Evin sonbeşiyi həmişə sevimli olur. Mən də elə olmuşam. Skleroz olsam da, deyiblər, yadımda qalıb. Deyirlər, bu sarışın, qıvrımsaç və hər zaman sifətində narazılıq olan körpə qucaqdan düşməzmiş. Qonşuların yuxarı sinifdə oxuyan qızları evə gəlib məni qucağına alanda daha inadkar olurammış. Deyilənə görə, anaları çağıranda və qızlar məni təhvil vermək istəyəndə boyunlarını daha möhkəm qucaqlayar, düşmək istəmirəmmiş, axırda gəlib anaları qızını güclə xilas edərmiş. Amma bu səadət çox davam etmir. Bir gün səhər saatlarında Bakıdan Tbilisyə gedən 37 saylı sürət qatarı Böyük Kəsik stansiyasında dayanır. Qatardan bir ailə düşür. Qucaqlarından bir qaraşın körpə varmış. Qardaşım ailəsi ilə bizə gəilirmiş. Mənim nə xəbərim? Nəvənin də öz şirinliyi olur axı. Bu körpə evə qədəm qoyanda diqqət mərkəzinə keçir və evdə “Təzə gəldi bazardan, köhnə düşdü nəzərdən” situasiyası yaranır... O vaxt sarışın, qıvrımsaç körpə ilk protestini edir: “Bu, qaradır, aparın bunu Qarasuya atın” (Qarasu yaxınlıqdakı çaydır, Qarayazı meşəsindədir, Kürə tökülür). Əsaslandırma məntiqli olsa da, təbii ki, əməl etmirlər... Şəhərdən gələn və mənə olan diqqət qayğıya şərik çıxan bu gün ad gününü qeyd etdiyimiz Yusif Sadıqlı idi. Növbəti gəlişlərindən birində artıq ibtidai sinif şagirdi idi. Qucaqda gəzmək mövsümümüz çoxdan bitmişdi. Bu dəfə intriqa mənə “əmi” demədiyi üçün başladı. Onu məcbur etməyə çalışırdım. Yenə də səylərim bir nəticə vermədi Evdə də çox dedilər, ay bala, legitim əmindir, de də... Eşitmədi. Döyməklə hədələdim, xeyri olmadı. Axırda qonşunun uşaqlarını döydüm ki, bəlkə, qorxa, xeyri olmadı. Mən də daha onu çox qovmadım. Prinsipial adamlara hörmətim var. Hardasa 1971-ci ildə 20X15 sm ölçüdə bir kağıza Azərbaycanın xəritəsini çəkmiş, üstündə isə “Azərbaycan 2000-ci ildə” yazmışdı. Anası həkim idi, onun xəstəxanadan gətirdiyi rentgen “plyonkası”nı o xəritənin üzərinə çəkib kənarlarını rəngli iplərlə bəzəyib gözəl bir çərçivə yaratmışdı. Təbii ki, ən gözəli Azərbaycan sərhədlərinin Fars körfəzinə qədər gedib çıxması idi. Sonra Neft və Kimya İnstitutunu bitirib işə düzəldi. Bakı Aqreqat-İstehsalat Birliyi adlanan bu böyük müəssisə hərbi zavod idi. Yazıçı Çingiz Abdullayev də ilk əmək fəaliyyətinə orda başlayıb. Bir dəfə telekanalların birində danışırdı: “İlk dəfə işə gedirdim. 7 saylı avtobusa mindim. Bizə tapşırmışdılar ki, o müəssisənin hərbi zavod olması dövlət sirridir və heç kəsə demək olmaz. Zavoda yaxınlaşanda bir qadın sürücüyə səsləndi: “Ay şofer, “vayenni zavod”da saxla”. Həri. Burda kompüter bürosunun rəisi işləyirdi. Əvvəlcə Novruz bayramı ilə bağlı azərbaycanca qəzet buraxdığı üçün (divar qəzeti), sonra isə məzuniyyətə çıxmaq üçün ərizəni Azərbaycan dilində yazdığı üçün bir neçə dəfə “osobist”in yanına çağırılıb xəbərdarlıq almışdı. Yeri gəlmişkən, mənə ilk köməyi də onda dəydi. Mona Lizanın rəqəmlərdən düzəldilmiş portretini hədiyyə elədi. Nə yaxşı ki, o vaxt “Qarasu operasiyası” baş tutmayıb... Yeni yaşın mübarək, Yusif bəy, sənin öz sözlərinlə desək, “Böyük oğlan olasan!”. Vəndama gedəndə “7 gözəl”ə, qızıləhmədi almalarına, şabalıd ağaclarına salam söylə. P.S. Bir irad da tutum: Bakı-Qəbələ yolunu suyolu eləmisən. Beş dəfə Qəbələyə gedəndə, bir dəfə də Qazağa get... Qorxma, orda daha kimsə sənin Qarasuya atılmağını tələb etməyəcək. Qəbələdən fərqli olaraq, orda baqajı sovqatla liməlim doldururlar həm də. İstər Qəbələdən, istər Qazaxdan gələndə yolunu Yasamaldan sal, avtomobilin yükü bir az yüngülləşsin. Ad günündə irad tutmaq olmaz? “Kəlilə və Dimnə”ni oxumusan, deyir, “Nişi-əqrəb nə əz rəhi-qərəz əst, Tərki-adət be möcubi-mərəz əst”. Yəni əqrəbin sancmağı düşmənçilikən deyil, adəti tərk etmək xəstəliyə səbəb olur.
© 2020 - Created by İLK XEBER.