Azərbaycanda vətəndaşların hüquq və azadlıqları təmin edilir, qanun çərçivəsində ən yüksək səviyyədə müdafiə olunur. Konstitusiyamızda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilir. Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. İstinasız olaraq hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək, dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir. Konstitusiyanın "Hüquqi yardım almaq hüququ” adlı 61-ci Maddəsinə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun olduğu da bəyan edilib. Qeyd olunub ki, qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına görə, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunub. Vətəndaşlara pulsuz hüquqi yardım göstərilməsi missiyası əsasən dövlətin üzərindədir. Lakin qeyd olunmalıdır ki, dövlətdən kənar hüquqi yardım istiqamətində vətəndaş cəmiyyəti tərəfindən indiyə qədər çoxsaylı layihələr həyata keçirilib. Əgər 2017-ci ilə qədər Vəkillər Kollegiyasının 600 nəfərə qədər üzvü var idisə, hazırda üzvlərin sayı 2 mini keçib. Ölkəmizdə vətəndaşlara hüquqi yardım göstərmək üçün çoxsaylı vəkil büroları var. Hər bir vətəndaş şəxsi hesabına bu bürolara müstəqil şəkildə müraciət edə, hüquqi yardım əldə edə bilər. Məsələn, 2019-cu ildə 5472 nəfər vətəndaş hüquqi yardım almaq üçün müraciət edib. Ötən 11 ay ərzində həssaslıq qrupuna görə istifadəçilərin xarakteristikası göstərir ki, onların 2649 nəfəri aztəminatlı ailələr qrupuna mənsubdur. Ən çox müraciət edilən mövzuların bölgüsü göstərib ki, əksər istifadəçilərin, yəni 1238 müraciət müəllifinin problemi əmlak hüquq məsələləri ilə bağlı olub. Bu ardıcıllıq nikahın pozulması, aliment, uşağın kimin himayəsində qalması kimi ailə hüquq məsələləri ilə davam etdirilir. Həmçinin bir sıra sahələr, o cümlədən inzibati, borc, vərəsəlik, pensiya, sosial yardım, istehlakçı hüquqları, nəqliyyat məsələləri və sair üzrə hüquqi məsləhət xidmətləri də göstərilib. Toplanılan məlumatlar göstərir ki, 2760 nəfər "Facebook”, 1078 nəfər Hüquqi Yardım Mərkəzində konsultasiya vasitəsilə, 1552 nəfər telefon vasitəsilə, 36 istifadəçi onlayn müraciət forması vasitəsilə, 46 istifadəçi elektron poçt vasitəsilə hüquqi yardım alıb. Qeyd edək ki, hər bir insan hüququnu qorumaq üçün ilk növbədə öz hüququnun nədən ibarət olduğunu, qanunlarımızın ona hansı hüquqlar tanıdığını yaxşı bilməlidir. Yalnız bu məlumatlılıq hesabına o, hüququnu reallaşdıra bilər. Təbii ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də bəzi vətəndaşlar bu sahədə yüksək məlumatlılığa sahib deyil. Belə olan halda həmin şəxslərin hüquqi yardım almaq zərurəti meydana çıxır. Məhz bu zərurətdən qaynaqlanaraq, Azərbaycanda dövlət öz vətəndaşlarına qanunla nəzərdə tutulmuş şəkildə ödənişsiz hüquqi yardım almaq imkanı yaradıb. Sevindirici haldır ki, bu prosesə qeyri-hökumət təşkilatları da dəstək verilir. Arzu Kərimzadə
© 2020 - Created by İLK XEBER.