Bizə qoşulun

     FADMM! – Çoxunuz bu Mərkəzin yaradılmasından, fəaliyyətindən xəbərsizsiniz. Mən də iki ay öncə, yəni mart ayında “İlkxəbər” saytında oxuduğum informasiyadan bilmişdim ki, belə bir Mərkəz yaradılıb. “İlkxəbər”ə daxil olan məlumata görə, bu gün “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin təsis yığıncağı keçirilib. Yığıncaqda İctimai Birliyin Nizamnaməsi təsdiq edilib, eləcə də təsis sənədlərinin Ədliyyə Nazirliyinə təqdim edilməsi üçün qanuni təmsilçinin təyin olunması məsələsinə baxılıb. Bu vəzifə Vasif Sadıqlıya həvalə edilib”. “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin mətbuat xidmətinin yayınladığı hesabatdan aşağıdakı hissəni oxuyanda da düşünürəm ki, Mərkəzin yaradılması səbəbi bəlli olacaq. “Mərkəz hesabat dövründə Bakının müxtəlif ərazilərində ticarət, ictimai iaşə və digər obyektlərdə ədəbi dil normalarına riayət edilməsi ilə bağlı monitorinqlərini davam etdirib. Hesabat dövründə paytaxtda və ölkənin digər ərazilərində pandemiya ilə əlaqədar xüsusi karantin rejimi tətbiq edildiyindən, monitorinqlər əvvəlki ay qədər məhsuldar olmayıb. Belə ki, Bakının müxtəlif yerlərində cəmi 30-a yaxın foto çəkilib. Monitorinqlər bir daha göstərir ki, Azərbaycan dilinin dövlət dili kimi maneəsiz inkişafı ilə bağlı üzərinə konkret öhdəliklər düşən strukturlar öz vəzifəsini yaxşı icra etmir. Televiziya və radio verilişlərində də ədəbi dil normaları kobud şəkildə pozulur. Bir ay ərzində ədəbi dil normalarının pozulması halları ilə müxtəlif veb saytlarda 13 yazı və Mərkəzin sədrinin Rusiyanın dil və mədəniyyət portalı olan “atalar.ru”ya geniş müsahibəsi dərc edilib”. Həmin müsahibədə Vasif Sadıqlının söylədikləri: “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” təsis olunan kimi – elə mart ayının ortalarında “Feysbuk” sosial şəbəkəsində həmvətənlərimizə müraciət etdik. Dedik ki, Azərbaycan dilinin dövlət dili kimi maneəsiz inkişafı ilə bağlı üzərinə konkret öhdəliklər düşən strukturlar öz vəzifəsini yaxşı icra etmir. Televiziya və radio verilişlərində ədəbi dil normaları kobud şəkildə pozulur. Dövlət başçısının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması haqqında Fərmanında deyildiyi kimi, “ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir”. Mərkəzi yaradanların və onlara dəstək olanların ana dili mövzusunda yazılarını oxumaq, onları duymaq, onlara qoşulmaq hər bir vətəndaşın borcudur. Oxuyun, görün onlar nəyin keşiyində durub, nəyə çalışırlar. Əgər gənc nəsil o yazıların təsiri ilə böyüsə gələcəkdə Azərbaycan dili sevgisi əcnəbi dillərə olan marağı üstələyəcək. O yazılar məktəblilər arasında təbliğ olunsa biz ana dilimizi qorumuş və sevdirmiş olarıq. Həmin yazılara laqeyd qalmaq ana dilinə hörmətsizlikdir. Bir gün Vasif müəllim hamımızı narahat edən status paylaşdı: “Paytaxt və ölkə əhalisi üçün ictimai əhəmiyyət kəsb edən bu məlumatı təqdim edirik: Bakıda bunu da gördük. Bu biabırçılığa son qoyulacaqmı? Bu foto elə bu gün Əlövsət Quliyev küçəsində çəkilib. Bu lövhədə “Amsterdam hostel” yazılıb. “Hostel” balaca otel deməkdir. Qırmızı hərflərlə isə “Red Light District” yazılıb. Bunun tərcüməsi “qırmızı işıq rayonu”, “qırmızı fənərlər məhəlləsi”, yəni (çox-çox üzr istəyirik) pozğun qadınlar rayonu deməkdir. Bu yazı əcnəbiləri, yəqin ki, son vaxtlar viza rejiminin yumşaldılması ilə əlaqədar Bakıya axın edən turistləri cəlb etmək üçün reklam kimi verilib”. Bu status həyəcan siqnalıdır. Bunu kimsə deməli idi, Vasif Sadıqlı onu da özü etdi. FADMM-ın feysbuk sosial şəbəkəsi fəaliyyət göstərir. Səhifədə ana dilinin təbliği ilə bağlı müxtəlif paylaşımlar edilir. Dil tarixi ilə bağlı məlumatlar görkəmli mütəfəkkirlərin ana dili ilə haqqında söylədikləri aforizmlər və üzvlərin yazdıqları məqalələr paylaşılır. Onlar Azərbaycan dilinin ölü dillər sıyahısına daxil olmaması üçün çalışırlar. Dil mövzusunda həssas olan üzvlərdən biri Gülyaz Əliyeva bunu belə izah edir: “Dilimiz təkcə isim, sifət, feil nəyə deyilir deyə öyrənilmir. O əfsanələrdə, nağıllarda, xalq deyimlərində, bədii əsərlərdə cilalanır, inkişaf edir, canlı varlıq kimi yaşayır və hər bir deyim, hər bir söz də özündə bir tarix yaşadır. Keçən dəfə bayatılardan, mahnılardan danışmışdım. Bu dəfə andlardan danışmaq istəyirəm.” Onun başqa bir yazısından götürdüyüm bu kiçik hissədə də dilə canıyananlığı, sevgisi duyulur: “Ana dili, məncə, insanı vətənə bağlayan ən əsas amil, milli varlığın daşıyıcısı, xalqın varlığının mənəvi pasportudur. Ana dilinə münasibət isə xalqa mübasibıtdir: dilin hörməti yoxdursa, demək, xalqa münasibət pisdir. İnsanın vətən, yurd hissi onun ana dilinə ayrılmaz şəkildə bağlıdlr. İnsanlar öz doğma dilini itirəndən sonra onlarda həqiqi vətən hissi mümkün deyil. Deməli, ana dilinin taleyi xalqın, Vətənin gələcək taleyi ilə ayrılmaz şəkildə bağlıdır. Xalqın ruhu, taleyi, keçmişi, arzu və istəkləri, düşüncəsi, əxlaqı, adət-ənənəsi, musiqisi öz əksini onun şifahi ədəbiyyatında dil vasitəsilə tapır. Bu baxımdan şifahi xalq ədəbiyyatı və ana dili xalqın bütün yaddaşı və tarixi təcrübəsini özündə əks etdirən bir xəzinədir. Xalqın birliyinin əsas amili dil birliyidir, ayrı-ayrı fərdlərinin birliyi də, xalqın mənəvi birliyi də buradan doğur”. Pərvanə Məmmədlinin “Öz ana dili uğrunda vuruşan bir ər oğlu ər” yazısından heç cür yan keçmək olmaz: Azərbaycanda Əli Təbrizlini çox az tanıyırlar. Əli Təbrizli qələmə aldığı “Dil və ədəbiyyat” əsəri ilə Güney Azərbaycanda milli dirəniş hərəkatının əsasını qoyanlardan biri olub. Kitabda yazar kəskin bir dillə Azərbaycan türkcəsinə xor baxanlara, ana dili və tariximizi təhrif edənlərə kəsərli cavab verir. Akademik Tofiq Hacıyev Əli Təbrizliyə çox böyük dəyər verib yazırdı: ”Əli Təbrizli ağzından od tökür, onun qələmindən qığılcım qalxır. Bu sözlərdən hər birinin üstündə, o, çarmıxa çəkilə bilər, kitabdakı 36 məqaləyə görə 35 dəfə edam oluna bilər. İndi düşmənləri ilə üz-üzə dayanıb cəsarətlə, qorxmaz-qorxmaz danışan Əliyə qulaq asanda öz-özümə deyirəm: “Od tökür ağzından, həzər etməzmi ki, onu yandıralar, zindana salalar, daşqalaq edələr? O, sadəcə, gileylənmir, elə beə şikayətlənmir: Düşmənin üstünə kükrəyir, düşməni ittiham edir, yatmış camaatını silkələyir, hayqırır. Əli Təbrizli böyük təhlükə altına girərək keçən əsrin 60-cı illərində Azərbaycan dilində kitab nəşr edir, Azərbaycan dilini, mədəniyətini yayırdı. O, naşir olmaqla yanaşı, həm də özünü bir şair, araşdırıcı, publisist kimi tanıtdırır. Ən önəmlisi isə o, milli hərəkatın həm görkəmli nümayəndəsi, həm də ideoloqudur. Onu Güneydə türkçülüyün banisi kimi tanıtdıran əsas əsəri “Ədəbiyyat və milliyyət”dir”. Bu da dil sevgisinə gözəl bir nümunədir. Başqa bir ana dili təəssübkeşi Sima Cəfərovanın mətnindən: “VII-VIII sinifdə ikən adını və müəllifini unutduğum bir kitab oxumuşdum. O zaman heç “kriminal” sözünü bilmirdim. Sonralar bildim ki, əsər kriminal mövzuda yazılıbmış. Əsərdə gənc bir qız Sovet kəşfiyyatına “işləyir”. Məhz bu səbəbdən də romanın müsbət qəhrəmanı kimi xarakterizə edilir. Kitabın ilk səhifəsindəcə çantasından çıxartdığı güzgüyə baxmaq bəhanəsi ilə güzgüdə arxadan təqib olunub-olunmamasını yoxlaması bu qızı mənə sevdirdi. Ala gözlü, sarışın saçlı, güləş sifətli bu gənc qəhrəmanı sevdim. Amma sonda məlum olanda ki, bu qız öz xalqına məxsus məlumatları Sovet kəşfiyyatına ötürürmüş… Yazıçı onu nə qədər məhəbbətlə təsvir etsə də, nümunəvi qəhrəman kimi təqdim etsə də, mənim sevgim daşlara çırpıldı. Onu sevdiyimə görə özümü xəyanətkar kimi hiss elədim və bu gün də nə o qızı, nə də uğursuz da olsa, ona olan sevgimə görə özümü bağışlaya bilmirəm. Ona görə də bir xəyanətdən xəbər tutan kimi bu əsər yadıma düşür. O qızın xalqına xəyanəti 64 ildir mənimlə yolculuq edır. Bu gün ədəbi dilimizlə bağli, ümumiyyətlə, dillə bağlı bəzi məsələlərə diqqət yetirdikdə yenə o xəyanət zehnimdə təzədən önə keçir. Fikirləşirəm ki, televiziya ekranlarından səslənən bayaği və öz dilimizdə olan sözlərin əvəzinə başqa dillərdən gətirib nitqimizə pərçim etməyə çalışdıqları sözlərə göz yumanlar varsa, qəzet və jurnal səhifələrində quruluşu anlaşılmayan cümlələrə əhəmiyyət verilmirsə, tərcümə ədəbiyyatı orijinal mətnin ölümünə fərman yazırsa, orta məktəb kitablarında sistemli şəkildə dil qanun-qaydaları əvəzinə şagirdlərə ləhcələşmə öyrədilirsə və bu da qəbul imtahan testlərində özünə geniş mövqe tapırsa, bütün bunların zərbəsi yüzilliklərdən formalaşıb günümüzə gəlmiş ən ulu sərvətimiz olan ədəbi dilimizi məhvə sürükləyirsə, səbəbkarların o qızdan fərqi varmı!? Mən deyərdim ki, var. O fərq var ki, o qız bir xalqın sərvətindən, məhz sərvətindən oğurlayırdı. Burada isə xəyanətkarlar o sərvəti gəmirib kökündən ayırmağa, içini çeynəyib yox etməyə səy göstərirlər. Bu sərvət ədəbi dilimizdir. “Bir xalqı məhv etmək istəyirsənsə, onun dilini əlindən al”. Çox möhtəşəm deyimdir, eləmi?! Axı kökü çox-çox qədimlərdən su içən bu dil xalqımızın ən böyük milli-mədəni sərvətidir. Bu sərvət məhv olarsa, qədimliyimiz məhv olar. Biz xalq olmarıq”. Həcər Paşayevanın “Dil peyvəndi” yazısı da təqdirəlayiqdir. Gürcülərin ana dilinə olan sevgiləri ən çox Gülyaz Əliyeva ilə Həcər Paşayevanın yazılarında əks olunur. “Gürcüstana tez-tez gedirəm. Baba yurdumdur. Ən çox xoşuma gələn bilirsinzmi, nə olurdu: onların doğma dilə münasibəti. Bütün ölkəni gəzsən, gürcü dilindən başqa, özgə dildən istifadəni görməzsən. Orta məktəblərdə rus dili keçirilmir. Ona görə də xarici vətəndaşlarla yalnız ingilis və ya türk dillərində birtəhər dil tapırlar. Yaşlılar rusca bilsə də, onlar turizm müəssisələrində, kafe və restoranlarda işləmirlər. Ölkədə turistlərin bol-bol gəldiyi şəhərlər çoxdur. Bəs onlar niyə xarici dili gözə soxmurlar bütün göstəricilərdə? Bir dəfə dəmiryol vağzalında restoranda bir tikə balıq sifariş vermək üçün süfrəçiyə bir saat moizə oxuduq, birtəhər başa saldlq ki, bizə hansı yemək lazımdır. Az qaldıq, durub akvariuma baş vurub mətləbimizi izhar edək. Menyunu da yalnız öz əlifbaları ilə nəşr edirlər. Bizdə bu nə azardır ki, öz dilimz dura-dura, indi də gedib ingilisin dilinə sabunlanırıq? İngilis bir yana, Osmanlı şivəsi bütün milləti vəba kimi, korona kimi bürüyüb. Axı hansı “dom-dom kurşunu“ dəyib bu millətə? Başqa dildə “obrazovonski” görünmək azarı bizim qanımızdadır, deyəsən. Heç kimə qadağan etmək olmaz ki, başqa dil öyrənməsin. Ancaq başqa dilləri bilmək o demək deyil ki, sənin doğma dilin hər iki valideynini itirmiş kimi, boynunu burub bir küncdə məzlum-məzlum baxsın. Şəhərə çıxanda adam bilmir, Azərbaycandadır, yoxsa hansısa xarici ölkədə. Mən inanmıram, dünyada elə bir hökümət tapıla ki, yeddi-səkkiz ildə dilin qorunması ilə bağlı dövlət səviyyəsində dörd dəfə fərman versin. Axı konstitusiyanın o hökmdə 21-ci maddəsi ola-ola əlavə fərmana, sərəncama nə hacət? Məsələnin mahiyyəti fərmanların verilməsində deyil. Bu dil azarı dəymişlər o fərmanlara əməl etmir. Yuxarılar da fərman verməklə işini bitmiş hesab edur. Daha nəzarət edən yox ki, bu fərmana əməl edən var, ya yox? Çünki dili qorumaqdan əllərinə PUL gəlmir. Başqa dildə reklamı, göstəricisi, menyusu yazılmış o müəssisələrə, görəsən, özümüz daha çox gedirik, ya əcnəbilər? Axı deyirlər, azlıq çoxluğa tabedir. Dilə gələndə niyə məsələ kəlləmayallaq dayanır, bilmirəm”. “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin aylıq hesabatında dil mövzusunda yazılan yazılar və görülən işlər haqqında məlumat verilmişdir. Bir ay ərzində ədəbi dil normalarının pozulması halları ilə müxtəlif veb saytlarda 21 məqalə dərc edilib. Təkcə bu məqalələrlə  (Şəhla Əhmədova, “Bir daha orfoepiya haqqında”, Sima Cəfərova, “Televizoru açmağa peşman olursan…”, “Varvarizmlər efirdə meydan sulayır, səhvlər ayaq açıb yeriyir…”. Pərvanə Bayramqızı, “ Yad dildən pay umub kişi dilənməz…”, “Dilini unudan kimliyini də, vətənini də unuda bilər”, “Necə danışaq?”, “Sınıq-salxaq sözlər”, “Düşmən dili”, “K.Uşinskinin dilimizi məhv edən “vəsiyyəti”, Fizzə Heydərova, “Vur yara dilim-dilim” və ya ana dilinin fəryadı”, “Dil xalqın ruhunun təzahürüdür, bəs ona etinasız münasibət nəyin göstəricisidir?”. Gülyaz Əliyeva, “Əsrlərdən gələn dilim”, “İki qanad – dil və nitq mədəniyyəti”, “Gülümsərovsayağı Limandra dil”, Gültəkin Ağalı, “Onu qorumağa borclusan, məsulsan, cavabdehsən…”. Gülnarə Rəfiq, “Tudeyli aftenun nyusları…”, Cəlal Yaquboğlu, “Keçmişimizin “nostaljisi”, yoxsa laqeydlik?”, Pərvanə Onurlu, “Bu, sistemlilik və geniş müzakirə tələb edən mövzudur”. Vasif Sadıqlı, ““Fəvvarələr”dən fəvvarələrə Rəsulzadə küçəsi və ya işğal olunmuş şəhər”, “Bu yalnız səriştəsizlik deyil, həm də məsuliyyətsizlikdir”, “Bilirsiniz, gənə kakoy malenkiy parazit?!” və s.) Azərbaycan dilini sevən, qoruyan böyük bir nəsil yetişdirmək olar. Bu yazılarda hər şey var... hər şey. Dilin həm hüquqi statusu göstərilir, həm də millət üçün əhəmiyyəti təbliğ olunur. Adları çəkilən və çəkilməyən həmin məqalələr “İlk xəbər”, “Moderator”, “Avropa.info”, “Təzadlar”, “Aqreqator” saytlarında dərc edilib. “Uşinskinin dilimizi məhv edən vəsiyyəti” adlı yazımda məşhur aforizmin bizə yanlış təbliğini vurğulamışam. “Dillə bağlı bizə qədər də çox deyilib, çox yazılıb, biz də çox dedik, çox yazdıq. Oxumuşuq ki, rus mütəfəkkiri K.Uşinski deyib bir milləti məhv etmək istəyirsənsə, birinci onun dilini əlindən al. Rəhmətliyin başqa mənada söylədiyi bu fikirdən siyasətçilər öz istədikləri kimi faydalandılar. Hegemon dövlətlər ata nəsihəti bilib də həmin aforizmi bizə tətbiq etdilər. Uzun müddət rəsmi dairələrdə ərəb, fars, rus dilləri işlənməsinin dilimizə vurduğu yaradır ki, bu gün də üç kəlməmizdən biri öz sözümüz deyil. O “nəsihətin” nəticəsidir ki, şəhərdə gözə dəyən bir çox lövhələrin üzərində ana dilində bir kəlmə də görmürük. Gördüklərimiz isə qrammatik baxımdan bərbaddır. Bu da dil qanunlarına bələd olmadığımızın göstəricisidir”. Ana dili mövzusunda tanımadığımız müəllif Kərim Kərimli imzalı dil təəssübkeşinin də “Niyə məni azərbaycanca danışmağam  məcbur edirsiniz” yazısı sayta yerləşdirilmişdir. Yazı real faktlara söykəndiyindən günümüzün mənzərəsini olduğu kimi əks etdirir. Fizzə Heydərovanın “Dil xalqın ruhunun təzahürüdür, bəs ona etinasız münasibət nəyin göstəricisidir?” adlı faktiki materiallar əsasında yazdığı yazının da ictimai yükü ağırdır. Bir neçə dilin sözlərindən istifadə etməklə Gülnarə Rəfiq “Tudeyli aftenun nyusları” adlı maraqlı məqalə təqdim edir.  Qarışıq dillərin sözlərindən istifadə edərək nitiqi eybəcər hala salmağı ustalıqla göstərir. “Bir daha orfoepiya haqqında” mövzusunda da Bakı Slavyan Universitetinin dosenti Şəhla Əhmədova yazır: “Ölkədə baş verən təbəddülat orfoqrafiya və orfoepiya məsələlərini kölgədə qoya bilmədi. Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi ictimai birliyi təsis edildi və hiss olunur ki, bu qurum böyük-böyük işlər görmək niyyətindədir. Orta məktəblər üçün bir sıra Azərbaycan dili dərsliklərinin müəllifi Rafiq İsmayılov yenidən ictimaiyyətin diqqətini “çürüməkdə və ölməkdə” olan orfoepiyamızın problemlərinə cəlb etdi. Qeyd edim ki, orfoepiya təcrübi sahədir, hər hansı qənaətə gəlmək üçün eksperiment aparmaq mütləqdir. Eksperiment aparılmamış deyilən fikir etibar doğurmur. Nə qədər ki gecikməmişik, yaşlı və orta nəslin nitqini araşdırmaq, ona uyğun qərara gəlmək lazımdır. Gənc dil daşıyıcılarının dilə, xüsusən də orfoepiyaya münasibətini mən Qarabağı itirmiş nəslin Qarabağa münasibəti ilə müqayisə edərdim. Bir dəfə auditoriyada Şuşa haqqında danışanda uşaqlardan biri soruşdu: ” Müəllimə, Şuşadansınız?” “Yox, – dedim, – Şuşaya 2-3 dəfə gəzməyə getmişəm. Şuşanı sevmək üçün mütləq deyil şuşalı olasan”. Bu gün təhrif olunmuş orfoepiyaya alışmış bir nəsil yetişməkdədir və hətta müəllim kimi fəaliyyət göstərməkdədir. Biz gənc nəslə nəyi – hansı tələffüzü itirdiyimizi çatdırmalıyıq. Mən inanmıram ki, 11-ci sinfin Azərbaycan dili dərsliyində [lö:hüyə] tələffüzünə rast gələn gənc müəllimin münasibəti və bizim hiddətimiz eyni dərəcədə ola. Odur ki, israrla orta və yaşlı nəslin nitqini öyrənməyə çağırıram. Məsələn, diktor Gülşən Əkbərovanın görkəmli teatr xadimi Mehdi Məmmədov haqqında apardığı verilişdə teatr sözünün təlləffüzünə fikir verin, müqayisə edin və qərara gəlin. Yeri gəlmişkən, DİM vəsaitinin əvvəlki nəşrlərində həmin söz vəsaitin əvvəlində (səh. 12) və axırında ( səh. 566) müxtəlif tələffüzdə [tiyatr], [tiyatır] kimi verilmişdi. Rəsmi qurumun çətinliklə bir fikrə gəldiyi məsələni orta məktəbə gətirmək nə dərəcədə doğrudur. Hərçənd bu yanlışı sonrakı nəşrlərdə düzəldiblər, amma bu, məsələnin mübahisəli olduğunu ört-basdır edə bilmir”. Bunlar FADMM-ın fəaliyyətə yenicə başladığı vaxtda gördüyü işlərin bir qismidir. Ana dili mövzusunda yazılan hər bir mətndə olduqca vacib məqamlara toxunulur, dili məhvə doğru aparan problemlərə aid faktlar göstərilir. Demək istədiklərimin hamısı əks olunan hissələrin yalnız bir qismini seçib yazdım. Müəlliflərə, yazılara fərq qoymadan hamısını paylaşmaq istərdim, amma yazının həcmi böyüyəcəkdi. Ümid edirəm ki, bu yazıların hər birini toplayıb kitab halına salmaq istəyimiz reallaşacaq. Millətimiz üçün müqəddəs kitab olacağına da inanıram. Həmin mətnlərin hər biri millətə, onun dilinə vətəndaş qayğısıdır. Əziz insanlar, oxuyun bu yazıları. Ana dilimizin sevgiyə, qayğıya ehtiyacı var. Övladlarınızı bu yazıların ötürdüyü ab-hava ilə böyüdün.  Hansı dildə danışsanız onlar həmin dili ana dili kimi qəbul edib sevəcəklər. Siz də öz ananızın dilində danışın, sevin bu dili!