Azərbaycanda vətəndaşların öz hüquqları barədə yetərli səviyyədə məlumatlı olmaması onların öz problemləri ilə lazımi şəkildə məşğul olmamasına gətirib çıxarıb. Vətəndaş təşəbbüslərinin bu sahədə zəif olması, icra strukturlarında işləyən bəzi məmurların özbaşınalığı ölkədə vətəndaş cəmiyyətinin qurulmasına və onun tərkib hissələrindən biri olan insan haqları məsələsinə əsas maneələrdən biri hesab edilir. Regionlarda insanların öz hüquqları barədə təsəvvürləri kifayət qədər aşağı olmaqla yanaşı, həm də onların bu hüquqlarla bağlı dolğun məlumat almaq imkanları yoxdur. Məhz bu səbəbdən də əyalətlərdə yaşayan insanlarımız insan haqları məsələsində ciddi sıxıntılar yaşayır və problemlərinin həllində öz hüquqlarından istifadə edə bilmirlər. İnsan haqları məsələsi ilə bağlı əhali ilə lazımi səviyyədə əlaqələrin qurulmaması, KIV-lərdə problemin mahiyyəti barədə yetərli səviyyədə təbliğatın aparılmaması nəticədə həm cəmiyyətin maarifləndirilməsinə mane olur, həm də onlarda insan haqları sahəsində yaşanan problemlərin aradan qaldırılması məsələsinə inamsızlığı yaranır. Elə buna görədir ki, insan haqları sahəsində yaranmış boşluq və problemlər həll edilməmiş qalıb. Xüsusən də belə vəziyyət daha çox rayonlarda müşahidə olunur. Bəzi hallarda müxtəlif dövlət idarə və təşkilatlarında vəzifəli şəxslər tərəfindən edilən özbaşınalığa, təkəbbürlüyə, yekəxanalığa, insan hüquqlarının pozulması hallarına rast gəlinir. Məmur özbaşınalığının qurbanı olan şikayətçilərin dediklərinə görə isə, onlar hüquqlarının pozuntusuna görə şikayət etsələr də nəticəsi olmur, hətta bəzən hədə-qorxu ilə üzləşməli olurlar və aylar, günlər, bəzən isə illərlə icra orqanlarının qapılarında qalırlar. Haqsızlığa uğrayan, zərər şəkən şəxsin müraciətləri gözardına vurulur, şikayət havada qalır. Sosial şəbəklərdə də əksəriyyət ölkədəki məmur özbaşınalığının Azərbaycanın ən böyük problemlərindən biri olduğunu yazırlar. Regionda və dünyada həssas proseslərin getdiyi bir vaxtda bəzi məmurların özbaşınalığı, ölkə başçısının təbirincə desək, qudurğanlığı xoşagəlməz fəsadlar yarada bilər. Ölkədə vətəndaşların Konstitusiya ilə təmin olunmuş hüquq və azadlıqlarının qorunması ən ümdə məsələdir. Azərbaycanda insan hüquqlarının qorunmamasını iddia etmək düz deyil. Vətəndaşın hər hansı bir hüququnun pozulması ilk növbədə onun öz hüququnu bilməməsi üzündən baş verir. Ancaq vətəndaş konstitusion hüquqlarının gerçəkləşməsi üçün cəhd göstərəndə, onun hüquqlarını heç kim pozmur. Ümumiyyətlə, vəzifəli şəxslərin özbaşınalığı, məmur-vətəndaş münasibətləri, insanların qəbulu və şikayətlərinin dinlənilməməsi ilə bağlı cəmiyyətdə də müxtəlif tənqidi fikirlər mövcuddur, təbii ki, insanları narahat edən məqamlar hələ də qalmaqdadır. Azərbaycan prezidenti də dəfələrlə bu məsələyə toxunub, məmurları vətəndaşlarla mədəni davranışa, təkəbbürlü olmamağa səsləyib: "Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır… Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar". Səid Əhmədli Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən “Vətəndaşların sosial hüquqlarının təmin edilməsi istiqamətində maarifçilik tədbirləri” layihəsi çərçivəsində çap olunur.
© 2020 - Created by İLK XEBER.