Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Son illərin reallıqları ondan ibarətdir ki, ölkəmizin dinamik iqtisadi inkişafı sosial sahənin də yüksəlməsinə səbəb olub. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafəsini də gücləndirmək üçün möhkəm zəmin yaradıb. Artıq iqtisadi inkişafın, uğurla həyata keçirilən yeni neft strategiyasının elə bir mərhələsini yaşayırıq ki, indi nəinki problemlərin həlli, o cümlədən yeni sosial layihələrin həyata keçirilməsi üçün dövlətin kifayət qədər maliyyə imkanları var. Prezident İlham Əliyevin sosial sahəyə diqqət və qayğısı ölkənin əsas maliyyə sənədində də əksini tapır. Hər il dövlət büdcəsi təsdiq olunarkən sosialyönümlülük prioritet olaraq qalır. Mütəmadi olaraq maaşların və təqaüdlərin artması, qaçqınlara, məcbüri köçkünlərə, şəhid ailələrinə və müharibə veteranlarına verilən müavinətləin çoxalması dövlətin öz vətəndaşının sosial qayğılarına biganə yanaşmamasının göstəricisidir. Aztəminatlı əhaliyə dövlət qayğısını əks etdirən göstəricilər içərisində ayrı-ayrı qrup vətəndaşlara müxtəlif güzəştlərin və imtiyazların verilməsi xüsusi qeyd edilməlidir. Son bir neçə ildə sosial müdafiəyə ehtiyacı olan insanların maddi durumunun yaxşılaşdırılmasına yönəldilən tədbirlərlə yanaşı, onların bəzi zəruri tələbatlarının ödənilməsi üçün də dövlət büdcəsindən ayrılan vəsaitlərin miqdarı artırılıb. Sosial siyasətlə bağlı qanunların qəbulu da ötən illər ərzində daim əsas diqqət mərkəzində olub. Bu müddətdə pensiyaçıların, təqaüdçülərin, əlillərin, şəhid ailələrinin, milli qəhrəmanların ailələrinin, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı çoxlu sayda hüquqi sənədlərin qüvvəyə minməsi sosial sahədə böyük irəliləyişə səbəb olub. Pensiya sisteminin təkmilləşdirilməsi, fərdi uçot sisteminin tətbiq olunması bu sahədə müsbət dinamika ilə müşahidə olunmaqdadır. "Sivilizasiya" Monitorinq və Araşdırmalar İctimai Birliyi tərəfindən “Aztəminatlı əhaliyə hüquqi yardım xidmətinin yaxşılaşdırılması” layihəsi çərçivəsində də regionlarda əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına hüquqi yardımın göstərilməsi nəzərdə tutulmuşdur. Məsələn, müraciət edənlərə hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar verilir, məhkəmələrə iddia ərizələrinin hazırlanması ilə bağlı hüquqi yardım göstərilir. Həmçinin, ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi, dövlət qurumlarına sorğu və müraciətlərin göndərilməsində vətəndaşlara köməklik göstərilir. Bundan başqa Lənkəran, Qobustan, Yardimlı və Bakı şəhərlərində vətəndaşlara göstərilən hüquqi yardım xidmətinin səviyyəsini öyrənmək üçün sorğular keçirilir. Həmçinin, qanunvericiliyin ölkə vətəndaşlarına verdiyi sosial, təhsil və səhiyyə hüquqlarının əks olunduğu kitab hazırlanaraq çap ediləcək və vətəndaşlara paylanacaq. Bütün bunlar əhaliyə göstərilən hüquqi yardımın keyfiyyətinin yaxşılaşdırılması, müxtəlif sahələrdə vətəndaşların keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin edilməsi, əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarının hüquqi yardıma çatımlılığının artırılmasına imkan verəcək. Vahid Nuriyev Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Sivilizasiya" Monitorinq və Araşdırmalar İctimai Birliyi tərəfindən “Aztəminatlı əhaliyə hüquqi yardım xidmətinin yaxşılaşdırılması” layihəsi çərçivəsində çap olunur.
© 2020 - Created by İLK XEBER.