21 avqust 2020-ci il tarixdə Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçlığı ilə “Azərbaycan dövlətçilik tarixi (1918-1920 və 1992-1993)” mövzusunda onlayn konfransın ikinci hissəsi keçirildi. Konfransı açıq elan edən BAO İcra Aparatının üzvü Babək Türkoğlu konfransın mahiyyəti barədə geniş məlumat verərək, bu mərhələdə həmin dövrün əsas lideri olan Əbülfəz Elçibəyin fəaliyyəti üzərində xüsusi dayandı. Qeyd etdi ki, 1992-1993-cü illərdə mövcud olan Azərbaycan Milli dövlətinin varlığı nəinki Azərbaycanın Quzeyində, eyni zamanda Güneyin hər yerində milli dirçəlişin oyanması və inkişafında müstəsna rol oynadı. Babək bəy qeyd etdi ki, məhz bu oyanmanın təsiridir ki, bu gün Güney İstiqlal uğrunda savaş aparır. Daha sonra əlavə etdi ki, Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadə məktəbini davam etdirərək, onun daha da zənginləşdirib, Azərbaycanın bütövlük məfkurəsini ortaya qoydu. Biz də bu məktəbin müridləri olmaqla, bu yolu davam etdiririk. Əminik ki, çox keçməyəcək onların arzularını doğruldacaq və Bütöv Azərbaycanı quracağıq. Sonra sözü vaxtilə Əbülfəz Elçibəyin yaratdığı gizli təşkilatın üzvü, böyük türkoloq, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Rəhimoğluna verdi. Arif Rəhimoğlu öz çıxışında 1992-93-cü illərəqədərki yola nəzər salıb, bu yolda aparılan mübarizəni və bu mübarizənin önündə gedən Əbülfəz Elçibəyin üzərində xüsusi dayandı. 1918-20-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə toxunan Arif Rəhimoğlu Cümhiriyyətin süqutundan sonra Azərbaycanda baş verən proseslərə və bu proseslərdə milli düşərgənin qarşılaşdığı çətinliklərdən bəhs etdi. Daha sonra əlavə etdi ki, ötən əsrin 60-cı illərindən başlayaraq Azərbaycanın ictimai-siyasi həyatında bir canlanma baş verdi. Bu dövrdə də Əbülfəz Elçibəyin sistemi fəaliyyəti başladı. Elçibəyin “Bütövləşmək, Millətləşmək, Dövlətləşmək” düsturuna toxunan Arif Rəhimoğlu milli təfəkkürün formalaşması yollarını da izah etdi. Onun izahında belə bir tezis var idi ki, nə vaxt ki, millət özünü tam dərk edəcəkdir, onda biz istəyiməzə çatacağıq... Ondan sonra söz Əbülfəz Elçibəyin tələbələrindən olan, onunla yaxın dost olmuş tarix üzrə elmlər doktoru, professor Zabil Bayramlıya verildi. Zabil Bayramlı 1920-ci ilə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəmizdə mücadilə edən milli ziyalılarımızdan və onların yaratdıqları təşkilatlardan söz açdı. Azərbaycanda milli oyanışın məhv olmamasında onların rolunu xüsusi qeyd edərək, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə və digərlərinin adlarını qeyd etdi. Daha sonra Əbülfəz Elçibəyin fəaliyyəti üzərində dayandı. Bildirdi ki, Əbülfəz Elçibəy sistemli şəkildə fəaliyyət göstərirdi. O, elə bir gizli təşkilat yaratdı ki, uzun illər ölkənin xüsusi xidmət orqanları bundan xəbər tuta bilmədi. Yaratdığı üçlük, beşlikdə olanlar hətta bir-birlərindən xəbərsiz idilər. Onun fəaliyyəti nizamlı bir fəaliyyət idi. Zabil Bayramlı Əbülfəz Elçibəyin müəllimlik fəaliyyətinə geniş toxundu. Bildirdi ki, onda qeyri-adi inandırma qabiliyyəti var idi. Asiya və Afrika ölkələrinin tarixini dərindən bilən Əbülfəz Elçibəy inqilabi hərəkatların bütün incəliklərini öyrənmişdi. O, Əbülfəz Elçibəyi Azərbaycan tarixinin mahir bilicisi adlandırdı. Qeyd etdi ki, bu insan düşmənini də sevirdi, yəni nifrət etmirdi. Onun həbsxana həyatına toxunan Zabil Bayramı əlavə etdi ki, həbsxanada olan dustaqlar hamısı milli qüvvəyə çevrilmişdilər. Onun bu bacarığına və biliyinə görə həbsxana rəhbərliyi də ona sayğı ilə yanaşırdı. Sonda bir daha eyd etdi ki, ötən əlli, yüz il tarix deyil, jurnalistika adlanır. Amma bir o qədər də keçəndən sonra onda Əbülfəz Elçibəy kimi insanların dahiliyi millətin hamısına bəlli olur və onları adları tarix boyu yaşayır. Bu gün Əbülfəz Elçibəyi sevənlər çoxdur, amma müəyyən müddət keçəndə sonra o, daha da məşhurlaşacaqdır. Çünki onun həyatı və fəaliyyəti buna imkan verir.
Üçüncü çıxışçı kimi çıxış edən Bütöv Azərbaycan Ocaqları (BAO) başkanının ideoloji məsələlər üzrə müavini Dilavər Əzimli 1918-20 və 1992-93-cü illərdə mövcud olan Azərbaycan Milli hökumətləri arasında paralelliklər apardı. Qeyd etdi ki, bu gün bunları dərk etmək həm də təfəkkür məsələsidir. Buna görə də millətdə bəzən fərqli baxışlar ortaya qoyulur. Amma zamanla bu da keçib gedəcəkdir. O, qeyd etdi ki, əslində, 1918-20-ci illər dövlətçiliyimiz olmasaydı, ondan sonrakı dövlətçilik də ola bilməyəcəkdi. Əslində, ondan sonrakı dövlətçilik də 1918-20-ci illər dövlətçilik sistemi üzərində quruldu. Baxmayaraq ki, bizim Qurucu babalarımızı bəyənmir, repressiya edir və təhqir edirdilər, amma dövlətçilik məsələsində onların sistemindən yararlandılar. Əslində, 1918-20-ci illərdə dövlətçiliyimiz olmasaydı, 1992-93-cü illər dövrü də ola bilməzdi. Bu milli dövlətlərin taleyinə toxunan Dilavər Əzimli qeyd etdi ki, milli dövlət olduqları üçün onların beynəlxalq güclər tərəfindən də dəstək olmadı. Əbülfəz Elçibəyin sistemli fəaliyyətinə toxunan Dilavər Əzimli sonda qeyd etdi ki, Bəyin “Bütövləşmək, Millətləşmək, Dövlətləşmək” düsturu bizim üçün əsas şüardır. Çünki millət bütöv olmayan millət, millət kimi formalaşa bilməz. Biz də bütövləşmə uğrunda döyüşürük. O, həmçinin Elçibəyin fars şovinizmi barədə yazdıqlarına da geniş toxundu və bu şovinizmin çox təhlükəli olduğunu diqqətə çatdırdı.
Mövzu ətrafında suallar veridi və cavablar da dinlənildi.
Daha sonra Əbülfəz Elçibəyin gizli təşkilatının üzvlərindən olan, ictimai-siyasi fəal, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparanlardan olan Ələsgər Siyablı Əbüləfəz Elçibəylə bağlı xatirələrini danışdı və 1992-93-cü il dövlətçilik məsələlərinə geniş toxundu. Sonra çıxış edən Bütöv Azərbaycan Ocaqları (BAO) Türk Dünyası ilə Əlaqələr üzrə başkan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli istər 1918-1920, istərsə də 1992-93-cü illər dövründəki proseslərə siyasi-fəlsəfi baxımdan yanaşdı və qeyd etdi ki, bu gün həmin dövr qurucularına mənfi münasibət sərgiləyənlər də bolşevik təfəkküründən yanaşır və bu da dövlətçiliyimizə yaraşmayan hərəkətlərdir. O, əlavə etdi ki, bütün Azərbaycan rəhbərlərinə tənqidi fikirlər söyləmək mümkündür, ancaq istənilən halda təhqirlərə yol vermək doğru deyildir. Onun sözlərinə görə, Azərbaycan dövlətçiliyinə və onun rəhbərlərinə münasibətdə tutduğu vəzifəsindən və statusundan asılı olmayaraq hər bir kəs diqqətli yanaşmalıdır.
Konfransda çıxış edən, vaxtilə 1987-92-ci illər tələbə hərakatının liderlərindən olan, hazırda BDU-nun dosenti Rəsul Hüseynli də o dövr hadisələrini tarixi baxımdan izah etdi və tarixi proseslərdən nəticə çıxarmağı tövsiyyə etdi. O, qeyd etdi ki, biz 1992-93-də buraxılmış səhvləri xüsusi olaraq müzakirə etməliyik ki, yeni səhvlər etməyək.
Konfransda digər iştirakçılar da öz münasibətlərini bildirdilər. Bununla da konfrans öz işini başa vurdu.