“Ac görsə, doyurardı, çılpaq görsə, geydirərdi” «Kitabi-Dədə Qorqud» İslam əxlaqının zəruri etdiyi davranışlardan biri də insanların bir-birini sevməsi, çətinə düşənə yardım etməkdir. Mələklər kimi insanlar da yaxşı işlərdə yarışa girməlidir. «Yaxşılıq və təqva naminə girin ünsiyyətə bir-birinizlə» (Məidə, 2). Eyni zamanda, sevdiyi şeylərdən Allah yolunda keçmək də tövsiyə olunur. «Sevdiyiniz şeylərdən Allah yolunda sərf etməsəniz, almazsınız yaxşılığın qarşılığını. Hər nəyi xərcləsəniz, şübhəsiz, bilir Allah” (Ali İmran, 92). Yardımsevər olmaq üçün insanın mütləq varlı olması vacib deyil. Hansı sahədə imkan var, onu etmək olar. Birinin pulu var, bir başqasınn biliyi var, üçüncüsünün gücü var. Kiməsə bir hərf öyrətmək, qoca bir adamın qolundan tutub yoldan keçirmək, yetimin başını sığallamaq, yolun ortasına düşmüş daşı götürüb kənara atmaq hamısı Allaha xoş gələn davranışlardı. Allah taala heç kəsdən bacarmadığını istəməz, heç kəsi götürə bildiyindən artıq da yükləməz. Dinimizdə xəstələri yoluxmağın, acları doyurmağın da xüsusi rəğbət doğuran hərəkət olduğu deyilir. Oruc tutmağın bir səbəbi də yoxluğu və yoxsulluğu hiss etmək, ona görə tədbirlər görməkdir. Rumi yazırdı ki, bir tikə çörəyə baxan ac və tox adam başqa-başqa şeylər görür. Oruc o bir tikə çörəyin mahiyyətini insana ac olan vaxtı bir daha xatırladır. Sadəcə, normativ ibadətləri yerinə yetirməklə tam Allah rizasına çatmaq olmaz. Bəqərə surəsinin 177-ci ayəsində bu dediyimiz xüsus çox qabarıq şəkildə vurğulanır: «Üzünüzü məşriqə və məğribə çevirməyiniz hələ yaxşılıq demək deyil. Yaxşı o kəsdir ki, Allaha, axirət gününə, mələklərə, Kitaba, peyğəmbərlərə iman gətirmiş, Allah sevgisiylə yaxınlara, yetimlərə, yoxsullara, yolçulara, dilənçilərə, boyunduruq altında olanlara mal paylamış, namaz qılmış, zəkat vermiş, əhdində vəfalı olmuş, çətində-darda və savaş zamanında səbr göstərmiş. Doğru yola tapınmış onlar, Allahın əzabından yayınmış onlar». Bəli, dürüstlük, insansevərlik, yardım etməklə bütünləşmədən dindarlıq tam olmaz. Müzzəmmil surəsində bir ayə var. Bunun izahında Şəms Təbrizi belə yazır: “Quranda “Allaha gözəl-gözəl borc verin» (Müzzəmmil, 20) deyilir. Tanrının nə ehtiyacı var ki, ona borc verəsən? Allah taala bir gün Musa peyğəmbərə dedi: «Ey Musa, acdım. Məni doydurmaq istərsənmi? Qapına gəlsəm, məni necə qarşılayarsan?» Musa: «Ey Tanrım, sən belə şeylərdən münəzzəhsən» dedi. Tanrı yenə təkrarladı: «Ey Musa, birdən qapına gəlsəm?» Musa özünü itirir. Allah taala buyurur: «Get yemək hazırla, sabah sənə qonaq gələcəm». Musa peyğəmbər gedib sabahkı gün üçün gücü daxilində hazırlıq görür. Baxır ki, bircə su yoxdu. Bu vaxt bir dərviş gəlir. Allah razılığı üçün mənə çörək ver deyir. Musa peyğəmbər ona xoş gəldin eləyəndən sonra deyir ki, zəhmət olmasa, bu iki kuzəni çaydan doldur, gəl yemək ye. Dərviş gedib qabları doldurub gəlir. Musa peyğəmbər də ona yemək verib yola salır. Sonra gözləyir. Axırda heç kəsin gəlmədiyini görüb yeməkləri qonşulara paylayır. Amma elə hey düşünürdü, Rəbbim mənə niyə qonaq gələcəm deyirdi? Bunun sirri nədir? Bir gün Musa peyğəmbər nəşəli zamanında soruşur: «Rəbbim, söz verdin, amma gəlmədin. Niyə?» Belə cavab alır: «Gəldim, ay Musa. Amma sən mənə iki kuzə su daşıtmamış yemək vermədin!». Təbrizli mütəfəkkir izah edir ki, «Allaha borc verin» deyəndə məhz bu nəzərdə tutulur, ehtiyacı olanlara yardım edin, əvəzində Allah taala sizə borcu varmış kimi bunun əvəzini mütləq ödəyəcək! O, insanlara sevgi doludur. O sevgiyə nail olmaq lazımdır.
© 2020 - Created by İLK XEBER.