissələrindən biri olan insan haqları məsələsinə əsas maneələrdən biri hesab edilir. Regionlarda insanların öz hüquqları barədə təsəvvürləri kifayət qədər aşağı olmaqla yanaşı, həm də onların bu hüquqlarla bağlı dolğun məlumat almaq imkanları yoxdur. Məhz bu səbəbdən də əyalətlərdə yaşayan insanlarımız insan haqları məsələsində ciddi sıxıntılar yaşayır və problemlərinin həllində öz hüquqlarından istifadə edə bilmirlər. İnsan haqları məsələsi ilə bağlı əhali ilə lazımi səviyyədə əlaqələrin qurulmaması, KIV-lərdə problemin mahiyyəti barədə yetərli səviyyədə təbliğatın aparılmaması nəticədə həm cəmiyyətin maarifləndirilməsinə mane olur, həm də onlarda insan haqları sahəsində yaşanan problemlərin aradan qaldırılması məsələsinə inamsızlığı yaranır. Elə buna görədir ki, insan haqları sahəsində yaranmış boşluq və problemlər həll edilməmiş qalıb. Xüsusən də belə vəziyyət daha çox rayonlarda müşahidə olunur. Bir sıra hallarda müxtəlif dövlət idarə və təşkilatlarında vəzifəli şəxslər tərəfindən edilən özbaşınalığa, təkəbbürlüyə, yekəxanalığa, insan hüquqlarının pozulması hallarına rast gəlinir. Məmur özbaşınalığının qurbanı olan şikayətçilərin dediklərinə görə isə, onlar hüquqlarının pozuntusuna görə şikayət etsələr də nəticəsi olmur, hətta bəzən hədə-qorxu ilə üzləşməli olurlar və aylar, günlər, bəzən isə illərlə icra orqanlarının qapılarında qalırlar. Haqsızlığa uğrayan, zərər şəkən şəxsin müraciətləri gözardına vurulur, şikayət havada qalır. Sosial şəbəklərdə də əksəriyyət ölkədəki məmur özbaşınalığının ən böyük problemlərdən biri olduğunu yazırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edən zaman deyib. “ Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki cinayət məsuliyyətinə cəlb edilir". Təbii ki, ölkədə vətəndaşların Konstitusiya ilə təmin olunmuş hüquq və azadlıqlarının qorunması ən ümdə məsələdir. Azərbaycanda insan hüquqlarının qorunmamasını iddia etmək düz deyil. Vətəndaşın hər hansı bir hüququnun pozulması ilk növbədə onun öz hüququnu bilməməsi üzündən baş verir. Ancaq vətəndaş konstitusion hüquqlarının gerçəkləşməsi üçün cəhd göstərəndə, onun hüquqlarını heç kim pozmur. Ümumiyyətlə, vəzifəli şəxslərin özbaşınalığı, məmur-vətəndaş münasibətləri, insanların qəbulu və şikayətlərinin dinlənilməməsi ilə bağlı cəmiyyətdə müxtəlif tənqidi fikirlər mövcuddur və təəssüf ki, insanları narahat edən məqamlar hələ də qalmaqdadır. Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən “Vətəndaşların sosial hüquqlarının təmin edilməsi istiqamətində maarifçilik tədbirləri” layihəsi çərçivəsində çap olunur. Cavid Ələkbərov
© 2020 - Created by İLK XEBER.