Müğənnilər neçə aydır iş və qazanc yerlərini itiriblər. Hərdən “eyvana çıxdım” deyib ordan köhnə mahnılarını ifa etməklə pul qazanmaq olmur-uzaq başı eyvandan baxıb görəcəklər ki, “yar gəlir”. Vəssalam. Yar da nə pul gətirəsidir, nə də toylar barədə xoş xəbər. Bu məsələdə söz sahibi olan Operativ Qərargahın məlumatlarından da belə görünür ki, toy hələ gündəlikdə deyil və yaxın vaxtlarda da olmayacaq. Bir yandan da müğənnilərin evdə qalıb unudulmaq qorxusu var. Belə qeyri-müəyyən vəziyyətdə insanın depressiyaya düşməsi çox təbiidir. Fikir verin, yalnız depressiyada olan insanın topdağıtmaz villada oturduğu, yaxud "Range-Rover" avtomobilinin sükanı arxasında olduğu halda pulsuzluqdan və kreditləri ödəyə bilmədiyindən şikayətlənməsi mümkündür. Yalnız bu halda hər hansı insan əvvəlcə soyuducusunun boş oduğunu, üsdündən cəmi iki gün keçəndən sonra “mənin soyuducum doludur, on il də belə yaşaya bilərəm, siz öz dərdinizi çəkin” deyə bilər.
İmkan verin depressiyadan çıxsınlar. Yoxsa... o gün biri intihar edəcəyini deyirdi...
Qəribə də olsa, bu yerdə Amerikalı müğənni, dünyanın pop ulduzlarından olan Madonnanı xatırladacağam, siz də deyəcəksiz ki, bizim toy müğənnilərimiz hara, Madonna hara. Amma nə etmək olar, hazırkı ruh halları bir-birinə yaxındır. Əvvəlki kimi konsert verib milyonlar qazanmaq imkanından məhrum olan Madonna hazırda konoravirus dönəminin videogündəliyini tutmaqla məşğuldur və fikirlərini də sosial şəbəkələrdə paylaşır. Gündəliyin növbəti səhifəsində COVİD-19-u “Böyük tarazlayıcı” adlandıran müğənni insanlar arasında daha heç bir fərq qalmadığını təəssüf hissi ilə qeyd edib: “Dəhşətdir, koronavirus bizi çoxları ilə eyni səviyyəyə gətirdi”. Amma dərhal da bu fikri improvizasiya edərək hazırkı durumdan məmnun olduğunu bildirib: ”Nə gözəldir ki, koronavirus bizi çoxları ilə eyni səviyyəyə gətirdi”. Üstündən çox qısa müddət keçəndən sonra Madonna bu sözlərini sosial şəbəkələrdən silib. Çünki 61 yaşlı müğənni illər boyu alışdığı dəbdəbəli həyatından da uzaqlaşa bilməyərək fikirlərini içərisinə qızılgül ləçəkləri səpilən vannada yazıb paylaşıb. Bunu isə ancaq əsəbləri yerində olmayan bir adamın edə biləcəyini nəzərə almayanlar videogündəliyin altındakı şərhlərdə onu topa tutublar: “Hardan eyni səviyyədə, bərabər olduq, sən çiçəkli, kəpənəkli, köpüklü vannada oturduğun vaxt biz əvvəlki kimi işə getməyə məcburuq. Biz əvvəlki kimi ərzaq növbəsində dururuq. Dərman axtarırıq”.
Belə görünür ki, dünyanın hər yerində müğənnilər indiki reallığı qəbul etməkdə çətinlik çəkirlər. Elə biz də onların psixoloji durumunu başa düşməkdə...
Qəribədir, onları səhnədə olarkən alqışlayırıq, toyda ifalarına görə böyük pullar xərcləyirik, onlarla şəkil çəkdirmək üçün növbəyə dururuq, amma ilk fürsətdəcə “toy müğənnisidir” deyib aşağılamağa çalışırıq. Onların haqqında bəzən xoş söz deməyimizə baxmayın, biz onları rahatlıqla təhqir edə, haqlarında min cür sözlər deyə bilirik. Yeri gələndə, yaxalarından yapışıb hər şey üçün onları günahlandırırıq. Nədən belədir? Bəlkə ona görə ki, biz ümumiyyətlə varlıları sevmirik. Toy müğənniləri isə varlı saydıqlarımız adamlar sırasındadırlar. Bizi isə niyə kasıb olmağımızdan çox onların niyə varlı olmaları qəzəbləndirir. Onların göz yaşları da qəzəbimizi söndürməyə kifayət etmir. Bizə elə gəlir ki, varlılar ancaq seriallarda ağlaya bilərlər. Bu münasibət yəqin həm də onunla bağlıdır ki, hamının təxminən bərabər imkanları olan sovet dönəmindən keçib gəlmişik. Ona görə də kiminsə (indiki halda toy müğənnilərinin) bizdən qat-qat çox pul qazanmasını, bizim kirayədə yaşadığımız evin qonşuluğunda villa tikməsini, hər il bir avtomobil dəyişməsini qəbul edə bilmirik. Həmin adam istedadı, ağlı, savadı ilə bizdən üstün olsaydı, yenə dərd yarı idi. Avropa bu mərhələni artıq keçib. Orada varlı adam öz sərvətini nümayiş etməyə utana bilir. Pullarını elə şeylərə xərcləyir ki, gözə girməsin. Üstəlik də, təhsilə, idmana, səhiyyəyə kifayət qədər pul qoyur. Baxın, dünyanın ən varlı adamlarından biri olan Bill Qeyts ağlının və savadının hesabına qazandığı pulların bir hissəsini hazırda koronavirusla mübarizəyə sərf edir. Onun bu məqsədlə yaratdığı fonda dünyanın ən varlı müğənnilərindən olan Rihanna 5 milyon dollar pul köçürüb. Bu siyahıda Madonna da var- Bill Geytsin fonduna 1 milyon dollar bağışlayıb.
Bizimkilər isə tam əksini edirlər. Evlərini, bağlarını, avtomobillərini, qardiroblarını nümayiş etdirməkdən ləzzət alırlar. Heç çəkinmədən “niyə mən əziyyətlə qazandığım pulu kimin üçünsə xərcləməliyəm” deyirlər. Hətta dövlətə vergi ödəməkdən belə min cür bəhanələrlə boyun qaçırmağa çalışırlar. Bu isə Avropada ən azı ayıb sayılır...