Mayis Səfərli,
Yurddaş Partiyasının sədri
İnsanın həyatda ən böyük missiyası - özünü təkrarlamaq,yeni nəsil yaratmaqdır. Bu vəzifəni gerçəkləşdirmək üçün hər birimizin həyatında könül verdiyimiz, qəlbdən bağlandığımız əks cinsin nümayəndəsinin olması, həyat yollarında bərabər addımlaması şərtdir. Bu səbəbdən ailə müqəddəsdir. Ailə-Yer üzündə insanın ilk və əbədi ocağıdır. Bura dünyadakı ən rahat, ən isti yerdir. Bütün xalqlar, millətlər, dövlətlər onun üzərində təməl tapıblar...
Başımızın üstünü kəsdirmiş koronavirus bizə hərtərəfli zərbələr vurur. Onun gətirdiyi fəlakətlər içərisində yeni ailələrin qurulmasına, toy - düyünə yaratdığı əngəllər, əslində,soyumuza, genefondumuza ciddi bir təhlükədir.
Aylardır ki,şadlıq saraylarının qapılarından qıfıllar asılıb. Adət etdiyimiz toy karvanlarını yenidən görmək sanki arzuya çevrilib. Yoluxmaların qarşısını almaq, infeksiyanı önləmək üşün Operativ Qərərgah bütün kütləvi tədbirlər kimi toy məclislərinə də qadağa qoyub.
Dogrudur, epidemioloji vəziyyətin nəzarətə alınması ilə əldə edilən müsbət tendensiyalar səbəbindən hökumət müəyyən sahələrdə məhdudiyyətlərin yenidən aradan qaldırılmasına qərar verdi. Amma, göründüyü kimi, bu, toy məclislərinin təşkilinə şamil edilmədi. Əfsuslar olsun ki, qərar cəmiyyətdə müəyyən etirazlarla qarşılandı. Bəzi sosial şəbəkə istifadəçiləri məsələyə,hətta, müxtəlif don geyindirməyə, rəng verməyə çalışırlar.
Məncə,kimin nə deməsi vacib deyil. Vacib olan - vətəndaşlarımızın sağlamlığıdır. Hamıya yaxşı bəllidir ki, adamlar ən çox kütləvi tədbirlərdə virusa yoluxurlar.
Gəlin, açıq danışaq, toyda - içkinin, musiqinin,əyləncənin bol olduğu yerdə,kimsə sanitar- epidemioloji qaydalara əməl edər? Tamadanı polislə əvəz etsək belə,vəziyyət dəyişməz.Toy məclisinin bu gün təhlükə mənbəyi olduğu gün kimi aydındır. Hökumətin başqa nə marağı ola bilər? Toy industriyası ölkəmizdə yaxşı gəlir gətirən sahədir. Hökumət də istəyər ki, bu sahənin fəaliyyəti bərpa olsun və dövlətin xəzinəsinə vergi ödənilsin. Pandemiyanın iqtisadiyyatımıza vurduğu ziyan fonunda hər cür gəlirlərə böyük ehtiyac var. Lakin gördüyümüz kimi,dövlətimiz üçün insanların saglamlıgı hər şeydən üstündür!